Cəbhədə nə baş verir? – Müxbirlərimizin gözü ilə - FOTOLAR, VİDEO
Bizi izləyin

Qırmızı.az

Cəbhədə nə baş verir? – Müxbirlərimizin gözü ilə - FOTOLAR, VİDEO

Avqustun 3-ü axşam saat 21.00 radələrində Tərtərin Qaracan kəndindən Marquşavan yolu ilə Qapanlıya yollandıq.

Sürücümüz, Seyid adı ilə tanınan Etibar taksiyə əyləşən kimi bu başdan Allaha dua etməyimizi istədi. Onun bu istəyinin nə məna daşıdığını az sonra başa düşəcəkdik.

Hələ taksi tərpənməzdən əvvəl yanımdan keçən iki hərbi təcili yardım maşını beynimdə cavabsız qalan suallarımı bir az da körükləməyə başladı. Nə olub görəsən?

Qaracanı keçib Tərtərin yenicə asfaltlanmış Qapanlı yoluna varid olduqda artıq üfüqdə olub-qalan işıq közərtisi də yoxa çıxmaqda idi.

Cəmi 400 metr sonra qəfil qurtaran asfalt yoldan sonra maşınımız “akrobatik hərəkətlərlə oynamağa” başladı.

Taksinin ziqzaqvari hərəkəti canımızı boğazımıza yığmışdı ki, Seyid alt işıqları yandırdı və sürəti bir az da artırdı.

Kəndə tərəf, yolun sol tərəfində yığılan qum təpəciklərinə çatan kimi Seyid maşını əvvəlki sürətlə idarə etməyə başladı.

Az sonra iki qum təpəciyi arasında maşını saxlayan sürücü qısa, amma aydın şəkildə dedi: “Hədəfdəyik!”

Nəyin hədəfində idik?

Klaviatura döyəcləməkdən qabar olmuş əllərim buz kəsməyə başladı.

- Nə hədəf?

- Erməni bizi hər an vura bilər, hədəfdəyik.

Qeyri-ixtiyari özümü yolun əks tərəfindəki boşluğa tulladım.

Təbii ki, bu, qorxu deyil, sadəcə, özünüqoruma instinkti idi. Tez toxtayaraq bu kişinin nəyə gülməsini kəsdirə bilmədim və yüyürüb taksiyə atıldım. Cəmi 4 dəqiqə sonra maşın kəndə daxil olaraq adamlarla dolu meydanda dayandı.

Qəfil tufana düşmüş gəmi kimi ləngər vururdum.

Təlqin edilən qorxunun təsirindən özümə gəlməmiş bir anda ətrafımız adamla doldu. Vüsalın kamerası üzümə zilləndiyindən məcbur olub söhbətə başladım.

Qapanlıda idik. Bura gəlib çatanadək daha nə xəbər qalmamışdı ki, eşitməyək?..

Gah deyirdilər ki, Qapanlını erməni işğal edib, gah deyirdilər, əhali kənddən qaçıb.

Hamının sinəsi dolu idi...

Ümumi mənzərə belə idi: bir həftədir ki, düşmən dayanmadan kəndi atəşə tutur. Güllələr yağış əvəzinə yerdə nə varsa, üzərinə yağır.

Təsirli məqam idi.

Mərkəzdə nə qədər köhnə və müharibədənqalma tikili vardısa, hamısı nəhəng aşsüzəni xatırladırdı. Bəlkə də, real vəziyyəti bundan daha yaxşı izah etmək olmazdı.

Mərkəzə yığılan camaat növbəti "salyut"a hazırlaşırdı.

Düzü, az sonra pis bir şeyin baş verəcəyini təxmin etsəm də, əhalinin kefinin yerində olmasına təəccüb etməyə bilmədim.

Burada müharibə gedir, bunlar deyib-gülürlər. Bəs bunun qorxusu, hissi-həyəcanı hanı?

Əhali ilə ümumi söhbətimizi yekunlaşdırıb çay içməyə oturmuşduq ki, maraqlı bir təklif eşitdik.

Erməni postundan cəmisi 50 metr məsafədə yerləşən evin sahibi Ramil bizi qonaq dəvət etdi. Təsadüfi yazmadım e, 50 metr!..

Az qala burada nəfəs alsan, orda eşidiləcək qədər yaxın, düz ağzının içində.

Amma artıq gəlmişdik. Ramilin qonaqpərvər ailəsi acından ölməkdə olan bizə - mənə və müxbirimiz Vüsala qayğanaq qonaqlığı ilə xoşgəldin etdi. Düzü, bilmirəm o yeməyi necə yedim. Amma dəqiq fərqinə varmışdım ki, haradasa tamam başqa bir dünyadayıq.

Ölümün açıq qara ağzının kənarındaca oturub gülümsəyən insanlar yaşamağa davam edirlər.

Onsuz da gördüklərimdən şokda idim. Cəmisi 50 metrlik məsafədə düşmənlə az qala iç-içə yaşamaq nə idi, Tanrım?

Yəqin ki, biz bu mahiyyəti, insanlığın mübarizəsini anlayacaq qədər dərin düşünə bilmirdik.

Ramilin balaca körpələri isə müharibənin böyüyən övladları idi. Bu fikir bütün adaptasiyamı tamamlamağa bəs etmişdi.

Kəndin mərkəzinə qayıtdıq.

Mənə demişdilər, kənd boşdur, heç kim yoxdur. Qapısını açıb daxil olduğumuz bütün evlərdə bizi ailə qarşıladı. Gün ərzində ora-bura qonaq gedib-gələnlərdən başqa kimsə yerindən tərpənməmişdi də...

Bir azdan, daha dəqiq desək, yarım saatdan sonra düşmənin atəş yağışı başlamalı idi. Hələ vaxta vardı.

Elə bu arada şəhərdən gələn daha iki taksi meydana daxil olaraq dayandı.

Mən hərbçi gözləyirdim, amma gələnlərin qadınlar və kişilərdən ibarət olduğunu gördükdə fikrim qarışdı.

Maraq güc gəldi, bunlar kim idi?

Ölkəni şəhid sayı ilə çalxalayan, aldadıb təxribat yaradan ünsürlər övladı vətən keşiyində olan bütün analara dağ çəkmişdi...

Onlar həyatlarını təhlükə qarşısında qoyaraq uşaqları ilə bir yerdə ölməyə gələn valideynlər imiş.

Təbii ki, bura xüsui rejimli yaşayış məntəqəsidir və istənilən mülki şəxsin burada hər hansı hesablanmamış hərəkətinə icazə yox idi. Bütün israrlara və yalvarışlara rəğmən, onlar taksilərə doldurularaq geri qaytarıldı...

Artıq gecə saat 12 dən keçmişdi. Həyəcandan, günün yorğunluğundan, aldığım stressdən sonra başım stola düşdü.

Nə qədər yatdığımı bilmirəm. Ani şaqqıltı ilə yerimdən dik atıldım.

Tanrım, yuxudan yarımçıq qalxıb, çaş-baş qaldığımı görən Əlisahib adlı bir sakin məni və Vüsalı dartaraq xaraba tövlənin yarıuçuq divarının altına saldı.

İlk atəş fasilə verdikdən sonra keçən beş dəqiqədə toparlandım və bu dəfə baş verəcək insidenti, necə var o cür, kameraya almağa başladıq.

Gecə saat ikiyədək hər 10 dəqiqədən bir qısa sürən atəş səsindən sonra sükut həyatı öz axarına qaytarırdı.

Artıq işimizin mühüm hissəsini görməyə nail olmuşduq. Bizimlə yanaşı Qapanlıda fəaliyyət göstərən (sonradan gələnlər idi – red.) həmkarlarımızın birgə səyi nəticəsində cəbhənin bu istiqamətində yayılan “dezo”lara son qoya bildik.

Nisbətən sakit və mülayim ab-havada keçən gecə səhərə şad xəbərlə açılırdı – bu gecə heç bir itki verməmişik. Əksinə, cəmi 50 metr o tərəfdə kimin ölüb, kimin qaldığını bilməyən düşmən müəmma içində susmağa başlamışdı.

Səhər isə kəndə gələn rəsmilər və hərbi hissə komandanlığının nümayəndələri əhali ilə görüş keçirdi. Sadəcə, həmin an meydanda olan qadın və uşaqların sayının kişilərdən iki dəfə artıq olduğunu demək kifayət edər...

Geri qayıdanda isə artıq gəldiyimiz kimi qorxu və həyəcan içində deyildik. Bir gecədəcə orda savaş aparan insanlarımızın bir hissəsinə çevrilmişdik...

Əziz Əlibəyli

Vüsal Tağızadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm