Bəhruz Quliyev: “Dövlətə qarşı müxalifətçilik olmur”
Bizi izləyin

Qırmızı.az

Bəhruz Quliyev: “Dövlətə qarşı müxalifətçilik olmur”

“Səs” qəzetinin və “Səs” informasiya agentliyinin baş redaktoru Bəhruz Quliyev Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə ötən gün keçirilən müşavirəni dəyərləndirib.

B.Quliyev Publika.az-a açıqlamasında deyib ki, akademik Ramiz Mehdiyevin bu müşavirəsi Azərbaycan mətbuatına müsbət dinamika verib.

Onun sözlərinə görə, akademik Ramiz Mehdiyev zaman-zaman cəmiyyətdə baş verən proseslərə öz münasibətini bildirib və öz töhfəsini verib:

“Hörmətli Ramiz müəllim hələ bir müddət bundan öncə də telekanallarda bayağı verilişlərin baş aldığı bir dövrdə "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqalə yazdı. Bu məqalə konsepsiya xarakterli idi və cəmiyyətdə mövcud problemin həllinə müsbət təsir göstərdi. Bu məqalədən sonra telekanallarda bayağı verilişlərin sayı da azaldı və müəyyən irəliləyişlər əldə olundu. Ona görə də son vaxtlar cəbhə xəttində baş vermiş məlum hadisələrin ərəfəsində bir sıra sosial media orqanlarında düşünülməmiş məlumatlar yer alırdı, informasiya təhlükəsizliyi yaşanırdı. Bu isə dövlət maraqlarına ziddi idi. Ona görə də akademik Ramiz Mehdiyev belə bir vacib görüşü keçirdi və jurnalistləri diqqətli olmağa səslədi. Hörmətli Ramiz müəllim jurnalistlərə dövlətçiliyi və azərbaycançılığı hər şeydən üstün tutmağı tövsiyə etdi”.

B.Quliyev qeyd edib ki, Azərbaycanda bəzi mətbu orqanlar müxalifət partiyalarının ruporuna çevrilib və Azərbaycan əleyhinə siyasi kampaniyalar aparırlar:

“Bütün bunları Ramiz müəllim öz çıxışında da qeyd etdi və bəyan olundu ki, müxalifətçilik dövlətə, millətə və azərbaycançılığa qarşı olmamalıdır. Mən deyərdim ki, müxalifətçilik ancaq hakimiyyətə qarşı ola bilər. Amma müxalifətçilik dövlətə və vətəndaşa qarşı çevrilirsə, bunun da hüquqi tənzimlənmə mexanizmləri var. Eyni zamanda cəmiyyətinin özünün də bu məsələyə öz etirazı olur. Bu baxımdan da hesab edirəm ki, akademik Ramiz Mehdiyevin ötən gün etdiyi çıxışlar Azərbaycanın kütləvi informasiya vasitələrinin (KİV) işinə də bir yenilik gətirdi və dinamika verdi. Mən bunu çox təqdirəlayiq hal və vaxtında atılmış addım hesab edirəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm