Ahmet Kaya solçuydu, yoxsa kürd millətçisi?- Həyat yoldaşı cavablandırır
Bizi izləyin

Yazarlar

Ahmet Kaya solçuydu, yoxsa kürd millətçisi?- Həyat yoldaşı cavablandırır

1937.az əməkdaşımız Leyla Əliyevanın Türkiyənin əfsanəvi müğənnisi Ahmet Kayanın həyat yoldaşı Gülten Kayadan aldığı müsahibəni təqdim edir:

– Bu il Ahmet Kayanın mahnılarından ibarət “...Bir eksiğiz” albomunu çıxardınız. Alboma göstərilən diqqət sizi qane etdimi? Xalq bu gün də Ahmet Kaya sənətinə maraq göstərirmi?

– Çıxardığımız albom son dərəcə cəsarətli və maraqlı bir layihə oldu. Bu layihə sayəsində Ahmet Kaya şərqilərindəki zənginliyi və yeni xırdalıqları kəşf etdik. Tamamilə fərqli janrlarda ifa edən sənətçilərin də qatıldığı layihəylə son dərəcə gözlənilməz və maraqlı bir iş reallaşdırdıq. Türkiyənin bir qədər qarışıq və ağır günlərində işıq üzü görsə də, bu alboma göstərilən maraq olduqca qənaətbəxş oldu. Yeni və daha bir gənc nəsli bu mahnılarla tanış etdik.

Ahmet Kayanı sevənlər onun bizə əmanət etdiyi mahnıları heç vaxt tək və sahibsiz qoymadılar. Onların əllərini həmişə çiynimizdə hiss etdik və gücləndik. Bu, həqiqətən qürur duyduğum və hörmət etdiyim bir vəfa, sevgidir. Elə bizi yaşadan da budur.

– Ertoğrul Özkökün göndərdiyi gül dəstəsini qaytarmışdınız. Bir vaxtlar ona qarşı kampaniya aparan türk mətbuatı ilə indiki münasibətləriniz necədir?

– Mən Türkiyə mediasının çox önəmli bir hissəsinin gücünü və imkanlarını yanlış istiqamətə yönəltdiyini düşünürəm. Həm də bu yanlış istiqamət, yanlış yönəlmə ölkənin zaman, enerji itirməsinə səbəb olur, imicinə böyük zərbə vurur.

Onlar insan haqları və demokratiya qavramlarına, sivil dünyanın demokratiya normalarına hörmətsiz yanaşıb, özlərini bir növ “qərar verən” və “idarə edən” yerinə qoyub illərlə cəmiyyəti zəhərlədilər, insanlar arasında nifrət toxumları səpdilər. İrqçiliyi qabardaraq insanları bir-birinə düşmən etdilər. Bu torpaqlarda yaşayan xalqları və onların mədəniyyətini heçə sayıb diskriminasiyaya yol verdilər. Digər tərəfdən, mən “Türk mətbuatı” sözünə qarşıyam, bunun əvəzinə “Türkiyə mətbuatı” deməyə üstünlük verirəm.

Ahmet Kayaya qarşı aparılan qara piar kampaniyasının üstündən 15 il keçib və mətbuatda başqalarına da qarşı bu cür iyrənc üsullara əl atanlar hələ də var. Nə qədər ki, cəmiyyəti, insanları bir-birinə qarşı qoyur, mətbuatla mənim münasibətlərim heç vaxt yaxşı ola bilməz. Mən bu məsələyə yalnız Ahmet Kaya prizmasından yanaşmıram. Kürdlərə, etnik azlıqlara, ələvilərə, qadınlara, uşaqlara, fiziki qüsurlu şəxslərə, fərqli cinsi oriyentasiyadan olan insanlara və digərlərinə qarşı istifadə olunan bu kobud münasibət dəyişmədikcə, bir vətəndaş və insan olaraq hər birimiz bu mətbuatı tənqid etməliyik.

– Çətin günlərində ona dəstək olan həmkarları var idimi? Kimlərin adını çəkə bilərsiniz?

– Təəssüf ki, yox idi. Həmişə demişəm və deyəcəm də: dostları onu tək qoymasaydı, bu, ona mənəvi güc və dəstək olardı. Sürgündə olduğu günlərdə Türkiyədən, sadəcə, dəyərli ozanımız Aşıq Mahsuni Şərif onu ziyarət etmişdi. O vaxtlar Avropada yaşayan Şivan Pərvərlə də görüşürdülər.

Əlbəttə, xalqıyla, sevənləriylə tez-tez olmasa da, görüşür, konsertlər verirdi, amma ən çox dostları tərəfindən yad edilməmək, tək qalmaq ona çox pis təsir edirdi.

– Ahmet Kayanın siyasi baxışları Türkiyədə olduğu kimi, Azərbaycanda da həmişə müzakirə mövzusu olub. Onun qadını olaraq bu suala sizin cavab verməyinizi istərdik: Ahmet Kaya solçuydu, yoxsa kürd millətçisi?

Ahmet Kaya sosialist, müxalif insan idi, istənilən milliyyətçiliyin də əleyhinə idi. Onun illərdir davam edən kürd münaqişəsinə qarşı çıxmağını “millətçilik” adlandırmaq haqsızlıq olar. Sözügedən müharibənin səbəblərinə bu dövrün və modern dünyanın prizmasından baxanda da, xüsusən müxalif sənətçinin hansı mövqedə dayanmalı olduğu aydın görünür. Ahmet Kayanın kürd olub-olmamağı da önəmli deyil. Heçə sayılan dilinə və mədəniyyətinə sahib çıxmaq ayrı şeydir, millətçilik tamam ayrı şey. İnanın ki, bu, kürd yox, başqa xalq da olsaydı, Ahmet Kayanın mövqeyi dəyişməzdi. Sürgün illərində, 1999-cu ildə Parisdə keçirdiyi mətbuat konfransında Ahmet Kaya belə demişdi: “Nə qədər ki, sağam, ürəyim və beynim dünyanın hər yerində əzab çəkən xalqların yanında olacaq”.

– Ahmet Kayanın “Popstar Türkiyə”dən yaxşı tanıdığımız bacısı qızı Simge Bağdatlı onun mahnılarına yeni bir nəfəs vermişdi. İndi ekranlardan uzaq qalmağının səbəbi nədir?

Ahmetin ən böyük arzularından biri də öz mahnılarını qadın sənətçinin ifasında və yeni tərzdə eşitmək idi. Mən də onun bu istəyini reallaşdırdım. "SİMGE BAĞDATLI–AHMET KAYA ŞARKILARI” adlı layihəmizdə Simgenin vokal imkanları sayəsində çox gözəl bir iş alındı. Simgə xanım indi Almaniyada yaşayır və işlərini, layihələrini orada davam etdirir.

– Qızınız Melis Kaya indi harada yaşayır, hansı işləri görür? Atasının xatirəsini yaşatmaq üçün nələr edir?

– Melis universiteti İstanbulda bitirib. Parisdə magistr təhsili alıb. İndi də elə Fransanın paytaxtında yaşayır. Öz işləriylə yanaşı, atası üçün qurduğumuz musiqi şirkətindəki işlərdə də bizə kömək edir.

– Ahmet Kaya üçün darıxanda ən çox hansı mahnısına qulaq asırsınız?

– Ancaq bir mahnının adını çəkmək çətindir. O dəhşətli hissə qapılanda saatlarla Ahmet Kayaya qulaq asıram. Bütün mahnılarında özü var, keçmişimiz var, sevgimiz, əməyimiz, xatirələrimiz, həyatımız, mübarizəmiz var.

– Ahmet Kayanın məzarının Türkiyəyə gətirilməsinə etiraz etmişdiniz. “Ahmet Kaya hələlik sürgündə qalacaq” demişdiniz. Fikriniz dəyişməyib ki?

– Fikrimdə heç bir dəyişiklik olmayıb. Tarix 1999-cu ildə bu ölkədə aparılan çirkin piar kampaniyalarını, ədalətsiz hökmləri, körüklənən irqçilik və səpilən nifrət toxumlarını, hədəfə çevrilən bir sənətçini və ona qarşı edilən hər şeyi yaxşı xatırlayır. Öz ana dilində mahnı oxuduğu üçün sürgünlə və ölümlə nəticələnən bir həyat, insan taleyi var. Bunu necə dəyişdirmək olar? 50 il sonra insanlar Türkiyənin yaxın və real tarixini məhz bu hadisələrdən öyrənəcəklər.

Ahmet Kaya dünyəviliyi müdafiə edən bir sənətçi idi və “notların milliyyəti, dövləti yoxdur” deyirdi. Yəni ona qarşı edilən haqsızlıqların bir də heç kimə qarşı edilməməsi və bu hadisələrdən düzgün nəticə çıxarılması üçün Ahmet Kaya olduğu yerdə –sürgündə qalacaq. Bizim üçün nə qədər çətin olsa da, istəyirəm ki, ən azından tarixin bu səhifəsi açıq qalsın və mühakimə olunsun. Bir daha əsla heç kimin özü olduğu üçün təzyiq görməməsini istəyirəm.

– Həyat yoldaşınızdan sonra 2009-cu ildə qardaşınız Yusuf Hayaloğlunu da itirdiniz. Hayaloğlunun şeirləri, Ahmet Kayanın mahnıları olmadan yaşamaq nə qədər çətindir?

– Bu iki gözəl insan mənim həyatımın şeiri idilər. Yəni onlardan sonra mənim şeirim bitdi, mahnılarım susdu. Qolum-qanadım qırıq olsa da, yaşamağa çalışıram. Bilirəm, onlardan sonra həyatımda yaranan bu böyük boşluq ölənə qədər davam edəcək.

Təəssüf ki, bununla – bu boşluqla yaşamağa alışmırsan, sadəcə, yaşayırsan. Mən anayam və övladım üçün ayaq üstə olmalıyam.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm