“Adil müəllim rayonun rəhbəridir, düz edir”- Deputatdan AÇIQLAMA
Bizi izləyin

Nida.az

“Adil müəllim rayonun rəhbəridir, düz edir”- Deputatdan AÇIQLAMA

“Bilgəh qəsəbəsində icra nümayəndəsinin təyin olunması ilə bağlı Adil müəllimin öz, mənim də öz mövqeyim var. Mən hesab edirəm ki, 10 min əhalinin yaşadığı Bilgəhdə nümayəndə bilgəhli olmalıdır”.

Publika.az-a açıqlamasında QMİ sədri Allahşükür Paşazadənin qudası, deputat Qalib Salahzadə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə Bilgəh qəsəbəsinə nümayəndə təyin etmək üstündə aralarında qarşıdurmanın yaşandığına dair yayılan iddialara münasibət bildirərkən deyib.


Q. Salahzadə bildirib ki, icra başçısı onlarla razılaşmayıb və nümayəndə kimi Zəngilandan olan bir nəfəri təyin edib: “Biz istədik ki, yerli adam olsun, amma o, başqasını təyin edəcəyini dedi. Sonradan Zəngilandan olan bir nəfəri nümayəndə olaraq təyin etdi. Biz də razılaşdıq. Çünki bu, onun səlahiyyətində olan işdir. Əgər edibsə, yaxşı eləyib. Bizə əlavə nəsə demək düşməz”.

O, bu gün əvvəlki mövqeyində qaldığını açıqlayıb: “Məndən bu gün də soruşsalar ki, bu məsələ ilə bağlı nə düşünürsən. Mən yenə də deyərəm ki, Bilgəh qəsəbəsinə nümayəndə yerli şəxslərdən biri olmalıdır. Çünki burda 10 min əhali yaşayır, onlara hörmət etmək lazımdır. Amma icra başçısının qərarı başqadırsa, biz buna da hörmət edirik”.

Q. Salahzadə icra başçısı ilə aralarında bu məsələyə görə qarşıdurma yaşanmadığını bildirib.

“Mən deputatam, o, icra başçısı. Bizim aramızda nə ola bilər ki? Mən, sadəcə, öz fikrimi demişəm, o da öz qərarını verib. Düzdür, camaat mən dediyimi deyir. Amma sonda qərar vermək onun səlahiyyətindədir. Çünki o, rayonun rəhbəridir. Buna görə hər hansı qarşıdurmanın olduğunu deyənlər yalan danışırlar”, - deyə şeyxin qudası bildirib.


Qeyd edək ki, teleqraf.com-da yayılan informasiyalara görə, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə bu rayondan seçilən deputat, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə arasında ciddi qarşıdurma yaranıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm