Tanınmışlar feysbukda nə işlə məşğuldur?
Bizi izləyin

Bilgi.az

Tanınmışlar feysbukda nə işlə məşğuldur?

Sadə vətəndaşlardan fərqli olaraq, cəmiyyətdə müəyyən statusa malik olan insanların hər addımı vizual həyatda olduğu kimi, virtual həyatda da maraqla izlənilir. Publika.az saytı olaraq ədəbiyyat adamlarının, şou-biznes və mədəniyyət sahəsində çalışan insanların feysbukdakı fəaliyyətini, onların virtual həyatda öz dostları ilə nələri bölüşdüyünü, hansı fikirləri paylaşdıqlarını öyrənməyə çalışdıq.

Məqsədimiz bu insanların sosial şəbəkədəki vətəndaş mövqelərini öyrənməkdir.

Mövzuya keçməzdən əvvəl kiçik arayış verək ki, qonşu Türkiyə, Rusiya, eləcə də Qərb ölkələrində məşhurlar- müğənnilər, aktyorlar sosial şəbəkələrdə yalnız öz reklamları ilə məşğul olmur, cəmiyyətdə baş verən hadisələrə öz mövqelərini bildirirlər. Bununla yanaşı, paylaşdıqları statuslar onların dünyagörüşünü, intellektini nümayiş etdirir. Ancaq feysbuk üzərindən araşdırmalar apararkən dostluğumuzda olan və olmayan məşhurlar arasında barmaqla sayılacaq qədər şəxsdə bu keyfiyyətlərə rast gəldik.

Gəlin onların sosial şəbəkələrdə yazdıqları statuslardan seçmələrə diqqət yetirək.

İlk baş çəkdiyimiz profil hər zaman mistika axtarışında olan yazıçı Həmid Herisçinin virtual dünyası oldu. Öz profilində Hikmət Hacızadənin şəklini paylaşan yazıçı onu molla cildində təsvir etməyi da unutmayıb:

“Nihilizmin müasir fitva verən mollalarından biri Hikmət Hacızadə, əslində uzun müddət demokrat adı altında gizlənsə də, indi maskasını kənara atır. Əsl sifətində-nihilist mollası kimi ortaya atılır...

Bəli, bu gün demokratik düşərgədə differensasiya baş verir, buğda kəpəkdən ayrılır. Vaxtiylə özünə demokrat deyənlərin nihilist olduğu üzə çıxır...”

Həmid bəydən fərqli olaraq, şair Rüstəm Behrudi yay aylarında sosial şəbəkələrdə o qədər də aktivlik göstərmir. Hər halda profilində müxtəlif saytlarda gedən yazıları paylaşması bunu deməyə əsas verir. Bu boşluğu doldurmağa çalışan şairin dostları isə onun profilində müxtəlif şeirlər paylaşırlar.

15.001 izləyicisi və minlərlə dostu olan xalq artisti Faiq Ağayev isə deyəsən feysbuk profilinə öz şəxsi albomu kimi baxır. Belə ki, cənab Ağayev bütün işlərini bir kənara atıb feysbukda öz şəxsi şəkillərini və maqazin verlişlərinə verdiyi müsahibələrin videogörüntülərini paylaşmaqla işini bitmiş hesab edir. Onun son statusu isə öz dili ilə desək ünvansız tərbiyəsizlərə həsr olunub:

Tərbiyəsiz adamlarla onların dilində deyil, öz dilimdə danışıram. Tərbiyəsizləri cəmiyyətdən uzaqlaşdıra bilməsəm də, özümdən uzaqlaşdırıram".

Faiq Ağayevdən fərqli olaraq “Facebook” da ara-sıra öz şəkillərini paylaşan gənc yazar- şairə Aysel Əlizadə isə ictimai-siyası və duyğusal statuslar paylaşmağı da unutmur. Bu da görünür, xanım Əlizadənin yazıçı ruhundan irəli gəlir. Onun son statusu belədir: “Elə ürəklər var ki, adam bilmir onların sahibinə necə çox sağ ol desin. Mən insan sevgisi görəndə dəhşət kövrəlirəm”.

18.000 izləyicisi ilə həmkarı Fayiq Ağayevi qat-qat geridə qoyan xanım müğənni Brilliant Dadaşova da deyəsən, bütün iş gücünü bir kənara atıb “facebook” da şəkillər paylaşmaqla məşğuldur. Hazırda Maldiv adalarında klip çəkilişində olan B. Dadaşova son şəkillərini də oradan paylaşır.

Tanınmış müğənni, bəstəkar Yaqub Zurufçu da deyəsən, öz divar yazılarının yerini şəkilləri ilə doldurmağa önəm verir. Bu arada onun Milli Mətbuat günündə jurnalistlərə ünvanlandığı təbrik də diqqətimizi cəlb etdi: “Səmimi, dürüst, işini sevən və bilən jurnalistləri təbrik edirəm. Arzu edirəm ki, sizin yazdıqlarınızla Azərbaycanımız günü-gündən demokratikləşsin”...

Qızmar yay günlərində dağlara çəkilən aktyor, rejissor Nicat Kazımov isə öz profilində daha çox istirahət şəkillərini paylaşmaqla məşğuldur.

Hər zaman açıq-saçıq geyimləri ilə qalmaqallar yaradan müğənni Afaq Aslan yenə də öz sevimli əyləncəsinə sadiqliyini nümayiş etdirir. Belə ki, xanım müğənninin profilini yenə də açıq-saçıq şəkillər bəzəyir. Görünür poza verib şəkil çəkdirmək xanım müğənninin əsas hobbisidir...

Hikmət Kərimoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm