“Vaqif Səmədoğlu canıyla əlləşir, düşüblər Səməd Vurğunun üstünə”
Bizi izləyin

Yazarlar

“Vaqif Səmədoğlu canıyla əlləşir, düşüblər Səməd Vurğunun üstünə”

Politoloq Hikmət Hacızadənin Səməd Vurğunla bağlı fikirləri ədəbi cameədə ajiotaj yaratdı. Onun arqumenti əsasən budur ki, S. Vurğun ideologiyaya xidmət edib, M. Ə. Rəsulzadəni, H. Cavidi aşağılayan ifadələr işlədib və artıq Səməd Vurğun estetikası köhnəlib, onun yaradıcılığı yeni oxucuya heç nə vermir.

Doğrudanmı, Səməd Vurğun bu gün oxucuya lazım deyil?

Şair, yazıçı, filologiya elmləri doktoru Vüqar Əhməd Publika.az-a açıqlamasında bunları deyib:

“Səməd Vurğuna qarşı inkarçı mövqe tutmaq düzgün deyil. Elə bil Vaqif Səmədoğlunun xəstəliyini gözləyirdilər.Vaqif canı ilə əlləşir, qubarlatmayın onu. Sovet dövründə şeiri bu xalqa kim sevdirib? Səməd Vurğun. Qəzəli də Əliağa Vahid. Həqiqəti inkar etmək olmaz. XX əsrin əvvəllərində Sabir, Cavid, S.Mənsur kimi böyük şairlərimiz olub. Sovet dövründə ən çox sevilən, şöhrət qazanan Səməd Vurğun olmuşdur.

Fitri istedadını siyasi sifarişlərə qurban verməsi onun faciəsidir. Amma təkcə onun faciəsidirmi? Mənfur Sovet quruluşunu niyə unuduruq? Gəlin Mircəfər Bağırovun günahlarını Səmədin boynuna atmayaq. Balıq başından iylənər”.

Səməd Vurğunun M. Ə. Rəsulzadəyə mənfi münasibətinə gəlincə Vüqar Əhməd bunları bildirdi:

“Mən də narazıyam Vurğunun Rəsulzadəyə, İslam dininə qarşı münasibətindən, heyifsilənirəm. Böyük istedad sahibi Vurğunun şair taleyinə, şəxsi faciəsinə ürəyim ağrıyır.

Bu gün Vurğunun "Komsomol"unu, “Zamanın bayraqdarı”nı silək ədəbiyyat tariximizdən. Bu, mümkündürmü? Bu əsərlər mövzu baxımından aktuallığını itirsə də, poetik cəhətdən yüksək səviyyədə durur. Rəsul Rzanın "Lenin"poeması çox gözəl əsərdir. Heyif ki, şərəfsizə ithaf olunub.

Səməd Vurğunun ədəbi dilimizin inkişafında böyük rolu var. Səməd Vurğunun səhvləri olub, Məmmədəmin Rəsulzadəyə qarşı yazdıqlarını mən də bağışlamıram. Ölmüş adamın arxasınca danışmaq olmaz, o, Azərbacanın ilk xalq şairidir. Xalq arasında iki şair sevilib, biri Əliağa Vahid, o biri isə Səməd Vurğun. Xalq kimi sevirsə, onun üstündən xətt çəkmək olmaz. Səməd Vurğun Məmmədəmin Rəsulzadəyə, İslam dininə qarşı düzgün mövqe tutmayıb, ancaq bu, o demək deyil ki, o, pis şair olub. Səməd Vurğun böyük istedad sahibi olub.

Yerlipərəstlik başlayıb Azərbaycanda. Onun adını təkcə Qazaxla bağlamaq olmaz. Müasir şairlərimizin hamısı Səməd Vurğun ədəbi məktəbinin davamçısıdır. Hikmət Hacızadə gözəl siyasi şərhçidir, amma yaxşı olar ki, hərə öz sahəsi ilə məşğul olsun. Gənclərdən xahiş edirəm ki, Səməd Vurğunla işləri olmasın. Vaqif Səmədoğlunun xəstə halında onun atasını vurmaq düzgün deyil. SSRİ dağılmasaydı, guya, indiki cavanlar kommunizmə şeir yazmayacaqdılar? Gərək Səməd Vurğunu da Mikayıl Müşviq kimii güllələyəydilər? Məncə, Səməd Vurğun səviyyəsinə çatıb, sonra onun haqda nəsə demək lazımdır”.

Vüqar Əhməd onu da əlavə edib ki, başları qoltuq görməyən insanlar düşünüb sonra hökm versinlər.

Kənan Hacı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm