Arvadının başına 6-7 çəkic zərbəsi vurdu, ölmədi, barışdılar, amma...
Bizi izləyin

Qırmızı.az

Arvadının başına 6-7 çəkic zərbəsi vurdu, ölmədi, barışdılar, amma...

Bakı Ağır Cinayətlər Məhkəməsində İsmayıllı rayonu, Aşıqbayram kənd sakini, 1982-ci il təvəllüdlü Vüqar Ağalar oğlu Həmidovun məhkəmə istintaqı yekunlaşıb. Prosesə Azər Orucov sədrlik edib.

Təqsirləndirilən şəxs həyat yoldaşı İlahə Pənah qızı Həmidovaya çəkic zərbələri ilə xəsarət yetirib.

Hadisə ötən il noyabr ayının 17-də Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 38a, mənzil 64-də baş verib. V.Həmidov ailədaxili münaqişə zəminində arvadının başına çəkiclə 6-7 dəfə zərbə endirib, sonra polisə gedərək könüllü təslim olub.

Noyabrın 26-da V.Həmidova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb və barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

V.Həmidov barədə həbsdə saxlama müddəti bu il fevralın 24-də başa çatıb və Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Təqsirləndirilən şəxs qismində dindirilən Vüqar Həmidov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində İlahə ilə 2003-cü ildə ailə qurduğunu, birgə nikahdan iki azyaşlı uşaqlarının olduğunu və həyat yoldaşının valideynlərinə məxsus mənzildə yaşadıqlarını göstərib: “Qayınanam İzahət bizimlə birlikdə yaşayırdı. Mütəmadi olaraq gah yoldaşım, gah da qayınanam mənimlə mübahisə edirdilər. Hadisə baş verən gün fəhləlik edib evə qayıtmışdım. İçəri girəndə gördüm ki, həyat yoldaşım İlahə dəhlizdəki divara oboy vurur. Yapışqanı alıb özüm işləməyə başladım. Bu vaxt qayınanam uca səslə “oboyla işin olmasın, bacarmırsan” dedi. Mən də acıqlı formada “mən bacarmıramsa, gəl özün düzəlt” dedim.

Arvadım bunu eşidincə anası ilə niyə kobud danışdığımı soruşdu. Ona günahın anasında olduğunu dedim. İlahə isə cavabında “anamın evində qalırsan, hələ onu bəyənmirsən” deyib paltarlarımı beşinci mərtəbənin pəncərəsindən həyətə tulladı.

İlahənin qolundan yapışıb paltarları atdığı pəncərənin yanına gətirdim. Onu qorxutmaq üçün “sənin özünü indi bu pəncərədən yerə atacağam” dedim. İlahə də əsəbiləşib mənə məxsus olan sənədləri üstümə ataraq atamın goruna söydü və mənzildən birdəfəlik getməyimi tələb etdi.

Onun bu hərəkətinə dözməyib şkafın içindən çəkici götürüb yataq otağına girdim və İlahənin başına bir neçə zərbə endirdim. Həmin vaxt qaynanam İzahət bizə yaxınlaşıb məni İlahədən araladıqda çəkic zərbəsinin biri təsadüfən onun əlinə dəydi. İlahəni vuranda başından qan axdığını və huşunu itirib yerə yıxıldığını görüncə əl saxladım. Evdən çıxıb birbaşa Sumqayıt Şəhər Polis İdarəsi 3-cü polis bölməsinə getdim və hadisə barədə məlumat verdim”.

Təqsirləndirilən şəxs arvadını öldürmək niyyətində olmadığını, sadəcə qorxutmaq istədiyini deyib: “İlahəni vuranda mənzildə qaynanamdan və övladlarımdan başqa heç kim yox idi. Oğlum Əli yatmışdı. Qızımın isə hansı otaqda olmasını xatırlamıram. İlahəni öldürmək fikrim olmayıb. Əgər belə bir fikrim olsaydı, qaynanam mənə mane ola bilməzdi. Biz bir-birimizi sevib ailə qurmuşuq. İlahə atamın goruna söydüyünə görə çox əsəbiləşmişdim. Onu vurub qorxutmaq istəyirdim ki, bir daha söyüş söyməsin, mənə qarşı hörmətsizlik etməsin”.

Zərərçəkmiş şəxs qismində dindirilən İlahə Həmidova ifadəsində Vüqarla ailə qurandan bəri heç vaxt normal münasibətdə olmadıqlarını, aralarında mütəmadi olaraq mübahisələr baş verdiyini göstərib: “Vüqar spirtli içki aludəçisi olduğundan evdə tez-tez münaqişələr yaradırdı. Hadisədən təxminən yeddi-səkkiz ay əvvəl Vüqardan ayrılmışdım. Son vaxtlar yenidən bizə gəlib yalvardı, bir daha içməyəcəyinə, dava salmayacağına söz verdi. Mən də yenidən bizimlə birgə yaşamasına razı oldum.

Axşamüstü Vüqar işdən gələndə oboy vurduğumu görüb bıçağı əlimdən aldı, köhnəni söküb yerinə təzəsini vuracağını dedi. Bıçaqla köhnə oboyun altını qaşıyanda bıçağı dərin basaraq divarı nahamar etdi. Anam da ona dedi ki, sən bacarmırsan, divarda çala qalacaq, eləmə”.

Bunu eşidən Vüqar anama kobud cavab verdi, onu təhqir etməyə başladı. Dedim ki, ayıb olsun, həm evində qalırsan, həm də söyüb təhqir edirsən. Vüqar mənim də üstümə qışqırmağa başlayanda əsəbiləşib “bu evdən birdəfəlik çıx rədd ol” dedim. Ona aid paltarları yataq otağının pəncərəsindən aşağı atdım. Vüqar əlində çəkic arxamca gələrək başıma zərbələr endirdi. Özümü qorumaq üçün hər iki əlimlə gicgahımı tutdum. Zərbələrdən bir neçəsi əlimə dəydi. Anam Vüqarın məni vurduğunu görüncə bizi aralamağa başladı. Huşumu itirib yerə yıxıldım. Ayılanda gördüm ki, xəstəxanadayam”.

Zərərçəkmiş şəxs ifadəsində hal-hazırda Vüqarla barışdıqlarını, xoşbəxt yaşadıqlarını və ərinə qarşı heç bir şikayətinin olmadığını göstərib: “Həmin vaxt Vüqara qarşı çox əsəbi idim. Ona görə ifadəmdə məni öldürmək istədiyini qeyd etmişdim ki, Vüqarı daha ağır cəzalandırsınlar. Sonradan fikirləşdim ki, iki azyaşlı uşağım var, ağır xəsarət almışam, sağlamlığımı itirmişəm, heç yerdə işləyə bilməyəcəyəm. Ona görə də həyat yoldaşımın həbsdən çıxarılması üçün müxtəlif instansiyalara ərizə ilə müraciət etdim. Vüqarın çəkiclə məni vurmasında mənim də günahım var. Mən Vüqarın valideynlərini söydüm, ona görə də bu hadisə baş verdi. Vüqarın məni öldürmək fikri olmayıb. Əgər öldürmək istəsəydi, öldürərdi, buna heç anam da mane ola bilməzdi. Anam xəstə və yaşlı adamdır. Hal-hazırda Vüqarla bir yerdə yaşayırıq, xoşbəxtik”.

Həyat yoldaşı ərini bağışlasa da qanun bağışlamayıb. Məhkəmənin hökmü ilə V.Həmidov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs-qətimkan tədbiri seçilərək məhkəmə zalında həbs edilib. (Virtualaz.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm