Rusiya nəşri: “Bakının hərbi xərcləri minimum iki dəfə artacaq”
Bizi izləyin

Nida.az

Rusiya nəşri: “Bakının hərbi xərcləri minimum iki dəfə artacaq”

Dünən Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri görüşdü. Azərbaycan müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarı İsmət Yılmaz və gürcü həmkarı İrakli Alasani ilə hərbi vəziyyətlər zamanı rabitə infrastrukturunun təşkili məsələsini müzakirə edib.

Publika.az-ın verdiyi xəbərə görə, Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri bu görüşlə, eləcə də Azərbaycanın silahlanması ilə bağlı xüsusi material hazırlayıb.

Nəşr qeyd edir ki, hər üç ölkənin Müdafiə Nazirlikləri arasında əməkdaşlığın inkişafı daha çox regional təhlükəsizlik sistemini gücləndirəcək: “Xüsusilə Yaxın Şərqdəki münaqişələrin güclənməsi və Cənubi Qafqazın stabilliyini pozan amillərin mövcudluğu Bakı, Tiflis və Ankaranı regional təhlükəsizliyin təminatı üçün səylərini birləşdirməyə məcbur edir. Bu həm də hər üç ölkənin iqtisadi sahədə rahat əməkdaşlığını təmin etməyə də hədəflənib. Azərbaycan, Türkiyə və Gürcüstan öz ordularının güclənməsinə xüsusi diqqət ayırırlar”.

“Nezavisimaya qazeta” London Strateji Tədqiqatlar üzrə beynəlxalq institutunun “Hərbi Balans-2014” hesabatını xatırladır: “Hesabatda bildirilir ki, Bakının hərbi xərcləri minimum iki dəfə artacaq. Hesabatın Cənubi Qafqaza aid hissəsində qeyd edilir ki, Azərbaycanın müdafiə xərcləri 2012-ci ildə 3 milyard, 2013-cü ildə 3,7 milyard dollar təşkil edib. 2014-cü ildə dövlət büdcəsinin 14,7 faizi orduya ayrılacaq. Bu da əvvəlki illərə nisbətən yüksəkdir. Bakı bu vəsaitləri ordunun yenidən silahlandırılmasına xərcləyir. Belə ki, 2012-ci ildə hərbi texnika Ukraynadan alınırdısa, 2013-cü ildən başlayaraq Rusiya silahlarının da alınmasına başlanılıb. Məlumatlara görə, Rusiyadan alınacaq silah partiyalarının təxmini qiyməti 4 milyard dollardır”.

Rusiya nəşri bildirir ki, artıq müasir döyüş vertolyotları və tankların ardınca “Luçnikami” zenit-raket kompleksinin alınması üzrə danışıqlar gedir: “Köhnəlmiş zenit-raket komplekslərini bu silahlar əvəz edəcək.
Hərbi mənbələrin məlumatına görə, bu barədə “Oboronekspo-2014” sərgisində Rusiya nümayəndəsi Georgi Kuziyin deyib. Onun sözlərinə görə, sözügedən texnika artıq hazırdır. Bu texnika istənilən şəraitdə atış aça bilir, maneələri asanlıqla dəf edir. Silah dörd hədəfə eyni anda zərbə endirmək qabiliyyətinə malikdir”.

“Nezavisimaya qazeta”nın məlumata görə, bu zenit-raket kompleksinə Azərbaycanla yanaşı, Qazaxıstan və Türkmənistan da maraq göstərir. Nəşr qeyd edir ki, bunlarla yanaşı, Azərbaycanın özü də silah istehsalına başlayıb. Hazırda 700 adda hərbi məhsul istehsal olunur.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm