Xoruzun quyruğu göründü: “Şokolad kralı piştaxta arxasına keçir”
Bizi izləyin

Ekopublika.az

Xoruzun quyruğu göründü: “Şokolad kralı piştaxta arxasına keçir”

Yola saldığımız həftə dünya iqtisadiyyatı yeni konfliktlərə ev sahibliyi etdi. Rusiya və Avropa Birliyi arasındakı sanksiyaların təsirləri görünməyə başladı. Hətta tərəflər bazarlarını dəstəkləmək üçün hərəkətə keçdilər. Paytaxt Moskvada dörd “McDonald's”ın qapısına qıfıl vuruldu. İstehlakçıları Qoruma Agentliyi fast-food restoranlar şəbəkəsinin bir sıra sağlamlıq qaydalarını pozduğunu iddia edərək araşdırmalarını başqa bölgələrdə də davam etdirəcəyini açıqladı. Dollar avro qarşısında 11 ayın zirvəsinə qalxdı, Amerika məhkəməsinin hakimi defoltla üz-üzə qalan Argentina ilə məzələndi, Ukrayna prezidenti Poroşenko sərvətini satışa çıxardı.

Başlayaq Putinin sanksiyalarının yaratdığı “ajiotajdan”. Avropa Komissiyası Rusiyanın sanksiyalarından dəyən ziyanı hələ hesablamasa da, AB-də 130 min nəfərə yaxın işçinin çətin vəziyyətdə qalacağı təxmin edilir. O da bildirilir ki, Rusiyanın Avropa Birliyinə qarşı tətbiq etdiyi embarqo 9 milyard dollardan da baha başa gələcək. Xatırladaq ki, ötən il Avropa Birliyi Rusiyaya 1.26 milyard avro dəyərində meyvə, 769 milyon avro dəyərində isə tərəvəz satıb. Yaranmış vəziyyətdə kənd təsərrüfatı istehsalçılarının ziyanını qarşılamaq üçün Avropa Komissiyası 125 milyon avro həcmində yardım ayırıb. Yardımlar avqustdan başlayaraq, noyabr ayının sonuna qədər davam edəcək.

Bu arada Rusiya təkcə AB ölkələrinə deyil, Norveçə, Kanadaya, Avstraliyaya da qarşı qadağa tətbiq edib. Lakin bu ölkələrin zərərinin daha az olacağı proqnozlaşdırılır. Məsələn, Norveçin zərərinin 1,1 milyard dollar, ABŞ-ın 843,8 milyon dollar, Kanandının 373,6 milyon dollar, Avstraliyanın 182 milyon dollar səviyyəsində olacağı deyilir.

Sanksiyalar rusların özlərini də çətin vəziyyətdə qoyub. İstehlakçılar embarqodan sonra qida məhsullarının qiymətlərində artım olduğunu söyləyirlər. Avqust ayının yeddisindən bu tərəfə təkcə ətin qiyməti 6 faiz bahalaşıb. Qida məhsullarının qiymətlərində ortalama 10 faiz artım qeydə alınıb.

"Xoruzun quyruğu göründü". "Şokolad kralı" ləqəbiylə bilinən Ukraynanın prezidenti Petro Poroşenko növbəti həftədən etibarən mal varlığının satışına başlayacaq. O, ya “Roshen” marka şokoladlarından, ya da avtomobillərindən məhrum ola bilər. Məsələnin ən diqqətçəkən tərəfi isə təxminən 1,5 milyard dollar sərvətə sahib və qənnadı sektorundan başqa bir çox sahədə (avtomobil sektoru, metallurgiya, kimya, qida, media) də investisiyaya malik oliqarxın biznesini dünyanın taleyini həll edən ailələrdən birinə - Rotschildlərə satacaq.

Məlumat üçün bildirək ki, Ukrayna böhranından əvvəl Poroşenko gəlirinin 40 faizini Rusiyadan təmin edirdi. Yazıq Poroşenko, ömrü at üstə gedir, o da piyada dərd ilə…

Söz Ukraynadan düşmüşkən. Ruslar ukraynalıları bu qış, deyəsən, dondura bilməyəcəklər. İyul ayında Ukraynada təbii qaz istehlakı ötən ilin eyni dövrü ilə müqayisədə 30,3% azalaraq, 1.271 milyard kubmetr təşkil edib. Ölkənin Statistika Komitəsinin hesabatına əsasən iyun ayında istehlak 13,9 faiz azalıb. Ukraynada neft istehlakı ötən ilin iyul ayı ilə müqayisədə 23,3 faiz – 227,3 min ton aşağı düşüb. İyun ayında azalma 8,8 faiz təşkil edib. Maraqlıdır ki, kömür istehlakı da azalıb. Bu rəqəm nə az, nə çox - 25,9 faiz olub. Ötən illə müqayisədə 4,695 milyon ton deməkdir.

“Naftoqaz”ın rəhbəri Andrey Kobolev bildirib ki, istehlak 20 faiz azalsa, Ukrayna öz ehtiyacını Avropa qazı ilə də qarşılaya bilər: “Təkcə kommunal sahədə 4 milyard kubmetr qaza qənaət etmək olar. Artıq “Kievenerqo” Kiyevə verilən isti suyu bağlayıb. Bütün istilik qurumları qazı kəsiblər. Yay rejimi ilə bağlı qənaətdən istifadə edə biləcəyimizi düşünürük”.

Yayın isti günlərində dərd məngənəsində təkcə Rusiya, Avropa Birliyi, Ukrayna, Petro Poroşenko qıvrılıb qalmayıb.

İflasdan xilas olmaq üçün Argentinanın geri ödənməyən istiqrazları yeni ixrac edilən istiqrazlarla dəyişdirmə planı Amerika məhkəməsi tərəfindən qeyri-qanuni elan edildi. Hakim Tomas Bozasa Argentinanın təklif etdiyi planın qanunlara zidd olduğunu açıqladı. Bozasa dözməyib Argentina ilə məzələndi də: "100 min dollarlıq ev almaq istəyən biri pulun 80 min dollarını yığıb, bu, onsuz da, yüksək miqdardır deyib qalan pulu ödəmədən evə yerləşmək istəyərsə, qonşuları ona gülər. Argentina da eynilə bu şəkildə davranır".

Əbəs deməyiblər ki. almanlar dəqiq xalqdı. Berlin Divarının dağıdılmasından bu tərəfə İsveçrə banklarındakı Şərqi Almaniyanın sərvətlərinin izini araşdıran alman hökuməti İsveçrə bank “Julius Baeri” köhnə “Demokratik Almaniya Respublikası”na aid 135 milyon avro sərvəti itməsinə görə məhkəməyə verib. Qeyd edək ki, iş məhkəməyə getməzdən əvvəl Almaniya İsveçrə ilə razılaşmağa çalışıb. Amma müzakirələr nəticəsiz qalıb. Nəticədə, alman hökuməti həlli məhkəmə iddiası açmaqda tapıb.

İş dünyası

Vergi qaçaqçılığına dəstək İsveçrə banklarını pis vəziyyətdə qoyub. Ölkənin özəl banklarının 2013-cü ildəki fəaliyyətlərinin nəticələri qaneedici olmayıb. Belə ki, bankların gəlirlərində azalma müşahidə edilib. Bu xüsusilə vergi qanunlarını pozduqlarına görə, ABŞ-ın tətbiq etdiyi 987 milyon avro həcmində cəza ilə əlaqələndirilir. Araşdırılan 94 İsveçrə bankının 59-u aşağı performans göstərib. 2013-cü ildə 2012-ci illə müqayisədə 5 bankdan yalnız biri əməliyyat mənfəətində aşağı meyli tarazlamağı bacarıb.

Danimarkanın pivə markası “Carlsberg” Rusiya və Avropa arasındakı gərginlik ucbatından 2014-cü il üçün mənfəətinin geriləyəcəyini açıqlayıb.

Dünya sıralamasında dördüncü sırada qərarlaşan danimarkalı pivə şirkətinin mənfəətində 5 faiz artım gözlənilərkən, eyni nisbətdə eniş nümayiş etdirib. Şirkətin qazanc nisbətinin düşməsi ilə bağlı açıqlamalar isə hissələrinin Kopenhagen Birjasında 3,8 faiz dəyər itirməsinə gətirib çıxardı.

Amerika hökuməti fransız bankı “BNP Paribas”dan sonra indi də ingilis bankı "Stanchart"ı hədəfə alıb.

“Standart Chartered” 2012-ci ildən bu tərəfə maliyyə əməliyyatlarında lazımi təhlükəsizliyi təmin etməməkdə günahlandırılır. Artıq ABŞ-ın maliyyə səlahiyyətliləri banka qarşı cəza qərarı çıxarıblar. Düzdür, cəzanın miqdarı hələ dəqiqləşməyib. Lakin bunun 300 milyon dollar səviyyəsində olacağı gözlənilir.

"Stanchart" iki il əvvəl ABŞ-ın İran, Birmanya, Libya və Sudana qarşı embarqolarını pozmaqda günahlandırılmışdı. Bank isə öz növbəsində təhlükəsizlik sistemində keyfiyyəti artırmağa söz vermişdi.

Azərbaycan

Gəldik çatdıq stabil iqtisadiyyata malik ölkəmizə. Yola saldığımız həftə avtomobillərin dövlət qeydiyyatından keçirilməsi qaydası dəyişdirildi, Azərbaycanda avtomobillərin dövlət qeydiyyatından keçirilməsi qaydası dəyişdirildi, ARDNŞ “STAR” media qrupundakı 50%-lik payını türkiyəli məşhur iş adamına satmağı, Azərbaycanla İran neft-qaz sahəsində əməkdaşlığı genişləndirməyi qərara aldı. Məlum oldu ki, bəzi dövlət müəssisələrinin kommunal xidmətlərə görə büdcəyə 10 mln. manatdan artıq borcu var.

Bundan əlavə, Azərbaycanda qaz hasilatını 5% artırdığı, yanvar-iyul ayları ərzində Vergilər Nazirliyi dövlət büdcəsinə 4,4 mlrd. manat daxil etdiyi, Bakıda köhnə binalarda mənzillər ucuzlaşdığı, il ərzində Azərbaycanda istehlak xərcləri 10% çoxaldığı, xarici ticarət əməliyyatlarının həcminin 10%, ölkəyə gətirilən avtomobillərin sayı 34% azaldığı açıqlandı.

Başlayaq həftənin ən diqqətçəkən hadisəsindən – “Şahdəniz” layihəsi çərçivəsində 1 mlrd. dollarlıq kredit sazişindən. Ötən həftə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağının işlənməsi ilə əlaqədar Türkiyənin TPAO şirkətinin payının maliyyələşdirilməsi üzrə Ankarada kredit sazişi imzalandı. Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın iştirakı ilə imzalanan saziş TPAO ilə “Vakıf BANK” və “Türkiyə İş Bankı” arasında 1 mlrd. ABŞ dolları məbləğində maliyyələşdirməni nəzərdə tutur.

Türkiyənin TANAP-da 30%, “Şahdəniz” layihəsində isə 19%-lik paya sahib olduğunu deyən T. Yıldız bunları deyib: ”Ötən il bu layihələrdən 265 mln. dollar gəlir əldə etmişik. Bu il və gələn il əldə olunan gəlirin 2 dəfə artacağını proqnozlaşdırırıq. Müqavilənin şərtlərinə görə, ilk üç il ərzində ödəniş edilməyəcək. Növbəti 7 il ərzində isə faizlərlə yanaşı, 1 mlrd. dollar ödəyəcəyik. Həyata keçirdiklərimiz layihələr səbəbindən xəzinə zəmanətinə ehtiyac yoxdur. Çünki layihənin özü zəmanət deməkdir, əldə etdiyimiz gəlirlər krediti ödəməyə imkan verir”. T. Yıldız bildirib ki, artıq TPAO “Şahdəniz”də BP-dən sonra ən böyük sərmayədardır.

“Konsorsiuma daxil olan bir neçə ölkə bu layihənin reallaşması üçün 4 ildə 45 milyard dollar vəsait xərcləyəcək. Bu layihə Türkiyənin enerji mənbələrinə sahib olmaq baxımından çox əhəmiyyətlidir”, - deyə nazir vurğulayıb.

Daha bir hadisə “Akkord” Korporasiyası Türkiyədəki bank hesablarına həbs qoyulmasına dair xəbərlər oldu. Düzdür, şirkət deyilənlərə aydınlıq gətirdi. Bildirdi ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Türkiyədəki filialının göstərdiyi fəaliyyət çərçivəsində bu günə kimi yerinə yetirə bilmədiyi və ya yerinə yetirməkdə çətinlik çəkdiyi hər hansı bir öhdəliyi yoxdur: "Bəzi layihələrdə “Akkord”un subpodratçısı kimi çıxış edən “Ada Metal” A.Ş. adlı şirkət “Akkord” qarşısında olan öhdəliklərini yerinə yetirə bilməyib. Bu səbəbdən “Akkord” “Ada Metal” A.Ş. ilə bağlanmış müqaviləyə birtərəfli qaydada xitam verib. Hesab edirik ki, bu xəbərin yayılması məqsədyönlü şəkildə müqaviləyə xitam verilməsi ilə əlaqədar olub və Korporasiyamıza qarşı haqsız və hüquqi əsası olmayan tələblərin irəli sürülməsindən qaynaqlanır".

Onu da vurğulayaq ki, Türkiyə mətbuatı “Akkord” və "Ada" Metal Mədənçilik şirkətlərinin Qaziantep və Malatyada bəzi firmalara da borcunun olduğu barədə məlumatları yaymaqda davam edir. 40 gündən çox bu vəziyyət hökm sürdüyündən firmaların mədən işlərini həyata keçirə bilmədikləri bildirilir.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm