“Sanksiyalar döyüşü”ndə yeni mərhələ: AB parçalanır
Bizi izləyin

Dünya

“Sanksiyalar döyüşü”ndə yeni mərhələ: AB parçalanır

Qərb və Rusiya arasında gedən sanksiyalar savaşında yeni mərhələ başlayır. Ukrayna böhranına görə ABŞ və Avropa Birliyi (AB) tərəfindən sanksiyalarla vurulan Rusiya cavab addımları atmağa başlayıb.

İlk olaraq, ona qarşı sanksiyalar tətbiq edən ölkələrdən ərzaq və kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyan Rusiya hazırda enerji qadağalarını gündəmə gətirib. Bu isə bir çox Avropa ölkəsində çaxnaşmaya gətirib çıxarıb. Rusiyanın cavab addımları bununla da bitmir. Rusiyada xarici avtomobil şirkətlərinə sanksiyalar müzakirə edilir.

Publika.az-ın verdiyi xəbərə görə, Rusiyanın “Vedomosti” qəzeti hökumət rəsmisinə istinadən qida məhsullarının idxalına qoyulan qadağanın avtomobillərə də tətbiq oluna biləcəyini bildirib.

2014-cü ildə Avropa ölkələri və ABŞ-dan idxal olunan minik avtomobilləri Rusiyada daxili tələbatın 27 faizini təşkil edir. Bu göstərici yük avtomobillərində 46, avtobuslarda isə 13 faizdir. Adının çəkilməsini istəməyən mənbə “Vedomosti” qəzetinə “avtomobil idxalını ya tamamilə qadağan, ya da məhdudlaşdıra bilərik” deyib.

Bu yeni idxalat qadağasının Rusiya daxilində fəaliyyət göstərən “Ford”, “Volkswagen”, “Toyota” və “Hyundai” kimi xarici avtomobil şirkətlərini əhatə etməyəcəyi bildirilir. Avtomobil idxalına qadağaların tətbiqi barədə təkliflər səlahiyyətlilər tərəfindən Rusiya prezidenti Vladimir Putinə göndərilib. Ancaq hələ belə bir qərar verilməyib.

Rusiyada beynəlxalq avtomobil şirkətləri 2000-ci illərin ortalarından sonra 5 milyard dollarlıq sərmayə qoyub.

Sanksiya döyüşləri AB daxilində də parçalanma yaradıb. Şərqi və Mərkəzi Avropa ölkələri Rusiyaya qarşı sanksiyalara müsbət yanaşmır. Qərbi Avropa ölkələri isə Rusiyaya sanksiyalarla dərs vermək niyyətindədir.

Finlandiya dövlət başçısı Sauli Ninisto Putinlə görüşdə sanksiyaların təsirinin iki tərəfə də dağıdıcı təsir göstərdiyini söyləyib. Onsuz da çətin vəziyyətdə olan Yunanıstanın isə daha da çətin günlər keçirdiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm