“Əzizim, bu gün yataqda o qədər möhtəşəm idim ki...”
Bizi izləyin

Bizim tərcümə

“Əzizim, bu gün yataqda o qədər möhtəşəm idim ki...”

Amerikalı kino və teatr aktyoru Con Malkoviç:

Qadınların psixoloji əzmkarlıqları və dinləməyi bacarmaq qabiliyyətləri məni heyran edir...

Kino – uydurma insanlar , hadisələr, əşyalar dünyasıdır. Bu haqda düşünəndə aktyor sənətinin necə aciz və dəyərsiz olduğunu başa düşürsən.

Etdiklərim barədə müzakirə aparmağı sevmirəm. Axı fahişələr də evə gəlib: “Əzizim, mən bu gün yataqda o qədər möhtəşəm idim ki...” söyləmirlər.

İndiyə qədər aktyor olmaqla düzgün seçim edib-etdiyimə əmin deyiləm. Axı başqa bir çox imkanlarım vardı: Məktəb avtobusunun sürücüsü olmuşam, rəngsaz, dəftərxana dükanında satıcı işləmişəm. İndi bütün bunları xatırlayandan sonra düşünürəm, görəsən, aktyor olmasaydım, indi nə işlə məşğul olardım?...

Həmişə düşünmüşəm ki, əgər bir insan aktyor sənəti ilə pul qazana bilmirsə, həmin insan ya səfehdir, ya da faciəvi şəkildə bədbəxtdir.

Kinoda çəkilən adam çox güman ki, tənbəldir. O, hər gün teatrda oynamaqdansa, filmdə çəkilməyi üstün tutur və ya daha çox pul qazanmaq istəyir, yaxud məşhurlaşmaq istəyir.

Ən böyük, eyni zamanda, ən faciəvi uğur heç kimin sezmədiyi uğurdur.

Etdiyin hər şeyi kiməsə görə etməlisən. Əks halda, ümumiyyətlə, heç nə etməməyin məsləhətdir. Əslində, etdiklərimiz bir o qədər önəm daşımır. Amma bu işinin öhdəsindən pis gələn insana da bəraət qazandırmır. Dəftərxana dükanında işlədiyim vaxtlar iş zamanı yalnız dəftərxana işləri barədə düşünürdüm. Oradan çıxıb evə gəldiyim müddətdə teatr haqda fikirləşirdim. Stansiyada düşür və studiyaya yollanırdım. Səhər isə yenidən dəftərxana aləmində itib-batırdım...

Ta əvvəldən səhnədə çox rahat idim: səhnə mənim üçün evim kimidir.

Kino – uydurma insanlar , hadisələr, əşyalar dünyasıdır. Bu haqda düşünəndə aktyor sənətinin necə aciz və dəyərsiz olduğunu başa düşürsən. Hansısa bir məqam yetişir və “lənətə gələsən, bu dünyanın gedişinə hansı təsir göstərə bilər ki?” öz-özünə söyləyirsən, lakin sonradan təskinlik tapırsan, çünki eyni fikri bank işinə, jurnalistikaya da aid etmək olar.

Bəzi rejissorlar səndən hər şeyi bir anda almaq istəyirlər. Sən onların prodüseri, ssenaristi və şəxsi psixiatrı rolunda çıxış etməlisən. Digərləri isə sənin sığortanı almaq üçün çəkiliş vaxtı boynunu sındırmağını gözləyir.

Müasir rejissorların hamısı keçmiş filmlərdən bəhrələnib, onların kino sahəsindəki bilikləri də keçmiş filmlərə söykənir. Odur ki, onlar sənə nəsə izah etməyə çalışanda keçmiş filmləri misal gətirirlər. Bu səbəbdən, bir çox filmlər bir-birinə bənzəyir. Amma mən qətiyyən buna qarşı deyiləm. Mən nəinki belə filmlərə baxıram, üstəlik onlarda çəkilirəm də.

Etdiklərim barədə müzakirə aparmağı sevmirəm. Axı fahişələr də evə gəlib: “Əzizim, mən bu gün yataqda o qədər möhtəşəm idim ki...” söyləmirlər.

Deyəsən, kişi dostlarımdan fərqli olaraq, mənim qadın dostlarım daha çoxdur. Qadınların psixoloji əzmkarlıqları və dinləməyi bacarmaq qabiliyyətləri məni heyran edir. Həm də onlar ağır məqamları daha asan keçirirlər.

Gözəl qadınların çox olduğu məkana səndən yaxşı geyinən biri ilə qatılmaq düzgün deyil...

Zənnimcə, gözəl geyimə məhəbbətim uşaqlıqdan yarandı – balaca, kök oğlan olduğum vaxtdan...

Bu yaxınlarda idman zalına getməyə başladım. Ancaq düzünü desən, bu idman zallarına nifrət edirəm. Onlar məni qorxudur, lakin qocalıq acizliyi məni daha çox qorxuya salır.

İnanın, mən hədsiz dərəcədə intizamlı ola bilərəm, hərçənd intizam mənə daim səfehlik kimi gəlib.

Siqaretə münasibətim birmənalı deyil. Həmişə siqaret çəkməyən siqaret həvəskarı kimi tanınmışam.

Babamdan və ya belə desək, qardaşlarımdan fərqli olaraq, mən, at yürüşlərindən pul qazanmağı bacarıram.

Uşaqlarım dünyaya gəlməmişdən öncəki həyatımı yaxşı xatırlamıram. Bəli, müəyyən xatirələr var, ancaq onların mənə aid olduğuna əmin deyiləm.

Yalnız çəkiliş meydanında təmkinli olmağı bacarıram.

Çoxdanın söhbətidir, Fransanın əyalət şəhəri ilə gəzirdim. Birdən yük maşınının mənə dəydiyini hiss etdim. Sürətlə gedirdi deyə var gücü ilə mənə toxundu. Bilmirəm, sürücü məni gördü, yoxsa yox, amma o, heç dayanmadı və sakitcə yoluna davam etdi. Ona tərəf qaçıb maşının sükanından yapışdım: “Qulaq asın, əgər birini yük maşını ilə vurmusunuzsa, sivil insan kimi, ən azından, vurduğunuz adamın özünü necə hiss etməsi ilə maraqlanmalısınız”. Sürücü bir xeyli fikrə gedib, cavab verdi: “Üzr istəyirəm”. Mən isə ona: “Yaxşı, çalışın, bundan sonra daha ehtiyatlı olun və onda hər şey əla olacaq. Yolunuzdan etməyim, hələlik”. Otuz metr getmişdim ki, sürücü yük maşınını düz qabağımda saxladı. Sən demə, o, avtoqraf istəməyi unudubmuş...

Avropada on iki il yaşadım və fikir verdim ki, Avropanın ən əsas səhvlərindən biri Amerikanı şəxsi mədəniyyətlərinin olmasında təqsirləndirmələridir.

Sizə siyasətin nə olduğunu başa salım. Fərz edək, birdən öyrənirsən ki, küçəndəki bütün ağaclar xəstələnib. Biri sənə deyir: “Heç nə olmaz, gübrələyin, sulayın hər şey qaydasına düşəcək”. Bu məqamda başqa biri peyda olur və ağacları kökündən çıxarmağın düzgün olduğunu söyləyir, əks halda ağaclar xəstəliklərini ətrafa yayacaq. Üçüncü insan söhbətə daxil olur: “Onların xəstə olduğunu kim sübut edib ki? Xəstəlik nədə müşahidə olunub? Bu təbii xəstəlikdir, yoxsa təqsirkar insanlardır? Ümumiyyətlə, bu söhbəti kim yayıb? Onlar mənim küçəmdə sonuncu dəfə nə vaxt olublar?”. Fəqət mən heç vaxt suallarıma cavab tapmayacağam. Mən, sadəcə, ağacların kəsilməsini və ya gübrələnib-sulanmasını istəyən insanları görəcəm. Mənə qalan onlar arasında seçim etməkdir. Amma yox, dostlar! Mən belə asanlıqla sözə gedən deyiləm.

Nəzarət edə bilməyəcəyim şeylərə görə narahatçılıq keçirməməyi çoxdan öyrənmişəm. Siz narahat olursunuz ki, uçduğunuz təyyarə çırpıla bilər? Siz bəyəm pilotsunuz?

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm