Küçələrdə bir aşıq var – REPORTAJ
Bizi izləyin

Qırmızı.az

Küçələrdə bir aşıq var – REPORTAJ

...Küçələr həm itkidir, həm də tapıntı.

Kimlərisə bu küçələrdə itiririk, kimlərisə də tapırıq. Bunları yad eləməyim əbəs deyil. Ötən günlərdən birində həmkarımla reportajdan qayıdırdıq. Uzaqdan-uzağa gözüm parkda kölgəsiz oturacaqların birində nimdaş geyimdə, yorğun görkəmdə əlində saz mürgü vuran bir qocaya sataşdı. Küçənin səs-küylü, qələbəlik bu yerində adamın öz səsi öz qulağına çatmadığı bir anda o susqun, yorğun qocanın səsi, tam əksinə, aydın sezilirdi. Onun görkəmi hər kəsdən, hər şeydən möhkəm səs salmışdı ətrafa. Gözlərimizi qapayaraq ordan keçmək varkənətrafdakı minlər kimi... Amma qulaqlarımızı batıran o səs bizi yoldan saxladı. Yolumuzu dəyişdik – düz onun yanına sarı...

İsti yay günü dərisini tamamilə soldurub qurutmuşdu. Nə yazıq ki, ağsaqqalın gözləri də çəkdiyi əzab-əziyyət və dərdlərinin badına getmişdi. Olduqca dərinə işləmiş, həyat eşqini, parlaqlığını itirmiş bir cüt göz.

Yox, o nə dilənçiyə, nə də "bomj”a bənzəyirdi. Əlindəki saza o cılız cüssəsi ilə elə sarılmışdı ki, sanki itirəcəyi yeganə şey o idi. Çox şeyi əldən versə də, bundan vaz keçə bilməzdi.

Nə isə, keçək mətləbə...

Ağsaqqalın hal-əhvalın soruşub salamlaşdıq. Məlum oldu ki, deyəcəyi çox sözü var. Həyatın hər üzünü görüb-yaşamış biri kimi hər sözündə bir xatirə yaşayır.

Ağsaqqal, adınız nədir?

–Məlikməmməd. Aşıq Məlikməmməd. Göyçəli Əsgərin oğlu Aşıq Məlikməmməd.

Bir suala cavab olaraq ağsaqqal nəinki adını, kim olduğunu, kimin oğlu olduğunu, hansı diyardan olduğunu həm bizə dedi, həm də özü xatırladı.

Beləliklə, biz sual verdik, o isə cavab.

Məlum oldu ki, qəhrəmanımız Məlikməmməd dayı vaxtilə bir aşıq kimi Tiflis toylarının sayılıb-seçilən siması olub. Düz 50 il toylarda saz çalıb, söz qoşub, dastan bağlayıb. Gürcüstanda Saraclı Hüseyn, Xındı Məmməd, Aşıq Əmrah, Təkəli Mustafa, Aşıq Nurəddin Qasımlı, Saraclı Hüseynin şəyirdi Əhməd və başqaları ilə saz məclislərini bölüşüb. Onu Türkiyədən belə məclislərə dəvət ediblər. 1980-ci illərdən sonra ara qarışdığı üçün Azərbaycana gəlir, daha sonra yolu Qarabağ döyüşlərindən keçir. Erməni dilini yaxşı bildiyindən bir neçə dəfə düşmən tələsindən sağ-salamat çıxsa da, müharibə ona sağlamlığı bahasına başa gəlir.

Məlikməmməd dayının müharibədə iştirakı da təsadüfi olmayıb, SSRİ vaxtında 7 il Ukraynada hərbidə qulluq edib, peşəkar hərbi biliklərə yiyələnibmiş. Qəhrəmanımızın öz dili ilə desək, Tranbon tərəfdə, Meşəli, Xocavənd, Ağdərə döyüşlərində bir neçə mülki maşını və vətəndaşı erməni mühasirəsindən qurtarıb. Burada erməni dilini mükəmməl bilməsi də düşməni inandırmaqda ona yardımçı olub. Deyir ki, döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə onu Yevlax, Ağdam, Bərdə zonasında yaxşı tanıyırlar.

Qocadan kimi var, kimi yox deyə xəbər alırıq…

Bildirdi ki, üç oğul atası imiş. Biri hazırda Orenburqda yaşayır, biri itkin düşüb. Üçüncü oğlu da Azərbaycanda olsa da, içki düşkünü olduğuna görə özü yaxın buraxmır, bir oğul kimi ondan imtina edib.

Vaxtmız getdikcə daralır, el toylarından, məclislərindən kənar düşüb, yaşamaq üçün küçələrdə bir-iki manata saz çalan aşıqdan soruşacağımız çox şey var.

Qocadan indiki güzəranın necə olduğunu, harda yaşadığını soruşuruq. Əvvəla gileyləndi ki, Bakıda çoxları onu tanımır. Öz dili ilə desək, insanı geyiminə görə qarşılayanlar onunla bəzən yaxşı rəftar etmirlər. O ki qaldı yaşadığı yerə, Məhəmmədi kəndində bir xeyirxah adama sığınıb, onun həyətində bir daxmada yaşayır. Gündüzləri əlində saz küçələrdə dolaşır. Sazına, saqqalına hörmət edən insanlar onun sazda ifası qarşılığında bir-iki manat pul verirlər.

Qoca elə hey bir şeyi təkrar edir: "Daha toylara gedə bilmirəm, xəstəlik aman vermir. Tiflis toylarında ad çıxarmışdım. Qarabağ müharibəsində bərk soyuqladım, xəstə düşdüm, daha ondan sonra sazı ancaq gündəlik çörək pulu üçün 5-10 dəqiqə çalıram. Xeyli pulum vardı, həkimlərə payladım, amma sağalmadım. Gücdən tez düşürəm, halım olmur".

Sonda bir məqamı da diqqətinizə çatdırım ki, Məlikməmməd dayının əlindəki saz da öz əlinin bəhrəsidi. Özü düzəldib. Deyir: "Sazın üzünü Zaqataladan gətirmişəm, tut ağcındandı. Çanağı Şirvan tərəfin ağaclarındandı, qolu isə ağ şamdandı. Ağ şam əyilmir".

Beləliklə, o danışdı, biz dinlədik, sonda bizim üçün bir ağız oxudu da. Bunu kameranın yaddaşına yazmamaq günah olardı. Ona görə də bu günahı boynumuza götürməyib, məkanı küçələr olan aşıq Məlikməmmədin ifasını anbaan yazdıq. Yazdıq ki, sizlər də görəsiniz.

Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm