Şəkidə möhtəşəm motofestival - (Fotolar)
Bizi izləyin

Tabloid.az

Şəkidə möhtəşəm motofestival - (Fotolar)

Şəkidə Qafqazin ilk moto-festivalı start götürüb. 10-a yaxın ölkənin baykerlərinin iştirak etdiyi festivalın açılış mərasimi dünən axşam - avqustun 29-da saat 21:30-da baş tutub.

Festivala paytaxt Bakıdan, İrandan, Rusiyadan, Türkiyədən, İngiltərədən baykerlər qoşulub.

Festivalın ilk günündə Şəkinin “Aşağı Karvansara” ərazisində gün ərzində yarmarka təşkil olundu. Burada yerli ustalar öz əl işlərini nümayiş etdirdilər.

Daha sonra baykerlər Şəkidəki stadionda keçirilən çövkan oyununu izlədilər. Çövkan oyunundan sonra isə festivalın cross-riderləri stadiona toplaşanlar üçün möhtəşəm fəndlər etməklə şou göstərdilər.

Festivalın “Aşağı Karvansara” kompleksində baş tutan açılış mərasimində çıxış edən Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov baykerlərə və təşkilatçılara təşəkkürünü çatdırdı. İcra başçısı Azərbaycanın qədim şəhəri hesab edilən Şəkidə belə mötəbər festivalın keçirilməsinə görə çox sevindiyini söylədi.

“Baykerlər igid oğlanlardır. Dünyanın bir çox yerlərindən onların bura gəlişi bu diyarın igidlər diyarı olduğuna dəlalət edir. Belə festivalın məhz Şəki şəhərində keçirilməsinə görə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevə və digər təşkilatçılara dərin minnərdarlığımı bildirirəm” - deyə E.Usubov açılış nitqində bildirdi.

Festivalın açılış mərasimində çıxış edən ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev isə bildirdi ki, Qafqaz moto-festivalının məhz Azərbaycanda keçirilməsi Azərbaycanın çiçəklənməsindən xəbər verir: “Elə bu baxımdan Azərbaycanı seçməmək olmazdı. Bu gün bizim dostlarımız Rusiya, Türkiyə, Gürcüstan və İrandan gəlib. Hətta Böyük Britaniya və ABŞ-dan da dostlarımız bura təşrif buyurub. Mən onların hamısına təşəkkürümü bildirirəm. Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubova burda əlverişli şərait yaratdıqlarına görə “sağ olun” deyirəm.

Eyni zamanda bu gün - avqustun 29-da Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin ad günüdür. Çingiz Mustafayev sağ olsaydı, o da bu gün bizimlə birgə burada olardı. Onun oğlu Fuad Mustafayev buradadır. Təşkilatı işlərdə mənə, baykerlərə kömək etdiklərinə görə hər kəsə, sponsorlarımıza təşəkkür edirəm”.

Avqustun 29-u həmçinin Milli Qəhrəman Çingiz Mustafayevin doğum günü qeyd edildi. Moto-festivalı izləyənlər arasında Milli Qəhrəman Çingiz Mustafayevin oğlu Fuad Mustafayev də var idi. O, Azərbaycanda keçirilən belə festivalları Avropa təcrübəsi ilə müqayisə edərək onlardan heç də geri qalmadığını dedi.

Fuad Mustafayev bildirdi ki, o, bu festivalda iştirak etmək üçün xüsusi olaraq Londondan Şəkiyə gəlib: “Məqsədim isə bu festivala qatılmaqdır. Hazırda çoxlu sayda insan bu festivalda iştirak etmək üçün bura, mənim atamın ad günündə Şəkiyə toplaşıblar. Burada ümumi atmosfer çox yüksəkdir. Hər kəsə uğurlar arzu edirəm”.

Daha sonra baykerler Milli Qəhrəman Çingiz Mustafayev və bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla deyil, motoskletlerinin motorunun yüksək səsi ilə yad etdilər.

Bundan sonra səhnə “Natiq” ritm qrupuna verildi. Qrup bir-birinin ardınca coşqu dolu musiqi nömrələrini səsləndirdi. Sonra səhnəyə “Bon Jovie Tribyut Şou” və “Rolling Stones Şou” çıxdı. Möhtəşəm açılış mərasimdə axşam saatlarınadək DJ-lərin iştirakı ilə diskoteka oldu.

Festival bu gün də davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm