“Ruslar Gümrüdən heç yerə getməyəcəklər”
Bizi izləyin

Müsahibə

“Ruslar Gümrüdən heç yerə getməyəcəklər”

“Avropa dövlətləri nə Azərbaycan, nə də Ermənistan rəhbərliyinə ciddi təsir imkanlarına malikdir”

Azərbaycan hakimiyyətinin yürütdüyü hazırkı siyasi kurs Rusiya ilə Qərb arasında manevr imkanları üzərində qurulub. Müəyyən mərhələlərdə, situasiyadan asılı olaraq, rəsmi Bakı Rusiya və ya Qərb istiqamətini prioritet hesab edir. Ötən ilin yayında Kremldəkilər Azərbaycan tərəfinin maraqlı bir manevrinin şahidi oldular. Əvvəlcə ölkənin müdafiə naziri Vaşinqtona səfər etdi və orada bildirdi ki, ölkədə ABŞ-la əməkdaşlığın strateji formatı qurulmaqdadır. Yəni rəsmi Bakı Ağ Evlə əməkdaşlığın vacibliyini anlayır, buna hazırdır. Bundan sonra Rusiya istiqamətində də buna bənzər bəyanatlar verildi. Ümumi mahiyyət bu idi ki, rəsmi Bakı Moskva ilə əməkdaşlığa böyük önəm verir və bu əməkdaşlığın inkişafında maraqlıdır.

Amma rusiyalı ekspertlər də gözəl anlayırlar ki, Azərbaycan - Rusiya münasibətləri düz xətt üzrə davam etsə də, ümumi siyasətdə həddən artıq yaxınlaşma və bunun sıx tərəfdaşlığa keçidinin perspektivləri yoxdur. Ötən ilin payızında Moskva Bakıdan Avrasiya inteqrasiya proyektlərinə qoşulması, heç olmasa maraq göstərməsinin siqnallarını gözləyirdi. Amma Vilnüsdə keçirilən "Şərq Tərəfdaşlığı" sammitindən sonra Azərbaycanın Qərblə əlaqələri daha da qüvvətləndi və bu əlaqələr bütün sahələri əhatə etməyə başladı.

Azərbaycanın xarici siyasəti, dostları və düşmənləri mövsuzu ətrafında "Bizim Yol" əməkdaşı Almaniya Bundesverinin aparıcı kadrlar Akademiyası yanında Beynəlxalq təhlükəsizlik Elmi Forumunun professoru, politoloq İohannes Rau ilə həmsöhbət oldu.

İohannes Rau (Almaniyanın keçmiş prezidentinin adaşıdır) - alman professoru, Fəlsəfə elmləri doktoru, Qafqaz və Orta Asiya üzrə mütəxəssis, Almaniya Hərbi Qüvvələri aparıcı kadrlar Akademiyası yanında Beynəlxalq təhlükəsizlik Forumunun üzvüdür. 1992-96-cı illərdə Astanadakı Avrasiya Universitetinin sosiologiya və fəlsəfə kafedrasının rəhbəri, 1995-ci ildən Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Moskvada sosiologiya və fəlsəfə kafedrasının professorudur. 1997-98-ci illərdə Hamburqda Otto Beneke Fondunun elmi işçisi olub.

- Cənab Rau, Siz neçə illərdir ki, Cənubi Qafqaz və region ölkələrinin araşdırılması ilə məşğulsunuz. Yəqin müəyyən etmisiniz - Azərbaycanın düşməni kimdir, dostu kim?

- Məncə, Ermənistan istisna olmaqla, Azərbaycanın bu regionda ciddi düşmənləri yoxdur. Qalan dövlətlər ya sizin dostlarınız, ya da neytrallığını qoruyan dövlətlərdir. Problem Azərbaycanla Rusiyanın dostluğundadır. Yaxın dost olmaq alınmır, çünki Rusiya geosiyasi düşüncələrinə, maraqlarına görə hərtərəfli olaraq Azərbaycanın düşmənini - Ermənistanı dəstəkləyir. Mənə elə gəlir ki, sizə Gümrüdə yerləşən güclü rus bazasını xatırlatmağa ehtiyac yoxdur. Bu baza oradan heç yerə getməyəcək. Odur ki, bütün siyasi danışıq qaydalarını qırağa qoyub, sadə dildə desək, Rusiya həmişə Ermənistanın tərəfində olacaq ki, bu da Azərbaycan üçün böyük minusdur.

- Bəs əsasını dövlətlərin ərazi bütövlüyü təşkil edən beynəlxalq hüquq normaları? Onlarla necə edək?

- Beynəlxalq hüquq normaları baxımından Azərbaycan öz mövqeyində haqlıdır. Mövqeyiniz tək haqlı yox, həm də ədalətlidir. Amma təəssüf ki, indi çox zaman beynəlxalq hüquq normaları deyil, beynəlxalq arenada sizi dəstəkləyən dövlətlərin sayı və mövqeyi rol oynayır.

- Yəni demək istəyirsiniz ki, haqsızlığı görsə belə, demokratiyadan dəm vuran Avropa güc qarşısında susacaq?

- Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv iştirak etmək üçün Avropa bu gün çox zəifdir. Düzdür, Almaniya da daxil olmaqla, bəzi ölkələr bu problemin həlli üçün nəsə etməyə çalışırlar. Amma Avropa dövlətləri bu gün nə Azərbaycan, nə də Ermənistan rəhbərliyinə ciddi təsir imkanlarına malikdir. Bu məsələdə Rusiyanın mövqeyindən çox şey asılıdır. Rəsmi Moskva isə bu gün Qarabağ münaqişəsində mövcud status-kvonun qalmasında maraqlıdır və bu marağını dəfələrlə nümayiş etdirib. Odur ki, Rusiyanın strateji xəttində bir dəyişiklik görünmür.

- Deməli, status-kvo hamıya sərf edir. Elə ona görə də hamı rəsmi Bakıya deyir ki, münaqişənin hərbi yolla həlli heç bir nəticəyə gətirib çıxarmayacaq...

- Mən dəfələrlə Azərbaycanda olmuşam. Bilirəm ki, sizin cəmiyyət daha işğala dözmək istəmir. Ərazinizin 20 faizi işğal olunub, illərdir ki, danışıqlar gedir, amma aqressor müharibəsiz bir rayon belə qaytarmaq fikrində deyil. Mənə elə gəlir ki, bu gün hamı nəyi isə gözləyir. Hamı özünü elə aparır ki, sanki hər şey qaydasındadır və zaman keçəndən sonra münaqişə özü-özünə həll ediləcək. Yəni hamı hər şeyin zamanla yoluna qoyulacağına ümid edir. Bu isə, fikrimcə, kökündən yanlış yanaşmadır.

- Yəqin ki, Ermənistan Prezidenti Serj Sarkisyanın son müsahibəsi ilə tanışsınız. Orada işğalçı dövlətin başçısı Rusiyanın Azərbaycana silah satmasından şikayətlənir və rəsmi Moskvanı Yerevanla strateji əməkdaşlıq münasibətlərini pozmaqda ittiham edir...

- Rusiya silahlarını Azərbaycana hədiyyə verməyib. Ölkəniz o silahların alınması üçün iri pullar xərcləyib. Bu gün Rusiyanın Azərbaycana silah satışını qadağan edən heç bir beynəlxalq qanun yoxdur. O ki qaldı Ermənistana, görünür sizin qonşunuz təkcə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına deyil, eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatına da ümid edir. Bu təşkilat günü-gündən iqtisadi əməkdaşlıq təşkilatından daha çox hərbi müstəviyə keçir. Rusiya ilə Çinin Uzaq Şərqdəki son hərbi manevrləri bunu deməyə əsas verir.

- Hər gün internet məkanında erməni separatçılarının işğal altında olan Xankəndi aeroportundan uçuşlar etdiyi barədə video-çarxlar yayılır. Düzdür, separatçılar hələ ki, ancaq birmotorlu təyyarələrdə, özü də alçaqdan uçurlar, amma onlar Azərbaycanın hava məkanından icazəsiz istifadə edirlər. Necə bilirsiniz, separatçılar Xocalı aeroportundan tam istifadə edəcəkləri halda, region üçün bunun nəticələri necə olacaq?

- Ola bilər ki, ermənilər bu addıma - mənim təxribat hesab etdiyim addıma getsinlər. Nəticədə regionda gərginlik dəfələrlə artacaq.

- Belə olan halda biz onlarla hansısa sülhdən danışa bilərikmi?

- Sözün açığı, indiki situasiyada mən sülh yolunun perspektivini görmürəm. Belə görünür ki, ermənilər sülh tərəfdarı olduqlarını sübut etmək üçün bir rayonu belə vermək istəmirlər. Odur ki, gərginlik, nə qədər zaman keçməsindən asılı olmayaraq, yalnız artan xətt üzrə gedəcək.

- İran-ABŞ münasibətlərində son zamanlarda xeyli yaxınlaşma müşahidə olunur. Bunu nəzərə alsaq, amerikalı konqressmen Rorabaxerin İranın azərbaycanlılar yaşayan şimal hissəsinin ayrılması təklifi qüvvədədirmi?

- Əslində, amerikalılar İrana və Azərbaycana təzyiqlərin artması üçün qarmaq atırlar. Hələ ki, bu, təzyiqlərin artmasına cəhddən başqa bir şey deyil. Ağ Evdə real olaraq, heç kimi milyonlarla cənubi azərbaycanlının hüquqları maraqlandırmır. Onlar üçün əsas olan regionda söz sahibi olmaq üçün əlavə mexanizmlərin tapılmasıdır.

Bundan əlavə, Rorabaxerin təklifi təzə təklif deyil. Bu təkliflə hələ 1946-cı ildə İosif Stalin çıxış etmişdi. Az qalmışdı ki, bu ideya reallaşsın. Cənubi Azərbaycanın hökuməti və ordusu da formalaşmışdı, lakin şah rejimi bunu qəddarlıqla yatırdı. Odur ki, ideyanın özü Stalindən oğurluqdur.

- Yeri gəlmişkən, son zamanlar Almaniya mətbuatı Azərbaycanı tənqid etməkdə xüsusi fəallıq göstərir. Bunun səbəbini nə ilə izah edə bilərsiniz?

- Mən bunu alman mətbuatında total olaraq, Azərbaycanı və onun ətrafında baş verənləri anlamamaqla əlaqələndirirəm. Cəmiyyətdə müsəlmanlara qarşı mənfi mövqe də öz sözünü deyir. Çünki alman mətbuatı müsəlmanların çoxluq təşkil etdiyi bütün dövlətlərə şübhə ilə yanaşır. Onlar müsəlmançılığı ekstremist, siyasi və ya fundamentalist müsəlmançılıqla qarışdırırlar. Bu, səhvdir. Çünki İslam dinli insanların hamısı fundamentalist və ya radikal ola bilməz. Alman cəmiyyətindəki bu fikirlərin təsirini yalnız ağıllı təbliğat vasitəsi ilə minimuma endirmək mümkündür.

/bizimyol.info/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm