İtlər sədaqətlidir, amma...
Bizi izləyin

Digər

İtlər sədaqətlidir, amma...

Yadıma düşür, bir ara internet və televiziyalarda yayılan video bütün hər kəsi şoka salmışdı. Sərxoş bir şərəfsiz, küçə itinə amansız bıçaq zərbələri endirir, üstəlik, heyvanın başını da kəsir. İnsanlığın rəhmətə getdiyi bu vaxtlarda kiməsə deməyə söz tapmaq da olmur. Sözün bitdiyi, dünyanın axırı bu olsa gərək...

Bizim insanların itlər haqqında iki cür təsəvvürü var: itlər sədaqətlidir, sahibinə həmişə arxa-dirəkdir; itlərlə yola getmək olmaz, onlar nə eləsən də, xeyri yoxdur, yenə də öz xasiyyətlərindən dönən deyillər.

Ədəbiyyatda itlər haqqında bu iki təsəvvürü özündə əks etdirən bir sıra əsərlər mövcuddur. Hamımızın yaxşı bildiyi Cırtdanın nağılında “it hürən tərəf” şər obrazı kimi qələmə verilib. Cırtdanın işıqlı tərəfə getməsi onu xoşbəxtliyə apara bilər. Lakin indi düşünürəm ki, əslində, Cırtdan it hürən tərəfə getsəydi, o zaman nələrinsə dəyişməyinə ümid edə bilərdik. Bəzən qorxduğun, çəkindiyin şeyin üzərinə getmək lazımdır. Bəlkə, onda xoşbəxtliyin qapısını aralamaq olar. Amma deyir, sən saydığın say, gör fələk nə sayır. Həyat arzulamadığımız, istəmədiyimiz, dost ola bilmədiyimiz insanlar kimidir. “Bəlkə”lərlə iş düzəlmir. Atalarımız demiş, “bəlkə”ni əkiblər, bitməyib.

Gəlin qayıdaq itlər haqqında yaranan birinci təsəvvürün ədəbiyyatdakı əksinə. Bu əsərlərdə itlərin sədaqəti insanlardan üstün tutulub. Məsələn, məşhur ingilis yazıçısı Cek Londonun “Əcdadların harayı” və “Ağ diş” adlı əsərlərində itlərin keçirdiyi çətin həyatı və onların necə böyük hünərlərə sahib olduqlarını görmək olar, müəllif, az qala, bu heyvanları insanlarla eyniləşdirildiyini.

Son zamanlar populyar olan gürcü yazıçısı Aka Morçladzenin “Paniaşvili küçəsinin itləri” romanında isə bu canlılar haradasa dünyanın ən pis məxluqları cərgəsində təsvir edilir. Bu da ikinci təsəvvürə uyğun gəlir. İtlərin sədaqətli olmasını, mənə elə gəlir ki, yalnız romantik, sentimental yazıçılar qələmə ala bilər. Aka Morçladze isə realist olduğu üçün bu cür “əyilmə-bükülmə”yə, yəni, mülayim davranışa yol vermir.

Bu əsərlərdən başqa Nodar Dumbadzenin “Köpək”, Turgenevin “Mumu”, Mövlud Süleymanlının “İt dərsi”, Əkrəm Əylislinin “May günü” və başqa hekayələrdə it obrazı sədaqət rəmzi və insanın dostu kimi sərgilənib. Bu əsərlər yuxarıda dediyiklərimə haqq qazandırır. Müəlliflər üçün it - sədaqətli, sahibinə hörmət bəsləyən, dünyanın ən gözəl heyvanıdır. Hətta it bəzi məqamlarda insandan belə üstündür. Bu fikirlər həmin əsərlərin məğzini təşkil edir.

Söhbət itdən düşmüşkən, onu deyim ki, bizim kənddəki itlər həmişə sözün həqiqi mənasında “it zülmü” çəkiblər. Bəlkə də “it günündə” yaşamaq ifadəsi yalnız bu itlərin payına düşür. Ancaq elə itlər də var ki, maşallah, gözün yamanlıq görməsin, dəbdəbəli, kübar həyatı sürür. Adam belələrinə baxanda düşünür ki, it olmaq heç də həyat bataqlığında batmaq kimi bir şey deyil. Əksinə, bu itlərin bəxtinə həmişə yaşıl işıq çıxır. Qalan avara, sərgərdan həyat sürən küçə itləri, elə kənddəki köpəklər yəqin ki, it olmaqlarına çoxdan peşmandırlar. Onların hüznlü və qəribə baxışlarında həmişə azadlığa həsrət gizlənib.

Nə olursa-olsun Tanrının yaratdığı canlılara əzab vermək, onları vəhşicəsinə öldürmək, kitabımızda yazılmır.

Ümid hər zaman yaşayan bir hissdir. Ümid edək, edək ki, yaşayaq. Arzu edək ki, insan özünə gəlsin, özünü tanısın...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm