XİN ABŞ-ın diversant açıqlamasına cavab verdi
Bizi izləyin

Nida.az

XİN ABŞ-ın diversant açıqlamasına cavab verdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ABŞ Dövlət departamenti və Fransa Xarici işlər nazirliyinin Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun üzvü Karen Petrosyan ilə əlaqədar açıqlamalarına münasibət bildirib.

Publika.az-a XİN-in mətbuat xidmətindən daxil olan bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, Karen Petrosyan Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun tərkibində təxribat törətmək məqsədilə Ermənistan-Azərbaycan sərhədi istiqamətindən Azərbaycan ərazisinə daxil olubdur: “Kəşfiyyat-diversiya qrupunun hücum və təxribatının qarşısı Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən alınmış və qrupun tərkibində olan Karen Petrosyan əsir düşübdür. Həmçinin məlumatda bildirilibdir ki, naməlum və qəfil şəraitdə keçinən Karen Petrosyanın ölümünün səbəbləri tibbi ekspertlər tərəfindən açıq və şəffaf şəkildə araşdırılıb və onun ölümü barəsində dərhal Beynəlxalq Qırmızı Xaç Komitəsinə məlumat verilibdir. Azərbaycandan fərqli olaraq, Azərbaycan Respublikasının ərazilərini işğal edən Ermənistan tərəfindən əsir və girovluqda olan Azərbaycan vətəndaşlarına münasibətdə beynəlxalq humanitar hüquq, xüsusilə “Müharibə qurbanlarının müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyalarının müddəaları daimi olaraq kobud pozulur. Ermənistan tərəfindən əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının kütləvi şəkildə öldürülməsi, onlara dəhşətli işgəncələr verilməsi, mənəvi əzablar, onların amansız və insan ləyaqətini alçaldan rəftara məruz qoyulması, özünüöldürmə həddinə çatdırılması, yaxud verilmiş işgəncələr nəticəsində vəfat etməsi kimi dəhşətli əməllər törədilibdir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş 4000-dən artıq azərbaycanlının taleyi haqqında bu günə qədər heç bir məlumat verilmir”.


XİN bəyan edib ki, öz doğma torpaqlarını və ata-analarının məzarını ziyarət edən Şahbaz Quliyev və Dilqəm Əsgərovun Ermənistan tərəfindən xüsusi qəddarlıqla işgəncələrə və alçaldıcı rəftara məruz qalması, Həsən Həsənovun isə qətlə yetirilməsi, işğalın ilk günündən Ermənistan silahlı qüvvələrinin mütəmadi əsasda qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhəd xətti boyunca mülki şəxsləri, o cümlədən azyaşlı uşaqların hədəfə alınması, Ermənistan Silahlı Qüvvələrinin 31 iyul –1 avqust tarixində qorxaq və alçaqcasına törətdiyi terror-təxribat əməli və 7 avqust tarixində bunun davam etdirilməsinə cəhd Ermənistanın beynəlxalq hüquq, insaniyyət və mənəviyyatdan kənar siyasətinin göstəricisidir.

“Bütün bunların müqabilində Ermənistanın Karen Petrosyanın işinin məqsədyönlü şəkildə şişirtməsi və ona siyasi don geyindirilməsi cəhdləri Ermənistanın törətdiyi vəhşilikləri ört-basdır etmək məqsədi daşıyır. ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ və Fransanın Ermənistanın bu kimi qeyri-insani rəftarına, o cümlədən Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənovun taleyinə, eləcə də 31 iyul-1 avqust tarixində Ermənistan tərəfindən törədilmiş terror-təxribat əməlinə biganə qalaraq, Ermənistan və radikal erməni diasporunun təbliğat maşınının təsiri altında verdikləri bu bəyanat anlaşılmaz və qəbuledilməzdir. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin bu kimi həssas məsələlərdə birtərəfli və qərəzli fəaliyyət nümayiş etdirmələri Azərbaycan cəmiyyəti tərəfindən də birmənalı qarşılanmır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, eləcə də BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi üzərilərinə düşən öhdəlik və məsuliyyətə uyğun olaraq, bu kimi bəyanatların əvəzinə BMT nizamnaməsi, BMT TŞ-nın qətnamələri və Helsinki Yekun aktı əsasında tezliklə işğalın nəticələrinin aradan qaldırılması və münaqişənin həllinin təmin olunmasına doğru səylərini artırmaları və səfərbər etmələri daha məqsədəuyğun olardı. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ və Fransanı münaqişənin həlli ilə əlaqədar prinsipiallıq nümayiş etdirməyə, başsağlığı və narahatçılıq ifadə edərkən ikili və qərəzli olmamağa çağırırıq”, - deyə XİN vurğulayıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm