"Azərbaycanda ərzaq qıtlığı gözlənilmir"
Bizi izləyin

Qırmızı.az

"Azərbaycanda ərzaq qıtlığı gözlənilmir"

Ukrayna böhranı zəminində iqtisadi sanksiyalarla üz-üzə qalan Rusiya da öz növbəsində Qərbi boykot etmə siyasətini götürüb. Bu səbəbdən də təsadüfi deyil ki, son 10-15 gündə Rusiyada Qərb məhsulları dəfələrlə bahalaşıb.

Eyni zamanda, bol karbohidrogen yataqları olmasına baxmayaraq, sərt iqliminə görə Rusiya Qərbin meyvə-tərəvəzinə də möhtacdır. Kreml isə nikbindir. Rusiyanın kənd təsərrüfatı naziri Nikolay Feodrov bu günlərdə bəyan etdi ki, ölkənin meyvə və tərəvəzə olan ehtiyacı Azərbaycan, Özbəkistan, Ermənistan, Tacikistan, hətta Qırğızıstan, Türkiyə, İran və Serbiya hesabına ödəniləcək.

Amma nəhəng rus bazarına Azərbaycan məhsulunun idxal edilməsinin liberallaşdırılması ölkəmizə də müəyyən fəsadlar verə bilər. Bəzi analitiklər daxili bazarda qiymət artımı və məhsul qıtlığının olacağını istisna etmirlər.

"Səhm" portalının direktoru, iqtisadçı-analitik Hafiz Babanlı "Bizim Yol"un əməkdaşı ilə söhbətində bildirdi ki, bu il Azərbaycanda tərəvəz istehsalında geriləmə gözlənilməsə də, bəzi meyvələrin, xüsusilə almanın yazda havanın əlverişsiz keçməsi səbəbilə istehsalının, eləcə də ixracatının azalacağı gözlənilir.

H.Babanlı daxili bazarda da qıtlığın yaranacağını gözləmir: "Daxili bazarda qıtlığın yaranacağını düşünmürəm. Düzdür, Rusiya bizim ətirli pomidorumuzun hamısını qəbul etməyə hazırdır. Amma yerli bazarda da qiymətlər dəyişkəndir və satıcılara xarici bazarlara "boylanmağa" imkan verilmir. Başqa bir tərəfdən mövsümi amillərlə əlaqədar bəzi kənd təsərrüfatı bitkilərinin istehlakına olan tələbatın bir hissəsi son onillikdə Türkiyə, İran, Pakistan və başqa ölkələrin hesabına ödənilib və elə bir sıxıntı olacağını düşünmürəm".

Milli Məclisin deputatı Əli Məsimli də əməkdaşımızla söhbətində meyvə-tərəvəzin Rusiyaya axınının Azərbaycan bazarında qıtlığa gətirib çıxarmayacağını bildirdi: "Bu amil bazar iqtisadiyyatı yox, qapalı sovet iqtisadiyyatı üçün 100 faiz həqiqət idi. Bunun bazara müəyyən təsiri olacaq. Amma bu təsir qıtlıq yox, qiymət artımı şəklində özünü göstərə bilər. Xaricdən gələn daha ucuz meyvə-tərəvəz isə qiymətin kəllə-çarxa çıxmasına imkan verməyib, tənzimləyici rol oynayacaq. Burda əsas uduş bizim fermerlərin olacaq. Öz mallarını əvvəlki maneələrlə rastlaşmadan Rusiyaya çıxara biləcəklər. Yəni Avropa və Amerika-Rusiya qarşıdurması Azərbaycanın meyvə-tərəvəzi üçün çox böyük bir bazar açıb, bundan maksimum istifadə etmək lazımdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm