Həyat yoldaşına xəyanət edən Nərminin son məktubu
Bizi izləyin

Qırmızı.az

Həyat yoldaşına xəyanət edən Nərminin son məktubu

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Saleh Fərzəliyev qısqanclıq zəminində həyat yoldaşı Nərmin Fərzəliyevanı öldürüb.

Teleqraf.com-un araşdırmasına görə, Saleh Fərzəliyevin həyat yoldaşı Nərmin ona xəyanət etməsi barədə məktub yazıb və evdə qoyub. Nərimin məktubu yazandan sonra 28 mart 2013-cü ildə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Qara Qarayev küçəsi, 1-ci döngə, 3 nömrəli evi tərk edib və naməlum ünvana gedib.

Saleh Fərzəliyev Nərminin getməsindən on dörd gün sonra, yəni aprelin 11-də, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsində onunla rastlaşıb. O, daha sonra həmin gün saat 16 radələrində qayınatası Etibar Kazımovun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 4 nömrəli evin qarşısına gəlib.

Saleh həmin ünvanın qarşısındakı meydançada Nərmin Fərzəliyevaya uşaqlarına görə onu bağışladığını bildirib və evə qayıtmasını xahiş edib. Nərmin Fərzəliyeva onun xahişini rədd edib və qaçdığı oğlanla birgə yaşayacağını deyib. Bundan sonra Saleh Fərzəliyev arvadının ona xəyanət etməsinə əsəbləşib. O, qısqanclıq zəminində Nərmini öldürmək qərarına gəlib. Bu məqsədlə Saleh özündə olan bıçaqla Nərmin Fərzəliyevaya zərbə vurub. Nərmin hadisə yerində dünyasını dəyişib.

“Nərmin cibində olan kağızı ağzına qoyaraq uddu”

Saleh Fərzəliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Ramella Allahverdiyevanın sədrliyi ilə araşdırılıb. Saleh Fərzəliyev ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, deyib ki, Nərmin Fərzəliyeva ilə 2007-ci ilin sonlarında nikaha daxil olub. Onun sözlərinə görə, böyük oğlu Əlövsət 2009-cu il, kiçik oğlu Vahid isə 2011-ci il təvəllüdlüdür. O, deyib ki, evlənəndən sonra Nərminlə onun münasibətləri normal olub: “Yanvarın 19-da evdə anamın ad günü mərasimində Nərmin təsadüfən əynindəki xalatın cibindən kağız parçası çıxardı və tez də cibinə qoydu. Nərmindən cibindən çıxardığının nə olduğunu soruşdum. Nərmin arxa otağa keçəndən sonra cibində olan kağızı mənə göstərəcəyini dedi. Lakin evin arxa otağına keçdikdə Nərmin cibində olan kağızı ağzına qoyaraq uddu”.

“Nərmin telefona cavab verməkdən boyun qaçırdı”

Təqsirləndirilən şəxsin sözlərinə görə, bu səbəbdən Nərminlə mübahisə edib: “Nərmin isə cibində heç nəyin olmadığını bildirdi. Bu məsələ ilə əlaqədar Nərminin üzərinə getmədim. Lakin onu nəzarətdə saxladım. Həmin hadisədən bir neçə gün sonra ev telefonuna zənglər gəlməyə başladı. Telefonun dəstəyini götürəndə isə cavab verən olurdu. Bu da məndə şübhələr yaratmışdı. Bir dəfə belə zənglərdən biri gələndə Nərmindən telefona cavab verməsini tələb etdim. Lakin Nərmin telefona cavab verməkdən boyun qaçırdı”.

“Anam Nərminin öz xətt ilə yazdığı məktubu tapdı”

Saleh Fərzəliyev deyib ki, martın 28-də, Binəqədi qəsəbəsində olarkən anası ona zəng edərək Nərminin kiçik oğlu Vahidi evdə qoyaraq zibil atmaq adı ilə evdən getdiyini, lakin geri qayıtmadığını bildirib: “Mən dərhal evə gəldim. Evdə Nərminin paltarlarını dəyişərək getdiyini öyrəndim. Nərminin qaçması barədə zəng edib qayınatam Etibara, sonra isə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdim. Daha sonra məni Binəqədi rayonu, 4-cü polis bölməsinə çağırdılar və verdiyim məlumatla əlaqədar ərizə və izahatımı aldılar. Bundan iki-üç gün sonra anam Nərminin öz xətt ilə yazdığı məktubu tapdı və həmin məktubu mənə verdi. Həmin məktubda Nərmin mənə xəyanət etdiyini, atasına və anasına layiq olmadığını, uşaqlarının gələcəkdə başı aşağı olmaması üçün qaçdığını qeyd edib. Nərminin yazmış olduğu həmin məktubu da polis bölməsinə təqdim etdim”.

Təqsirləndirilən şəxs əlavə edib ki, polisə ilkin olaraq müraciət etdiyi gündən 14 gün ərzində Nərmindən heç bir xəbəri olmayıb: “Aprelin 10-da qayınatam Etibara zəng edərək böyük oğlum Əlövsəti evimə gətirmək istədiyimi dedim. Bu vaxt Etibar Əlövsəti anasına verdiyini bildirdi. Etibara öz iradımı bildirdim və polis bölməsinə zəng edərək bu barədə məlumat verdim. Həmin gün polis bölməsinə getdim. Oradan Etibara zəng olundu. Etibar Əlövsətin xəstə olması ilə əlaqədar gətirə bilməyəcəyini bildirdi. Bundan sonra Etibarla danışan adını xatırlamadığı polis nəfəri sağlam olduqlarından əmin olmaq üçün Etibardan Əlövsəti və Nərmini səhəri gün polis bölməsinə gətirməsini tələb etdim. Ertəsi gün Etibar Nərminlə birlikdə polis bölməsinə gəldilər. Əlövsətin onlarla olmadığını gördüm. Bölmədə Nərmindən izahat aldılar. Bundan sonra Nərmin atası ilə birlikdə Xırdalan şəhərinə gedəcəklərini və mənimlə birlikdə evə qayıtmayacağını bildirdi. Mən də onlarla birlikdə Xırdalan şəhərinə getməyimi və Əlövsəti oradan götürməyimi təklif etdim”.

“Nərminin xəyanətinə heç bir şübhəm qalmadı”

Saleh Fərzəliyevin sözlərinə görə, Nərmin və Etibarla birlikdə 79 nömrəli marşrut avtobusu ilə “Memar Əcəmi” metrostansiyasına gediblər. Onun ifadəsinə görə, onunla birlikdə qardaşı Səbuhi, xalası Rəvayət və xalası oğlu Ruslan da olub: "Nərminin mənə xəyanət etməsinə artıq heç bir şübhəm qalmadı. Özlüyümdə qərara gəldim ki, Nərmin mənə xəyanət etdiyinə görə kənddə camaat arasına çıxa bilməyəcəm. Bu səbəbdən Nərmini öldürmək qərarına gəldim. Bu məqsədlə də "Memar Əcəmi" metro stansiyasının yaxınlığında marşrutu dəyişmək üçün 79 nömrəli marşrut avtobusdan düşdüm və sonra Nərmingildən və qohumlarından xəlvət orada olan adını xatırlamadığım dükandan bıçaq aldım”.

“Oğlum pis ata olduğumu deyib evə getməkdən imtina etdi”

Saleh Fərzəliyev deyib ki, daha sonra Xırdalana, Nərminin atası evinə gəlib: “Ora çatanda atamın, anamın, digər xalam Lalənın orada məni gözlədiklərini gördüm. Oğlum Əlövsətin Etibargildə olmadığı məlum oldu. Bundan sonra biz tanımadığım ünvana getdik. Orada olan 9 mərtəbəli binanın ikinci mərtəbəsində adı Aidə olan qadının evindən oğlum Əlövsəti gətirdilər. Orada Nərmingilin Əlövsəti mənə qarşı çevirdiklərini anladım. Oğlum mənim pis ata olduğumu deyərək evə getməkdən imtina etdi. Bundan sonra Etibargilin evinə qayıtdıq və evin həyətdə atam-anam, xalalarım, qardaşım Səbuhi, xalam oğlu Ruslan, Nərmin, Etibar, Nərminin dayısı Rauf söhbət edirdilər. Bu vaxt Etibar qızı Nərminə qalxıb evin qapısını açmasını dedi. Nərminin evə gedib qayıtmayacağından ehtiyat edərək onunla evə qalxdım. Qayınatam Etibarın mənzilinin qarşısında Nərminə “uşaqlara görə səni bağışlayıram” dedim. Ondan xahiş etdim ki, evə qayıtsın. Nərmin isə inadkarlıqla bildirdi ki, evə qayıtmayacaq və qaçdığı oğlanla yaşayacaq. Nərminin bu sözləri mənə həddindən artıq pis təsir etdi. Anladım ki, artıq Nərmin mənə xəyanət edir. Onun bu hərəkətlərinə görə bir kişi kimi özümü təhqir olunmuş hesab etdim”.

Təqsirləndirilən şəxs deyib ki, Nərminin hərəkətlərindən əsəbləşərək özündə olan bıçaqla ona zərbələr vurub. Onun sözlərinə görə, Nərmin aldığı zərbələrdən ölüb. O, ifadəsinin sonunda törətdiyi əmələ görə peşman olduğunu bildirib.

Məhkəmənin hökmü ilə Saleh Fərzəliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm