Əli Həsənov BQXK-nə xəbərdarlıq etdi
Bizi izləyin

Nida.az

Əli Həsənov BQXK-nə xəbərdarlıq etdi

İyulun 30-da Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Deniz Duranla yenidən görüşüb. Bu barədə Publika.az-a komitənin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülmüş Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan Respublikasının vətəndaşları olan Şahbaz Quliyevin azad edilməsi və ermənilərin məlumatına görə qətlə yetirilmiş Həsən Həsənovun meyidinin qaytarılması ilə bağlı ətraflı müzakirələr aparılıb.

Baş nazirin müavini cənab Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbərinə ciddi xəbərdarlıq edərək bildirib ki, ilk növbədə Həsən Həsənovun meyidinin qaytarılması və digər girov götürülmüş şəxslərin azad edilməsi ilə bağlı fəaliyyətlərini gücləndirməlidirlər. Diqqətə çatdırılıb ki, bütün bunlar ölkə ictimaiyyəti, o cümlədən məcburi köçkünlər tərəfindən beynəlxalq təşkilatlara inamsızlığı artırır. Əgər bu gün Ermənistan tərəfi girovların və meyidin qaytarılmasında bu cür mövqe nümayiş etdirirsə onda gələcəkdə hansı qarşılıqlı etimad əsasında qonşuluq etmək istəyindən söhbət açmaq olar.

Görüşdə bildirilib ki, bütün bu məsələlər ilk gündən ölkə prezidenti İlham Əliyevin nəzarətindədir və Azərbaycan hökuməti bu problemin həlli ilə gündəlik məşğuldur.

Komitədən bildirib ki, Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan Respublikasının vətəndaşı olan Şahbaz Quliyevin azad edilməsinə köməklik göstərilməsi ilə bağlı ailə üzvlərinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə ünvanlanmış məlum müraciəti artıq iyunun 28-də xüsusi rabitə vasitəsi ilə Kreml poçtuna daxil olub.

Dövlətqaçqınkom bir daha Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun yaxınlarına müraciət edərək bildirir ki, bu məsələdə təmkinli olsunlar, yuxarıda da qeyd edildiyi kimi bu məsələ ilk gündən dövlət başçısının nəzarətindədir və bununla bağlı hərtərəfli işlər aparılır. Əlavə məlumat olacağı təqdirdə ictimaiyyətə geniş məlumat veriləcəkdir.

Görüşdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov da iştirak edib.

Görüşdən sonra Əli Həsənov Həsən Həsənovun ailə üzvlərini qəbul edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm