“Atam məni ora ağlaya-ağlaya aparmışdı” – MÜSAHİBƏ/ FOTOLAR – VİDEO
Bizi izləyin

Tabloid.az

“Atam məni ora ağlaya-ağlaya aparmışdı” – MÜSAHİBƏ/ FOTOLAR – VİDEO

Həmsöhbətim gənc olmasına baxmayaraq, çox tez tanınan və populyarlıq qazanan istedadlı xanəndə Güllü Muradovadır.

“Atam məni onun yanına ağlaya-ağlaya aparmışdı”

- Yaşıdların arasında ən tez populyarlıq qazanan və sevilən xanəndəsən. Bunu şans sayırsan, yoxsa?

- Hesab edirəm ki, bu həm şansdır, həm də qismət. Taleyimə belə yazılıbmış. Gərək şans gətirsin və qismətində də olsun.

- Sənətdə az bir zamanda qazandığın uğurlar səndə arxayınlıq hissi yaratmadı ki?

- Əksinə, məsuliyyət hissimi artırdı. İndən belə də öyrənməli, üzərimdə işləməli və yeniliklərlə sənətimi inkişaf etdirməliyəm.

- Mənə çox maraqlıdır, əvvəldən xanəndə olmaq fikrindəydin?

- Düzünü deyim ki, əvvəllər muğamı dinləyirdim, amma mənə çatmırdı. Hətta atam məni ustad xanəndə Sabir Abdullayevin yanına ağlaya-ağlaya aparmışdı. İndinin özündə məndən yaşca kiçik olanlar bəzən deyirlər ki, muğam bizə çatmır. Deyirəm ki, vaxt gələcək, siz muğamda olan ilahi enerjini hiss edəcəksiniz. Çünki zamanında mən özüm də bunun fərqində deyildim. Azərbaycanda belə bir möhtəşəm muğam müsabiqəsi keçirildi və mən qalib seçildim. Bundan sonra artıq muğamın dərinliklərinə varmağa başladım.

“O xanımın səsini də, özünü də çox sevirəm”

- Estrada sənətçiləri arasında kimləri dinləyirsən?

- Ən çox sevdiyim səs sahibi Flora Kərimovadır. O xanımın səsini də, özünü də çox sevirəm. İlqar Muradovun səsini və şəxsiyyətini çox bəyənirəm. Teymur Əmrahı, Röyanı xoşlayıram və dinləyirəm.

- Məsələ burasındadır ki, estrada müğənniləri muğam ifaçılarından fərqli olaraq, daha çox tanınır və daha yaxşı qazanc əldə edirlər...

- Çünki onların reklamları çox güclüdür. Yaxşı prodüserlərlə işləyirlər. Prodüserdən çox şey asılıdır.

- Amma mən xanəndənin prodüserinin olmasına heç rast gəlməmişəm.

- Olsa, daha gözəl olardı. Mən böyük məmnuniyyətlə, prodüserlə çalışardım. Azərbaycan sənət aləmində bəyəndiyim iki-üç prodüser var ki, istərdim onlardan biri ilə çalışım.

- Kimlərdir onlar?

- Anar Mədətov, Zülfiyyə Xanbabayevanın prodüseri Nigar xanım. Prodüser elədir ki, o, sənətçinin bütün işlərini tənzimləyir, sənət adamı da oturub öz yaradıcılığı ilə məşğul olur.

“O insanın 500 manatı varsa, ondan 2 min manat tələb etmək insafsızlıq olardı”

- Toylara gedirsən?

- Gedirəm əlbəttə. Qazancım toydan çıxır.

- Razısan toy qiymətlərindən?

- Razıyam. Mən heç vaxt toy sahibi qarşısında şərt qoymuram ki, mütləq bu məbləği mənə verməlisiniz. Əgər o insanın 5 yüz manatı varsa, ondan 2 min manat tələb etmək insafsızlıq olardı. Bir məsələ də var ki, camaatda indi o qədər də pul yoxdur. Həm də muğamı bir qədər adiləşdirdilər. Yetən-yetən muğam oxumaq həvəsinə düşüb. Bizim müsabiqədən tək-tək ifaçılar çıxmışdı, sonradan muğam oxuyanların sayı artdı. Oxuyan çoxdur e, amma fərqli, yaxşı səs yoxdur. Gənclərdən mənim ən çox sevdiyim Mirələmdir. Ən xoşlamadığım adam belə oxuyanda tüklərim biz-biz olursa, mən o ifaya dəyər verirəm. Düzdür e, kiminləsə problemim yoxdur. Amma işdir də, kimisə xaraktercə bəyənməyə bilərəm, amma ifası gözəldirsə, zövq alıram.

“Heç kim mənimlə bacara bilməz”

- Estrada müğənniləri arasında dedi-qodu, qalmaqal, paxıllıqlar olur. Xanəndələr arasında necə, belə hallar müşahidə olunur?

- Hamıda olur. Paxıllıq insanın xisləti ilə bağlıdır, bunun sənətlə əlaqəsi yoxdur. Amma paxıl adam heç vaxt qabağa getmir. Başı qarışır onun-bunun paxıllığını çəkməyə, özü yadından çıxır. Mən heç vaxt heç kimin paxıllığını çəkməmişəm. Televizora baxıram, dinlədiyim səslər var da, onların ifasını eşitdikcə, ləzzət alıram. O adam paxıllıq edər ki, onun istedadı yoxdur. Mən özümə, səsimə, şəxsiyyətim arxayınam. Bilirəm ki, bu baxımdan heç kim mənimlə bacara bilməz. Heç paxıllıq çəkməyə vaxtım da yoxdur.

- Sənin paxıllığını necə, çəkənlər var?

- Niyə yoxdur ki…

- Açıq şəkildə bunu büruzə verirlər?

- Yox. Kim özünə düşmən qazanar ki…Amma hiss edirəm ki, kimin məni gözü götürmür.

“Açıq-saçıq geyimləri xoşlamamışam”

- Bir çox həmkarların var ki, xanəndə olsalar da, estrada mahnıları oxuyur. Buna münasibətin necədir?

- Normal. Mən də istərdim sevdiyim bəstəkarların mahnılarını oxuyum.

- Məsələn, hansı bəstəkarların?

- Aygün Səmədzadə, Tahir Əkbər. İstərdim bu gözəl bəstəkarların mahnılarını ifa edim. Gələcəkdə mütləq özümü muğamdan başqa pop musiqisində də göstərəcəyəm, cazda da…

- Estrada müğənnilərindən kiminlə duet oxumaq istərdin?

- Flora Kərimova, İlqar Muradovla.

- Muğam ifaçısısan, geyimlərini də oxuduğun musiqiyə uyğun seçirsən?

- Bir də görürsən hansısa bir paltarı hazırlayıram ki, bax bunu geyinib efirə çıxacağam. Amma son anda fikrimi dəyişib, başqa libas geyinirəm; sadə, ciddi. Çox bərbəzək sevmirəm, sevirəm e, qohum-əqrəba toyuna, məclisinə gedəndə… Gündəlik həyatda isə idman üslubuna üstünlük verirəm.

- Qarderobunda açıq, dekolte geyimlərin var?

- Yox, əvvəldən açıq-saçıq geyimləri xoşlamamışam.

“Soyunmur, amma hər zaman da sevilir”

- Sevdiyin oğlan var?

- Var. O, məni sənətimlə bərabər qəbul edir. Həm özümə, həm sənətimə hörmətlə yanaşır.

- Sosial şəbəkələrdə varsan?

- Yox, çalışıram virtual aləmdən uzaq olum. Ətrafımdakı olan insanlar bütün günü sosial şəbəkədədirlər. Virtual aləm insanları real həyatdan çox uzaqlaşdırır. Mən belə şeyləri xoşlamıram. Amma gələcəkdə fikrim var ki, şəxsi səhifə yaradıb, onun nəzarətini kiməsə həvalə edim. Bununla belə, adıma sosial şəbəkədə profillər yaradanlar var. Adımdan yalandan nələrsə yazırlar, paylaşırlar. Dəfələrlə deyirəm ki, ay insanlar, o, mən deyiləm.

- Bu gün gündəm xətrinə soyunub açıq-saçıq fotosessiyalar etdirən və sosial şəbəkələrdə bununla reklam olunan müğənnilər var. Elələrinə münasibətin necədir?

- Çox pis. Bədənini göstərməklə populyarlaşmaq biabırçılıqdır. Xanım hər zaman öz adını uca tutmalıdır. O qədər xanım-xatın sənətçilərimiz var ki, soyunmur, abırlı-həyalı geyimlərdə səhnəyə çıxır, amma hər zaman da sevilir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm