Kremlin canından çıxmayan “Nabukko” qorxusu: “Fors-major vəziyyət yaranmayacaqsa...”
Bizi izləyin

Nida.az

Kremlin canından çıxmayan “Nabukko” qorxusu: “Fors-major vəziyyət yaranmayacaqsa...”

“Nabukko” qaz kəməri layihəsinin Ukrayna hadisələrindən sonra yenidən canlanması mümkünsüz görünür. Halbuki, bəzi Qərb KİV-ləri ABŞ-İran münasibətlərinin istiləşməsi fonunda Bakının “Nabukko”nu canlandırmaq niyyətində olduğunu iddia edirlər.

Publika.az xəbər verir ki, Rusiyanın nüfuzlu “Nezavismaya qazeta” nəşri İranın neft nazirinin müavini Əli Mahjedinin İran qazının Avropa Birliyi ölkələrinə çatdırılmasının mümkünlüyü barədə açıqlamasının bu prosesdə ajiotaj yaratdığını bildirir.

Nəşr Bakının Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi ilə bu problemi demək olar ki, həll etdiyini qeyd edir: “Belə ki, “Nabukko” kəməri Rusiyadan yan keçərək Türkmənistan, İraq, eləcə də Azərbaycan qazının Avropaya çatdırılmasını təmin edəcəkdi. Layihənin ilkin qiyməti 8 milyard dollar idi, sonradan isə bu rəqəm iki dəfə artdı. Qaz kəməri ildə 31 milyard kubmetr qazın nəqlinə imkan verəcəkdi. Lakin layihə 2013-cü ildə müflis oldu. Əvəzində Azərbaycanın “Şahdəniz” yatağındakı qazı Yunanıstan vasitəsilə İtaliyaya, oradan da Avropaya ötürəcək TAP-a üstünlük verildi. Buna paralel olaraq Bakı ilə Ankara TANAP-ı inşa etməyə razılaşdı”.

Azərbaycan Neft Tədqiqatları Mərkəzinin rəhbəri İlham Şabanovun fikrincə, “Nabukko” layihəsi artıq gündəlikdən çıxıb. Onun sözlərinə görə, İran tərəfinin iştirakı ilə bunun yenidən bərpası da mümkün deyil.

“Nezavismaya qazeta” qeyd edir ki, bütün bu layihələr Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasına hesablanıb. “Əgər fors-major vəziyyət yaranmayacaqsa, o halda Cənubi Avropa ölkələri 2018-ci ildə “Şahdəniz” qazını ala biləcəklər”, - rus nəşri qeyd edir.


İ.Şaban hesab edir ki, Azərbaycan qazı Avropa bazarında Rusiyaya rəqib olmayacaq. “Biz Avropa Birliyinin qaz ehtiyacının 4 faizini ödəyə bilərik. Əgər Türkmənistan qazı olsa, bu daha çox təşkil edər. Lakin unutmaq lazım deyil ki, Türkmənistan Asiya bazarına da diqqət ayırır. Bu amillər göstərir ki, Avropa ən yaxşı halda 6-7 ilə Rusiya qazının təsirindən qurtara bilər”, - İ.Şaban bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm