Putin çətin durumda: elita ölkəni tərk edir
Bizi izləyin

Dünya

Putin çətin durumda: elita ölkəni tərk edir

“Krımın Rusiyaya birləşdirilməsinə görə əhalinin ən müxtəlif təbəqələri Putini dəstəkləyir. Ancaq Rusiya elitası, belə görünür, fərqli düşüncədədir: onun bir çox nümayəndələri xaricə köç edir, üstəlik, bunu bacardıqca tez reallaşdırmağa çalışırlar”.

Sitat “Die Welt” nəşrindəki məqalədən götürülüb. “Business İnsider” portalının yazdığına görə isə, iş hətta o yerə çatıb ki, imkanlı rusiyalılar tarixçi-genealoqlara müraciət edərək ailə köklərində xarici rişələr tapmağa çalışırlar ki, xarici vətəndaşlıq almaq üçün əsaslar olsun. “Bunlar ilk növbədə o insanlardır ki, böyük pullar qazanıblar və indi onları itirməkdən qorxurlar” – deyir moskvalı genealoq Vladimir Paley.

Rus ədəbiyyatını tədris edən müğənni Tatyana Konkova isə hesab edir ki, getdikcə daha çox insan, əsasən də azlığın təmsilçiləri Putinin kursu ilə razı deyillər. “Mən əlbəttə ki, 90% rusiyalıların mövqeyini bölüşmürəm, eyni zamanda getdikcə Rusiyada özümü daha çox əcnəbi kimi hiss edirəm”, - deyə Gürcüstana emiqrasiya eləməyə hazırlaşan Konkova söyləyib.

Qeyd edək ki, rəsmi məlumata görə, son il ərzində Rusiyadan 186 min nəfərdən çox adam tərk edib. 2012-ci ildə bu rəqəm 123 min, 2011 və 2010-cu ildə isə müvafiq olaraq 37 və 34 min nəfər olub. Ekspertlər isə real rəqəmlərin qat-qat böyük olduğunu düşünürlər.

Bundan əlavə, təlaş ovqatı Rusiyanın işgüzar dairələrində də hökm sürür. Belə ki, artıq keçən həftə bəlli olub ki, Rusiya milyarderlərinin çoxu panik əhvaldadır.

“Çoxlarına aydındır ki, Putinin Ukrayna siyasəti Rusiyanın dünyada izolyasiyasına və mümkündür ki, onun iqtisadiyyatının çöküşünə gətirəcək. Bununla belə, mümkün repressiyalardan dolayı qorxu üzündən praktik olaraq heç kim Putini tənqidə risk eləmir” – söyləyir Moskvadakı Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri İqor Buni.

Əlavə edək ki, Putini Ukrayna siyasətindən narazılıq yavaş-yavaş Rusiya KİV-lərində də özünü büruzə verməkdədir. Ələlxüsus, Malayziya sərnişin təyyarəsinin vurulmasından sonra dünyanın Kremlə münasibətdə daha sərt mövqe sərgiləməsi istət-istəməz yazılı və elektron medianın ovqatında da özünü göstərməkdədir.

Bundan başqa, Ukrayna ordusunun ölkənin şərqində separatçı qüvvələrə qarşı mübarizədə bir-birinin ardınca qazandığı hərbi uğurlar Rusiya siyasi elitasına və mətbuatına başqa yandan öz neqativ, daha doğrusu, ayıldıcı təsirini göstərməkdədir.

Vəziyyətin ciddiliyini təbii ki, Rusiya müxalifəti də görür və nəticələri hesablamağa çalışır. Məsələn, müxalifət liderlərindən olan Boris Nemtsov öz facebook səhifəsində Putinin siyasətinin ölkəyə vəd elədiyi ağır sonuclar barədə yazdığı axırıncı statusda bildirir ki, xalqın Putinlə mifik anlaşmasının pozulacağı gün heç də uzaqda deyil. “O zaman qocaların pensiyalarını vaxtlı-vaxtında almamasını, ərzaq məhsullarının bahalaşmasını insanlara Obamanın “pis oğlan” olması ilə izah eləmək çətin olacaq”.

Bütövlükdə Rusiyanın praqmatik düşüncəli siyasətçiləri və ziyalıları Kremlin hazırkı avantürist rəhbərinin ölkəni siyasi bataqlığa saldığını indi daha aydın şəkildə başa düşürlər. Bataqlıqda istənilən hərəkət isə yalnız dərinə aparır. Əfsuslar olsun ki, sadə rus müjiki bu sonucu görmək iqtidarında deyil. Onun gözləri neoimperiya xülyası ilə yaşayan Putinin körüklədiyi velikorus xəstəliyi nəticəsində tutulub. Açılanda isə gec olacaq.

Musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm