“Sevil” Massivinin ətrafında yeni qalmaqal... REPORTAJ, FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Sevil” Massivinin ətrafında yeni qalmaqal... REPORTAJ, FOTOLAR

Bir müddət bundan öncə fəaliyyətinə son qoyulan tikinti şirkəti haqda sensasiyalı məlumatlar dolaşmaqdadır. Belə ki, əldə etdiyimiz məlumatlara görə, minlərlə vətəndaşın milyonlarla pulunu mənimsəməkdə suçlanan “Sevil” MMC-nin rəhbəri Aynur Zeynalov “Sevil” Massivində gizli vəhhabi məscidi inşa edirmiş. Bu qalmaqalda Hökməli bələdiyyəsinin sədrinin də adı hallanır. Məlumatlara əsasən, həmin yaşayış massivinin ərazisini Hökməli bələdiyyəsinin sədri “Sevil” MMC-yə 17000 min manata satıb.

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin adıçəkilən tikinti şirkətində apardığı ciddi yoxlamalar və “Sevil” MMC-nin rəhbəri Aynur Zeynalovun barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələnin ciddiliyindən xəbər verir. El arasında Hacı Aynur kimi tanınan tikinti şirkətinin rəhbəri vergidən yayınmaqda, dələduzluqda ittiham edilir. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan A. Zeynalovun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

KİV-də yayılan məlumatlarda bildirilir ki, dövlət orqanlarına “Sevil” MMC-nin inşa etdiyi “Sevil Massivi Yaşayış Kompleksi”-ndə vəhhabi təriqətindən olan şəxslərin toplaşması haqqında məlumatlar daxil olub. Aparılan araşdırmalar nəticəsində şirkət rəhbərinin də həmin təriqətin ardıcıllarından olduğu üzə çıxıb. Bundan əlavə, adıçəkilən ərazidə şirkət rəhbərliyi tərəfindən gizli vəhhabi məscidinin inşasına da başlanılıb. Daxil olan məlumatlardan sonra da “Sevil” MMC-də yoxlamalara start verilib. Aparılan araşdırmalar nəticəsində bir çox yeyinti hallarının olması, eyni torpaq sahəsinin bir neçə nəfərə satılması halları da ortaya çıxıb.

Məsələ ilə bağlı ötən gün adıçəkilən tikinti şirkətinin baş ofisində və yaşayış massivində olduq. Ancaq polis əməkdaşları tərəfindən tamamilə nəzarətə götürülən yaşayış massivinə daxil ola bilmədik. Belə ki, yaşayış massivinə gedən yolda keşik çəkən post-patrul xidmətinin əməkdaşları yaşayış massivində yoxlama getməsini əsas gətirərək bizi içəri buraxmadılar: “Hazırda yaşayış massivində yoxlama gedir. Ona görə də bizə tapşırıblar ki, heç kimi içəri buraxmayın”.

Tapşırığın kimlər tərəfindən verilməsinə gəlincə isə, post-patrul xidmətinin əməkdaşları Abşeron rayon polis şöbəsinin və Abşeron Rayon İcra Hakimiyyətinin adını hallandırdılar.

Ancaq yaşayış massivinin girişində diqqətçəkən əsas məqamlardan biri də həmin massivə aparan yolun sağ və sol tərəflərində üzərində “Sevil” MMC və “Sevil Massivi Yaşayış Kompleksi evlər təklif edir” reklam məzmunlu lövhənin hələ də qalması idi.

Polis əməkdaşlarının ciddi inadkarlığına baxmayaraq, üz tutduq “Sevil” MMC-nin baş ofisinə. MMC-nin giriş və çıxış qapıları bağlı idi. Qapının üzərində asılmış lövhə diqqətimizi cəlb etdi. Lövhədə: “Sevil Massivi MTK-da vergilər üzrə yoxlamalar getdiyi üçün ofisin fəaliyyəti bir müddətlik dayandırılmışdır. Ödənişlər və əlavə suallar üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Əlaqə nömrələri: 077 370 99 94, 077 350 99 94” sözləri yazılıb. Ancaq qeyd olunan nömrələrə zəng etsək də, telefonu açıb suallarımıza cavab verən olmadı.

Sevil MMC-nin qarşısında toplaşan çarəsiz insanlar...

“Sevil” MMC tikinti şirkəti fəaliyyətə başladığı zamandan etibarən çoxsaylı müştərilər cəlb etmək məqsədi ilə insanlara torpaq sahələrini faizsiz kreditə verdiyini elan edib. Faizsiz kreditə torpaq alıb ev tikəcəyini düşünən insanlar isə axın-axın adıçəkilən şirkətə üz tutublar.

Bundan əlavə, şirkət rəhbərliyi müştərilərini əmin edib ki, yaşayış massivinə kommunikasiya xətləri də şirkət tərəfindən çəkiləcək. Bu məqsədlə də ərazidə müəyyən işlər görülüb, yol və elektrik xətləri çəkilib. Hətta yaşayış massivindən torpaq alan insanların bir çoxu öz şəxsi hesablarına ev tikməyə də başlayıblar. Ancaq şirkətin qarşısına toplaşan insanlar aldıqları torpaq sahələrinin onların adına sənədləşdirilmədiyini bildirdilər:

“Bizə dedilər ki, aldığınız torpağın kreditini tam ödəyib qurtardıqdan sonra həmin torpaq sahəsini adınıza sənədləşdirəcəyik. Ancaq hər ay pul ödədikdən sonra ödədiyimiz məbləğin çekini verirdilər bizə. İndi həmin çeklərin hamısı əlimizdədir”.

Məsələ ilə bağlı suallarımızı cavablandıran Yalçın Quliyev isə daha maraqlı faktlar danışdı. Onun sözlərinə görə, “Sevil” MMC həqiqətən də eyni torpaq sahəsini ayrı-ayrı insanlara satmaqla məşğul imiş: “Mənə aparıb boş bir ərazi göstərdilər, dedilər bura sənindir. Ondan sonra da hər ay 350 manat kredit ödəməyə başladım. Ümumilikdə isə 2500 manat kredit ödəməli idim. Həmin məbləğin 1500 manatını ödəmişəm. Ancaq bunun qarşılığında həmin torpaq sahəsini adıma sənədləşdirmədilər. Şirkət rəhbərliyindən bildirmişdilər ki, göstərilən məbləği tam ödədikdən sonra həmin torpaq sahəsini sənin adına sənədləşdirəcəyik. Yəqin ki, həmin ərazini başqa adamlara da satıblar, eyni ilə onlardan da hər ay pul alıblar. İndi də heç kimi tapa bilmirik. Hər gün gəlib burda oturub çıxıb gedirik. İndi də deyirlər ki, avqustun 1-də şirkət öz işini bərpa edəcək. Mənə bir şey çatmır. əgər bu şirkət, doğurdan da, qanunsuz işlərlə məşğul olubsa, bəs onda niyə illərdir onun fəaliyyətinə göz yumurdular? Niyə televiziyalar bunların reklamı ilə məşğul idi? Camaatı aldadıb, olan-olmazını əlindən alıblar. İndi də şirkət rəhbərini tutub salıblar içəri. Bəs bizim pulumuz necə olacaq? Kim qaytaracaq bizim pulumuzu?”

Vəhhabi məscidinin tikilməsinə gəlincə isə, yaşayış massivindən torpaq alan insanlar bu haqda heç bir məlumata malik olmadıqlarını bildirdilər:

“Yaşayış massivində məktəb, xəstəxana, ərzaq mağazaları ilə yanaşı məscidin də tikintisi nəzərdə tutulmuşdu. Bizə bu haqda məlumat da vermişdilər. Ancaq həmin məscidin vəhhabi məscidi olacağı haqda heç bir məlumatımız yoxdur”,– deyə MMC-nin baş ofisi qarşısına toplaşan insanlar bildirdilər.

Şirkətin adına gəlincə isə, belə məlumatlar var ki, vəhhabi təriqətinin ardıcıllarından olan A. Zeynalov həmin şirkətə öz anasının adını verib. Belə ki, vəhhabilər arasında Hacı Aynur kimi tanınan bu şəxsin anası Sevil Zeynalova vaxtilə Azərbaycanın yeyinti sənayesi naziri olub. A. Zeynalova məxsus olan ilkin kapitalın da ona anasından miras kimi qaldığı və şirkətə də məhz anasının adını verdiyi bildirilir.

Məsələ ilə bağlı baş vermiş fırıldaqçılıqda adı hallanan Hökməli bələdiyyəsinə üz tutub onların mövqeyini öyrənməyə çalışsaq da, bu cəhdimiz baş tutmadı. İş vaxtı olduğuna baxmayaraq, bələdiyyə binasının qapıları bağlı idi. Ərazidə olan sakinlər “Sevil” MMC ətrafında yaranan qalmaqaldan sonra bələdiyyə binasının qapılarının bağlandığını bildirdilər. Həmin bağlı qapıların nə vaxt açılacağı isə heç kimə məlum deyil...

Hikmət Kərimoğlu

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm