SSRİ-nin ən gözütox siyasətçisi - FOTOLAR
Bizi izləyin

Sovet sirləri

SSRİ-nin ən gözütox siyasətçisi - FOTOLAR

SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıginin 7 rolu

“Politbüro iclasında dövlət əhəmiyyətli məsələlər müzakirə edilməlidir, ancaq siz burda oturub, boş-boş söhbətlər edirsiniz!”

Aleksey Kosıginin 1980-ci ilin 18 dekabrında vəfat etməsini ölkə bir neçə gün sonra öyrəndi. Səbəb? Matəm SSRİ lideri Brejnevin ad günü mərasiminə kölgə sala bilərdi. SSRİ-nin ən az dəyər verilən siyasətçisi Aleksey Kosıginin ölümü belə səs-küysüz, pafossuz keçdi...

Ağıllı arifmometr

Stalin Aleksey Kosıginə “arifmometr” adını vermişdi. Fenomenal yaddaş, inanılmaz sayda informasiyanı beynində saxlamaq bacarığı siyasətçinin güclü tərəflərindən idi. Stalinə “rəqəmlər” barədə sual verəndə, o, “Kosıqa”sını çağırırdı. Stalin onun istənilən sualın öhdəsindən gələcəyinə tamamilə əmin idi.

Aleksey Nikolayeviç rəqəm və tarixlərdən ibarət uzun-uzadı nitqləri kağızdan oxumurdu, o, yalnız ayrı-ayrı tezisləri qeyd edirdi. Heç onlara da nadir hallarda göz gəzdirirdi.

İdmançı

Cavanlıqda Aleksey Kosıgin professional avarçəkmə üzrə çempion olub. A. Nikolayeviçin idmana olan marağı ölənə qədər sönmədi.

Kosıgin ömrü boyu avarçəkmə ilə məşğul olub. Onun “Skif” adlı professional qayığı da vardı. O, üzməyi, xizək sürməyi, piyada gəzintiləri sevirdi.

Azarkeşlik etmir!...

Kosıgini Politbüroda nə Stalinin, nə Brejnevin, nə də Xruşşovun vaxtında sevmirdilər. Buna səbəb Kosıginin işinə olan hədsiz ciddi münasibəti idi. Uzun müddət Aleksey Nikolayeviçin mühafizəsində çalışmış Viktor Lukanin bir hadisəni xatırlayır:

“Politbüro nümayəndələrinin arasında əsas azarkeşlər Brejnev, Podqorniy və Qreçko idi. Onların hamısı MOİK-ə azarkeşlik edirdi. İclasların birində həmkarlar keçmiş xokkey oyununun müzakirəsini açmışdılar. Yadımda deyil, Kosıgin məruzə ilə çıxış edirdi, yoxsa yox, amma Brejnev və Qreçko uca səslə şaybanın kimin və necə vurmasını müzakirə edirdilər. Bu yerdə Aleksey Nikolayeviç sərt səslə: “Politbüro iclasında dövlət əhəmiyyətli məsələlər müzakirə edilməlidir, ancaq siz burda oturub, boş-boş söhbətlər edirsiniz!”. Bunu deyib, iclas otağını tərk etdi”.

Gözütox siyasətçi

Kosıgin əksəriyyət üçün “sərf etməyən” siyasətçi idi, səbəb onun hədsiz şəffaf olması idi. Onu “almaq” olmazdı, bu da bir çoxlarını qıcıqlandırırdı. İkimənalı vəziyyətin yaranmaması üçün o, hətta görüşlərə də təyin olunmuş vaxtdan əvvəl gəlmirdi. Kosigin süfrə məclislərini də sevmirdi. Ona hədiyyə olunan “mersedes”ləri dövlət qarajlarına təhvil verirdi. Ərəb ölkələrinin başçıları ona brilyant qaşlı qılınc, xəncər hədiyyə edirdilər. O, bu bəxşişləri Silah anbarına təqdim edirdi. Açılışlarda ona hədiyyə edilən elektrik stansiyaları və gəmilərin maketlərini də Arxanqelskdəki məktəbə göndərirdi.

Təqaüdə yollanan Kosıgin yaşadığı bağ evini bir həftə ərzində boşaltdı və şəhərdəki mənzilinə köçdü. Bahalı bağ evindən isə yalnız kitablarını və şəxsi əşyalarını götürdü.

Diplomat

Siyasət və iqtisadiyyatdakı uğurlarına rəğmən, Kosıgin həm də böyük diplomat olub. 1967-1973-cü illərdə Ərəb-İsrail hərbi münaqişəsinin həll edilməsində Kosıgin müstəsna rol oynadı, 1970-ci illərdə Hind-Çinin Amerika tərəfindən bombardmanının dayandırılmasına da nail olundu. Onun əsas xidmətlərindən biri Sovet-Çin münaqişəsinin həlli oldu. 1969-cu ilin 11 sentyabrında Pekin hava limanında danışıqlar baş tutdu. Düz dörd saat davam edən danışıqlar kifayət qədər sərt keçsə də, heç bir tərəf düşmən mövqeyi tutmadı. Beləcə, SSRİ-Çin müharibəsinə son qoyuldu.

Pasifist

Kosıgin hərbi qoşunların Əfqanıstana yeridilməsinə qarşı idi. O, politbüronun buna qarşı olan yeganə nümayəndəsi idi. Bu vaxtdan etibarən Brejnev və onun əhatəsi ilə münasibətlərində gərginlik yarandı.

Aleksey Nikolayeviç iqtisadiyyata görə də narahat idi. O, iflasın baş verəcəyini görürdü və belə də olur.

Səssiz siyasətçi

Kosıgin və ölümü ayrı mövzudur. O, özü bir neçə dəfə ölümün bir addımlığında olub. Həyat yoldaşı 1967-ci ilin 1 mayında vəfat etdi. “Dəmir baş nazir” 40 il birgə ömür sürdüyü xanımının vəfatı xəbərini eşidəndə özünü itirməsə də, xəstəxanada hisslərinə təslim oldu.

Aleksey Nikolayeviç Brejnevin ad günü ərəfəsində vəfat etdi, bu səbəbdən, onun ölüm xəbərini bir neçə gündən sonra elan etdilər.

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm