“Xan Şuşinski olmasaydı, efirə həsrət qalacaqdım” – FOTOLAR, VİDEO
Bizi izləyin

Tabloid.az

“Xan Şuşinski olmasaydı, efirə həsrət qalacaqdım” – FOTOLAR, VİDEO

Azərbaycan musiqisində zirvə sayıla biləcək ustad sənətkarlarımız olub ki, bu gün onların hər biri ilə ayrılıqda qürur duymaq olar. Onlardan biri də 20-ci əsr Azərbaycan mədəniyyətində böyük xidmətləri olan Xan Şuşinskidir. İlahidən gələn bu misilsiz səs Allah vergisi idi. Bu gün bu ilahi səs sahibinin doğum günüdür. Onun barəsində Publika.az-a ustadlar danışacaq, amma əvvəlcə gəlin onun həyat yoluna nəzər salaq…

Muğamatın Xanı

Xan Şuşinski 1901-ci ildə avqustun 20-si Şuşa şəhərində anadan olub. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə “Kürd-Şahnaz” muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona “Xan Şuşinski” adını verib. Xanın bir xanəndə kimi yetişməsində həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olub.

1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. Xanın repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, "Qatar" muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi-muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tuturdu. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayırdı.

1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görüldü. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil edib.

1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Muğam studiyası” yaradıb və burada gənc xanəndələrə muğamın sirlərini öyrədib.

O həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs demiş, muğam ifaçılarının yeni nəslini yaratmışdır. Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirib. Bu baxımdan onun “Qəmərim”, “Şuşanın dağları” mahnıları dillər əzbəridir. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət edib. Bu mənada Üzeyir Hacıbəyovun "Qara göz" mahnısının ilk ifaçısı olub və mahnını yüksək zövqlə oxuyaraq yaşadıb.

“Məni səhnəyə Xan əmi çıxardı”

Xan Şuşunski onu tanıyanların yaddaşında qayğıkeş, alicənab, xeyirxah bir insan kimi qalıb.

Ustad xanəndə, xalq artisti Əlibaba Məmmədov səhnəyə ilk dəfə Xan Şuşinski ilə çıxdığına görə özünü xoşbəxt sənətkar saydığını deyir: “Mən bunu həmişə demişəm, indi də təkrar edirəm, 19-20 yaşım olanda mən ilk dəfə səhnəyə Xan əmi ilə çıxmışam. Xanəndə üçün bundan böyük xoşbəxtlik ola bilərmi? Xan əmi səhnədə cavan xanəndələrə hər zaman diqqət və qayğı ilə yanaşırdı. Onlara sərbəstlik verirdi. Uzun illər mən onunla eyni səhnəni paylaşmışam. Mən muğamın incəliklərini, ən zil pərdələrdə necə oxumağı ondan əxz eləmişəm. Bunu danmaq olmaz. Xan əmi musiqinin, muğamatın xanı idi. Mən onun barəsində yalnız xoş sözlər deyə bilərəm. Xan əmi muğamatda bir zirvədir”.

“Xan əmi olmasaydı, efirə həsrət qalacaqdım”

Onu yaxından tanıyan ustad xanəndə Süleyman Abdullayev vaxtilə Xanın ona etdiyi yaxşılıqları belə xatırlayır: “1960-cı illər idi, mənim efirdə, radioda vaxtaşırı çıxış elədyim zamanlar idi. Çox sevilirdim. Amma bir gün efirdə Xalq artisti Rübabə Muradova ilə canlı oxuyurduq. Mənim “Segah” üstə oxuduğum qəzəl “yuxarılar”ın xoşuna gəlmədi. Söhbət bu qəzəldən gedir:

Dil açanda anamın hər sözünə can demişəm,

Bu gözəl yurduma Azərbaycan demişəm.

Kim bölüb Azəri yurdun Şimal ilə Cənuba,

Götürülsün yer üzündən, belə hicran demişəm.

Dedilər ki, guya mən burda siyasi məqama toxunmuşam. Səhəri Teleradio Komitəsinin ovaxtkı sədri Ənvər Əlibəyli məni yanına çağırıb danladı. Dedi ki, bu nə qəzəldi oxuyursan, məqsədin nədir?Mən də qayıtdım ki, nə məqsəd olacaq, qəzəldir də, oxumuşam. Amma xeyri olmadı. Bu hadisədən sonra mənə altı ay müddətinə efirə çıxmağa qadağa qoyuldu. Sözün düzü, gənc xanəndə kimi bu qadağa mənə pis təsir etdi. Qanım çox qara idi. Dilxor vəziyyətdə gəldim Filarmoniyaya. Xan əmi məni görən kimi başladı sorğu-suala ki, qarabala, noolub, niyə qaşqabaqlısan? O, həmişə mənə qarabala deyə müraciət edərdi. Danışdım ki, hal-qəziyyə belə olub, bəs mənə efirə çıxmağa qadağa qoyublar. O, məni də özüylə götürüb, gəldi ali sovetə. Orda bizi bir nəfər səlahiyyətli şəxs qarşıladı. Adını indi unutmuşam. Xan əmi ona mənə görə ağız açdı. O kişi dərhal Ənvər Əlibəyliyə zəng edərək, mənə qoyulan qadağanı üzərimdən götürməyi tələb etdi. Yəni sözümün canı budur ki, Xan böyük sənətkar olmasına baxmayaraq, çox sadə və canıyanan insan idi. Cavanlara böyük diqqət göstərirdi. Onun mənə elədiyi yaxşılıqları heç vaxt unutmaram.

“35 il ərzində birinci xanımından ayrılmayıb”

Xan Şuşinskinin sənət aləmində olduğu kimi, ailədə də fərqli bir insan olduğu deyilir. Yaxınlarının dediyinə görə, Xan əmi ailəsinə hər zaman xüsusi vaxt ayırırmış.

Qızı Bəyimxanım Cavanşirova deyir ki, o, dünyaya gələndə atasının 57 yaşı olub: “Atam ikinci dəfə ailə qurandan sonra mən dünyaya gəlmişəm. Atamın birinci xanımından övladı olmayıb. Amma buna baxmayaraq, atam 35 il ərzində birinci xanımından ayrılmayıb. Ona sədaqətli olub. 35 ildən sonra onun xanım atamı ikinci dəfə evləndirib. Bu evlilikdən dörd övlad dünyaya gəlib -3 qız, bir oğlan. Mənə anasının adını verib. Bəlkə, elə buna görə də məni həddən artıq çox istəyirdi”.

Bəyimxanım Cavanşirovanın sözlərinə görə, atası uşaqlarına və ailəsinə qarşı həmişə diqqətli olub.

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi...

İnşallah torpaqlarımız işğaldan azad olunsun, Qarabağda yenə o qüdrətli səsin sehrinə düşək! Çünki səs ölmür, o, hər zaman yaşayır.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm