Birinci Qarabağ müharibəsinin jurnalistlərindən tövsiyyə
Bizi izləyin

Müsahibə

Birinci Qarabağ müharibəsinin jurnalistlərindən tövsiyyə

İlqar Mikayıloğlu: “Bir kişi axtarıram ki, gedib Yusifcanlıya girsin...”

Asif Bağırov: “Biri gedir, telefonla çəkir, biri gedir, eynəyi ilə nələrisə “görür”

Müsahibimiz hərbi jurnalist, uzun illər ANS-də yayımlanan “Marş” verilişinin aparıcısı, Birinci Qarabağ müharibəsindən tutmuş bir çox ölkələrdə (Çeçenistanda, Əfqanıstanda, İraqda) real döyüş səhnələrindən reportajlar hazırlayan İlqar Mikayıloğlu və Asif Bağırovdur.

- Son günlər cəbhə xəttində baş verən hadisələrdən daha çox, jurnalistlərin orda işləməsi müzakirə olunur. Bəzən deyirlər ki, gənc jurnalistlərdir, onların təcrübəsi yoxdur və s. Amma gəlin nəzərə alaq ki, 1992-93-cü illərdə siz də gəncdiniz...

Asif Bağırov: O dövrdə müharibəyə gedəndə mənim heç 20 yaşım yox idi. Amma bu gün döyüş bölgəsinə gedən jurnalistlərin əksəriyyətinin yaşı, yəqin ki, 20-dən çoxdur. Məsələ bundadır ki, biz gedəndə tək getmirdik, bizi hər hansı təcrübəli jurnalistlə birgə göndərirdilər. Səhv etmirəmsə, həmin illərdə ilk dəfə İlqar Mikayıloğlu ilə birgə getmişdim. İlqar da ilk dəfə Vahidgillə getmişdi. Yəni, bu artıq o dövrdə, 1992-93-cü illərdə bir ənənə halını almışdı, təcrübəsiz jurnalist özbaşına döyüş bölgəsinə getmirdi. Amma indi başa düşmək olmur, biri gedir, telefonla çəkir, biri gedir, eynəyi ilə nələrisə “görür”. Bu, təbii ki, biabırçılıqdır.

- Yəqin ki, erməni mətbuatını da izləyirdiz. Fərqimizi görə bildinizmi və bu fərq nədə idi?

İlqar Mikayıloğlu: Onlar bizdən daha peşəkar işlədilər, onlar dövlət maraqlarından çıxış edirdilər. Mən informasiyanı öz kanallarım vasitəsilə verirdim və analiz edərək nəticə çıxara bilirdim ki, orda nə baş verib. Ona görə də bilirdim ki, bu hadisəni belə vermək lazımdır. Amma bizimkilərin yazdıqlarına baxanda yüz faiz başa düşürdüm ki, çox az adam dövlət maraqlarından çıxış edir. Bilirsiniz, müxalifətçi olmaq qəbahət deyil, günah deyil. Sən müxalifətçisənsə, problem yoxdur, ol. Amma nəzərə almaq lazımdır ki, sən hakimiyyətə qarşı müxalifsən, dövlətə qarşı müxalifət deyilsən ki. Müxalifət liderlərindən tutmuş, sadə üzvlərədək onların yazdıqlarına baxırdım. Onlar istənilən hadisələrdən məhz dövlətçiliyə qarşı istifadə edirdilər. Məsələn, Əli Kərimli deyir ki, həqiqətənmi, 30-40 düşmən hərbçisini bizimkilər öldürüb? Adama sual verirəm, sən onu hansı ixtiyarla şübhə altına ala bilərsən? İndiki hakimiyyətə müxalifsən, bunu başa düşdük. Amma nəzərə al ki, erməni sənin üçün də düşməndir, hakimiyyət üçün də. Bu düşmən tək sənin və ya tək hakimiyyətin düşməni deyil ki. Əgər Əli Kərimli belə düşünürsə, belə deyirsə, gör onda həmin komandada təmsil olunan jurnalistlər hansı səviyyədə düşünür.

- Məlumat yayıldı ki, müdafiə naziri Zakir Həsənovun təyyarəsi Ağdam istiqamətində uçur və ya müdafiə naziri Ağdamdadır. Bu cür informasiyaları vermək nə dərəcədə doğrudur?

İlqar Mikayıloğlu: Bu cür informasiyaları vermək qətiyyən olmaz. Onlar məlumat verirlər ki, müdafiə nazirinin təyyarəsi Ağdamdadır, ermənilər də bu məlumatdan istifadə edib koordinatları təyin edə və çox rahatlıqla da onu vurub sala bilər.

- Amma gəlin nəzərə alaq ki, burada tək təcrübəsizlərin deyil, peşəkarların da səhvi var idi. Təcrübəli jurnalistin rəhbər olduğu saytda belə bir yazı getdi ki, Azərbaycanın bütün raket kompleksləri, hərbi texnikası Ermənistan hərbi bazalarına istiqamətlənib.

İlqar Mikayıloğlu: “Raket istiqamətlənib” və ya “top istiqamətlənib” yazmaq diletantlıqdan başqa bir şey deyil. Bu diletantlıqdır ki, yazasan – filan şey filan yerə istiqamətlənib. Bu “tupoyluğun” son mərhələsinin axırıncı nöqtəsidir. Raket heç vaxt heç yerə istiqamətlənmir. Lazım olanda raketin istiqamətini istənilən səmtə yönəltmək olur. Ona görə də onu heç yerə tuşlamağa ehtiyac yoxdur. Çox təəssüf ki, biz hərbi sirlərimizin üstünü kifayət qədər açdıq. Bilirsiniz, nəyə görə ermənilər öz diversiya qruplarını Əlibəyli istiqamətinə göndərdilər? Çünki onlar həmin istiqamətdə bizimkilərdən kifayət qədər informasiya ala bilməmişdilər. Amma bizim jurnalistlər Yusifcanlıda ermənilərə kifayət qədər informasiya verdilər. Belə olan halda da daha onların gəlməsinə ehtiyac qalmırdı.

- Bəzi hərbi jurnalistlər bizə irad tuturdular. Bildirirdilər ki, siz nəyə görə yazırsınız ki, onlar diversantdırlar? Amma sosial şəbəkələrdən jurnalistlərə dərs keçən həmin adamlardan biri reportajında yazır ki, səngərdəyəm, snayperçilərimizin əli tətikdədir. Daha sonra 4 əsgərimizin şəklini qoyur və yazır ki, təxribat qrupunun qarşısını bunlar alıb.

İlqar Mikayıloğlu: Erməni heç də biz saydığımız qədər qoyun, daha doğrusu, donuz deyil. Onların da düşünən başları var, onların da Əfqanıstanda, orada-burada döyüşlər görmüş peşəkar zabitləri var. Belə məlumatları verəndə düşmən də xəbər tutur və bilir ki, bu silahlara qarşı hansı tədbirləri görmək olar. Snayperçi isə xüsusi təyinatlıdır. İstənilən halda onun üzünü göstərmək olmaz. Amma bizim jurnalistlər çəkirdilər, göstərirdilər, hətta adını da deyirdilər. Cəbhə xəttindən dediyin, yazdığın hər bir söz informasiyadır.

- Amma bir şeyi də nəzərə almaq lazımdır ki, oxucu, Azərbaycan ictimaiyyəti informasiya gözləyir. Səkkiz şəhidimiz vardı və Müdafiə Nazirliyi də informasiya vermirdi.

İlqar Mikayıloğlu: Bu döyüşdür, cəbhədir, burada tamamilə başqa maraqlar var. Dünyanın çox müharibələrini görmüş xalqların, dövlətlərin informasiya yaymaq mexanizmlərinə baxdıqda görürsən ki, onlar informasiyanı tam fərqli qaydada verirlər. Amma bizimkilər yazırlar ki, Tərtər məscidi meyitlə doludur. Bu, informasiya deyil, bu, biabırçılıqdır. Uşaqsınız, gedin bir az dava-dava oynayın (Burada cəbhə bölgəsindən yazan jurnalistləri nəzərdə tutur – H.K.), azarınızı öldürün. Daha niyə yazırsınız ki, Tərtər məscidi meyitlərlə dolub?!

- Onda belə çıxır ki, müharibə eləsək, sosial şəbəkələri bağlamalıyıq?

İlqar Mikayıloğlu: Təbii ki, “Facebook” bağlanmalıdır, “Youtube” bağlanmalıdır və bundan başqa müəyyən saytların qarşısında müəyyən şərtlər qoyulmalıdır. Yoxsa başqa cür mümkün deyil. Orada həyat tamamilə başqadır, burada gördüyümüz qara bir şey oradan baxanda ağ görünür və ya əksinə. Ona görə də bu məsələdə diqqətli olmaq lazımdır. Bu, hərbdir, cəbhədir, müharibədir. Burada nə gəldi yazmaq, demək olmaz. Baş verən hadisələr bir məşq idi. Mən o məşqləri də Qarabağda, Əfqanıstanda çoxdan keçmişəm. Ona görə də mənə real müharibə lazımdır. Təbii ki, bu müharibədə İlqar Mikayıloğlu daha jurnalist olmayacaq...

- Bəlkə, belə bir təklif edək ki, müharibə görmüş jurnalistlər ayrılsın və qruplar halında müharibə görməyən jurnalistlərə xüsusi təlimatlar versinlər, dərslər keçsinlər?

İlqar Mikayıloğlu: Kim buna razılaşar, kim özünü sındırar? Bunlar özlərini əjdaha hesab edirlər...

Asif Bağırov: Biz məsəl var, siçanlar pişikdən qorunmaq üçün pişiklərin boğazına zınqırov asmaq istəyirlər. Amma bilmirlər ki, zınqırovu kim assın. Bu da onun kimi bir şey olardı.

İlqar Mikayıloğlu: Bizim müəllimlərimiz var idi, Vahid, Çingiz, Seyfulla və digərləri. Biz sözün əsl mənasında onlardan döyülə-döyülə, söyülə-söyülə öyrənirdik. İndi yeri gəlib, deyəcəm, ünvanıma qəşəng söyüşlər eşitmişəm. Amma bunların hamısı mənə imkan verdi ki, sağ qalam. Çingizin şəhid olması bizə başa saldı ki, qardaş, saxla, jurnalistlik - qəhrəmanlıq deyil. İndi mən öz cəbhəmi gözləyirəm, yenə deyirəm, jurnalist kimi yox, amma öz cəbhəmi gözləyirəm.

- Azərbaycanda məlum məsələdir ki, döyüş bölgəsinə gedəndə sizi qoruyurdular. Bəs Əfqanıstanda, Çeçenistanda vəziyyət necə idi, necə qorunurduz?

Asif Bağırov: Çeçenistanda ümumiyyətlə səngər yox idi. Biri həyətindən çıxıb avtomatla atıb, girirdi evinə. Açıq şəhər döyüşü gedirdi. Bir tank idi, bir də Ukraynadan gəlmiş muzdlu. Mən ondan müsahibə etmək istəyəndə dedi ki, bir yeşik pivə ver, sənə müsahibə verim. Yəni, demək istəyirəm ki, orda konkret səngər yox idi. Amma burada konkret postlar var, minalanmış sahələr mövcuddur.

- İyirmi ildir atəşkəs pozulur, iyirmi ildir erməni kəşfiyyatı da, bizim kəşfiyyat da işləyir. Bəs niyə bu hadisələr birdən-birə belə alovlandı?

İlqar Mikayıloğlu: Orada nə baş vermişdi, biz bilirik. Amma dövlətin maraqlarını nəzərə alaraq mən susuram.

- Bu vəziyyətdə üstünlük kimdədir?

İlqar Mikayıloğlu: Hazırkı şəraitdə üstünlük, təbii ki, bizdədir. Biz yalnız bir məqamda uduzduq, o da mətbuat məsələsində. Qalan məsələlərdə üstünlük bizim tərəfimizdədir. Bir kişi axtarıram ki, gedib Yusifcanlıya girsin, görüm necə girir! Təbii ki, jurnalistləri nəzərdə tuturam. Hərbçilər onsuz da girəcəklər.

- Baş verən hadisələrə müharibə demək olar?

İlqar Mikayıloğlu: Bunun adı aşağı intensivli hərbi əməliyyatdır. Bu dəqiqə cəbhədə baş verənləri belə adlandırmaq olar. Yuxarı intensivli hərbi əməliyyatlar isə birinci Qarabağ müharibəsində baş verənlər idi, 1991, 92 və 93-cü illər...

- Müharibə başlayarsa, öz torpaqlarımızı azad etmək üçün nə qədər zamana ehtiyacımız var?

İlqar Mikayıloğlu: Bunu dəqiq demək olmaz. Bəziləri yazırlar ki, 48 saat kifayət edər, bir həftə kifayət edər və s. Amma mənə elə gəlir ki, müharibə haqda dəqiq proqnoz vermək olmaz.

Asif Bağırov: Rusiyanın müdafiə naziri söz vermişdi ki, Çeçenistanı bir həftəyə alacağıq. Sonda nə oldu? Axırda məcbur olub tankın üstündə atəşkəs müqaviləsi imzaladılar.

İlqar Mikayıloğlu: Düzdür, deyirlər ki, çeçenlər döyüşkəndir. Amma gəlin nəzərə alaq ki, onların da içində döyüşmək istəməyənlər kifayət qədər idi. Ən azından, Bakıya qaçan çeçenləri xatırlamaq kifayətdir.

- Sizcə, cəbhədən doğru informasiyanı çatdırmaq üçün nə etmək lazımdır?

Asif Bağırov: İlk növbədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən icazə almalısan. Və əgər cəbhədə desələr ki, burdan o tərəfə keçmə, bunu etməməlisən. Bu həm informasiya və həm də dövlətçilik maraqları üçün yaxşıdır. Orada dirəniş göstərib demək lazım deyil ki, mən mütləq şəkildə döyüşü çəkməliyəm. Bəlkə, sən arxada daha maraqlı kadr tapacaqsan.

İlqar Mikayıloğlu: Biz Asiflə 1997-ci ildə yaponların sifarişi ilə Tovuz istiqamətinə getmişdik, orda bizimkilər bir yüksəkliyi götürmüşdülər. Çox gərgin bir vəziyyət idi. Orada yüksəklikdə çəkdiyimiz kadrları başa düşmədilər. Amma aşağıda Asifin bir kadrı var ki, həmin kadrı görəndə yapon dəhşətə gəldi. Yəni, aşağıda çəkdiyimiz kadr daha maraqlı oldu, nəinki yuxarıda çəkdiyimiz kadr.

- İndiki vəziyyətdə nəyə diqqət etmək lazımdır, İlqar Mikayıloğlu gənc jurnalistlərə nəyi məsləhət görərdi?

İlqar Mikayıloğlu: O dövrdə cəbhədə çəkiliş aparanda bəzən görürdüm ki, əsgərin forması kirlidir və ya çəkməsi cırılıb. Bütün bunları görürdüm, amma özümü görməzliyə vururdum. Bunları vermək olmaz. Bunu çəkib verirəmsə və milyonlarla insan bu kadrları görürsə, onda o əsgərlərin valideynlərinin nələr keçirdiyini təsəvvür etmək çətin deyil. İkinci bir tərəfdən, jurnalist getdiyi ərazi haqda mütləq şəkildə informasiyaya malik olmalıdır. Bundan əlavə, mütləq deyil ki, sən irəli gedib müharibə səhnəsini çəkəsən, müharibə səhnəsindən yazasan...

Yaxşı ki, biz jurnalist itirmədik...

- Bəs əsgərlərimizin, tanklarımızın irəliləməsi kimi informasiyaların verilməsi psixoloji baxımdan erməniləri qorxuya salmırdı ki?

İlqar Mikayıloğlu: Bu, təbii ki, belədir. Amma kadra tanklar düşürsə və bu kadrlara ermənilər baxırsa, onlar xəritənin köməyi ilə çox asan şəkildə müəyyən edə bilərlər ki, texnika hansı istiqamətdə irəliləyir. Bu da təbii ki, düşmənə verdiyimiz informasiyadır. İnformasiyanı belə vermək olardı – heç bir obyektin adını çəkmədən bir tankı müxtəlif rakurslarda çəkirsən və yazırsan ki, tanklarımız cəbhə xəttinə doğru hərəkət edir. Burda sayları göstərməyə, obyektin adını çəkməyə ehtiyac yoxdur.

Asif Bağırov: Cəbhədə siqarət çəkməyin səhhətə ziyanı barədə tək səhiyyə naziri yox, müdafiə naziri də xəbərdar edir. Yəni snayper adi siqaretin közü ilə də əsgəri vura bilər. Yoxsa bizim "jurnalistlər"in arasında gecə çəkilişlərini kameranın işığı ilə edən videooperatorlar var. (gülür)

İlqar Mikayıloğlu: Yox, lazım idi, həqiqətən, lazım idi. Mən öz iradımı bildirəndə dedilər ki, İlqar qısqanır. Başa düşmürlər ki, bunların nəyini qısqanacağam mən? Maşınlarım var, evim var, işim var. Küçədəki dilənçiyə qədər hamı məni tanıyır. Bu vəziyyətdə cəbhəyə gedib zabitlərin hər biri ilə rahat şəkildə əlaqə də yarada bilərəm. Özləri məni səngərə apararlar ki, gəlmək, çəkmək istəyirsən, buyur gəl bax, çək. Mən onlara demək istəyirəm ki, getsinlər kitab oxusunlar, belə hərbi jurnalist olmaz...

Asif Bağırov: Bundan əlavə, bu dəqiqə bəzi saytlar jurnalistlərə normal maaş verə bilmirlər. Saytlar reklam cəlb etmək üçün İP toplamağa çalışırlar. Buna görə də dezinformasiyalar verməklə oxucu toplamağa çalışırlar. Sonu da ki belə olur...

Hikmət Kərimoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm