Bacı-qardaş qısqanclığı: Valideynlər nə etməli?
Bizi izləyin

Bilgi.az

Bacı-qardaş qısqanclığı: Valideynlər nə etməli?

Qısqanclıq hissi uşağın “hər kəsin yeganə sevimlisi olmaq” istəyindən yaranır. O, rəqibinin olmasını heç bir vəchlə qəbul etmək istəmir.

Uşaqlarda bu hisslər artıq iki yaşından etibarən özünü göstərir. Ailəyə yeni bir qardaş və ya bacı gələrsə, bu zaman valideynlərin daha böyük sevgisi uğrunda mübarizə başlayır. Bu rəqabət valideynlərin münasibətindən asılı olaraq açıq və ya gizli şəkildə gedə bilir.

Uşaqlar arasındakı qısqanclıq valideynləri çox narahat edir və onlar qısqanclıq müşahidə edən zaman uşağı ciddi cəzalandırırlar. Bəzi ailələrdə isə valideynlər əksinə, uşaqlarda rəqabət hissi yaratmaq üçün yanlış üsullardan olan müqayisə etməyə çalışırlar.

Ancaq təəssüf ki, bu yanaşmaların heç biri qısqanclıq problemini həll etmir. Uşaqlarda qısqanclıq hissinin olması həmişə mümkündür, çünki hər bir uşaq istəyir ki, onu digərlərindən daha çox sevsinlər. Amma bu istək real ola bilməz.

Qısqanclıq probleminin həlli zamanı valideynlərin qarşısında duran əsas iş uşaqlarda qısqanclıq hissinin ən az səviyyəyə endirilməsidir. Qısqanclığın dərəcəsinin artması və ya azalması təbii ki, valideynlərin onlara göstərilən münasibətindən çox asılıdır. Bunun üçün aşağıdakıları nəzərə almalıyıq:

  • Uşaqları heç vaxt müqayisə etmək lazım deyil. Yəni, uşaqlarla münasibətdə onlara “Bax, görürsən, o, səndən daha yaxşıdır”, “Sən nə üçün qardaşın (bacın) kimi deyilsən?” və s. bu kimi ifadələrdən istifadə etmək olmaz. Əgər uşaqlardan biri özündən daha qabiliyyətli, daha ağıllı olan qardaşını (bacısını) qısqanırsa, heç vaxt onun hisslərinə toxunacaq fikirlər səsləndirməyin. Məsələn, ona “Nə olsun ki, sən məktəbdə oxumağına görə seçilmirsən, əvəzində idmanda böyük uğurlar qazanmısan” ifadəsi yerinə “Mən bilirəm ki, sən də əlaçı olacaqsan. Sən buna qadirsən, sadəcə daha çox çalışmalısan” deyib onu başa düşdüyünüzü, ona güvəndiyinizi hiss etdirməlisiniz.

  • Böyük qardaş daha güclü, daha sərbəst və digər üstünlüklərə malik olduğuna görə qısqanılır.

  • Balaca ona görə qısqanılır ki, valideynlər ona görə daha çox narahat olur, onunla daha çox maraqlanırlar.

  • Bacılar qardaşları onların sərbəstliyinin çox olduğuna görə, qardaşlar bacıları isə onlara daha çox diqqət yetirildiyinə görə qısqanırlar.

Uşaqlar çox zaman öz qısqanclıqlarını gizlədə bilmirlər. Valideynlərindən tez-tez körpənin qardaşının (bacısının) yenidən xəstəxanaya qaytarılmasının mümkün olub və ya olmadığını soruşurlar. Körpəyə qarşı zorakılıq göstərirlər. Məsələn, körpənin əlini-qolunu dartırlar, vururlar, çimdikləyirlər və s.

Uşağın körpə qardaşına (bacısına) qarşı isti münasibətini yaratmaq və gücləndirmək üçün valideynlərin körpənin qayğısına qalmağı ona da həvalə etmələri məqsədəuyğundur. Bu zaman uşaq körpənin köməksiz, zəif olduğunu hiss edir və onda qorumaq instinkti yaranır. Beləliklə, uşaqda körpə üçün nə isə etmək arzusu əmələ gəlir.

Uşaqlar körpəyə qulluq zamanı valideynlərinə kömək edə bilərlər. Məsələn, onlar körpənin oyuncaqlarını, geyimlərini gətirə bilərlər, həmçinin körpəni yedizdirmə, geyindirmə və s. işlərdə də iştirak edə bilərlər.

Körpə həyatının ilk aylarında əsasən yatır və onu yedizdirmək, çimizdirmək, geyindirmək və s. kimi fiziki işlərdən başqa heç bir xüsusi diqqət tələb etmir. Bu isə valideynlərə imkan verir ki, vaxtının çox hissəsini digər uşağa sərf etsin. Özünə qarşı böyük diqqəti hiss edən uşaq sonra bu diqqəti özü körpəyə göstərir.

Əziz valideynlər övladınıza zaman ayırın. Birlikdə müxtəlif oyunlar oynayın, gəzməyə gedin, söhbət edin, onu xüsusi və əvəzedilməz sevgi ilə sevdiyinizi ona hiss etdirin. Beləliklə, siz qısqanclıq problemini həll etməklə yanaşı həm də özünə güvənən, güclü şəxsiyyət qazanmış olacaqsınız.

Uşağınızı xoşbəxt bir ailə mühiti ilə təmin edin.

Uşaqları yaxşı etməyin tək üsulu – onları xoşbəxt etməkdir! /ailem.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm