Aynur Camalqızı: “KİV haqqında qanunda əlavə və dəyişikliklər olmalıdır”
Bizi izləyin

Nida.az

Aynur Camalqızı: “KİV haqqında qanunda əlavə və dəyişikliklər olmalıdır”

Bu gün “Yeni Azərbaycan” qəzetinin redaksiyasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin verdiyi tövsiyələrdən irəli gələrək Azərbaycanın informasiya təhlükəsizliyi ilə bağlı dəyirmi masa keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Səs” Media Qrupun rəhbəri Bəhruz Quliyev, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Gündəlik Teleqraf" Media Holdinqinin rəhbəri Aynur Camalqızı, “Trend” İnformasiya Agentliyinin beynəlxalq əməkdaşlıq üzrə direktoru Elçin Hüseynov, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli və digərləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru H.Babaoğlu bu ilin avqust ayının 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsinin əhəmiyyətindən danışıb.

O, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müşavirədə informasiya təhlükəsizliyi ilə bağlı geniş məruzə ilə çıxış etdiyini diqqətə çatdırıb.

Baş redaktor cəbhədə yaranan gərginlik zamanı ölkədə fəaliyyət göstərən bəzi media orqanlarının yalan informasiyalar, hərbi və dövlət sirlərini yaydıqlarını, düşmən tərəfinin əks-kəşfiyyat orqanlarının bu məlumatdan istifadə etdiyini vurğulayıb:

“Bütün media orqanları bu məsələyə həssas yanaşmalıdır. Cəbhədəki son gərginliklər göstərdi ki, Azərbaycanda media orqanları ekstremal vəziyyətdə işləməyi bacarmırlar. Cəbhədəki gərginlik zamanı yalan informasiyalar, hərbi və dövlət sirlərini yayımlayan media orqanları düşmənin “dəyirmanına su tökdülər”. Belə hallara yol verən KİV-lər hüquqi məsuliyyət daşıyır”.

"Gündəlik Teleqraf" Media Holdinqinin rəhbəri Aynur Camalqızı cəbhədəki gərginlik zamanı media orqanlarının işinin ölkənin informasiya təhlükəsizliyinə zərbə vurduğunu, bu hadisənin KİV-in ekstremal vəziyyətdə işləməyə hazır olmadığını göstərdiyini bildirib:

“Yalan informasiyalar həm qeyri-peşəkarlıqdan, həm də qəsdən yayıla bilər. Belə hallar çox ciddi mütəxəssis çatışmazlığından irəli gəlir. Bu sahəyə önəm verilməlidir. Peşəkar jurnalistlərin vəsiqələri xüsusi vasitələrlə fərqlənməlidir. KİV haqqında qanunda mütləq əlavə və dəyişikliklər olmalıdır”.

A.Camalqızının fikrincə, həqiqəti əks etdirməyən informasiyaların daha çox yayılması bəzi elektron KİV-lərin “İP” yarışı ilə əlaqədardır:

“Bəzi elektron media orqanları reytinq xatirinə yalan informasiyalar, hərbi və dövlət sirlərini yayırlar. Avropa və Rusiya ölkələrinin peşəkar elektron media orqanlarının heç birində saytda reytinq göstəricisi olan “İP” sayı qoyulmur. Oxucu üçün saytı oxuyanların sayı yox, oxuyacağı məlumat maraqlıdır. Reytinq yalnız reklam vermək istəyənlərə lazımdır ki, bunu da onlara təqdim etmək mümkündür. Mən rəhbərlik etdiyim media orqanlarında bu üsulu tətbiq edəcəyəm və bunu digər həmkarlarıma da təklif edirəm. Digər problem isə saytların başqalarının xəbərini istinadlı və ya istinadsız yayaraq reytinq qazanmasıdır. Dünya təcrübəsində belə hallarda mütləq xəbərin götürüldüyü yerin “link”i qoyulur”.

Müzakirə olunan mövzunun aktual olduğunu bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə sözügedən məsələlərə nəinki media orqanlarının, eyni zamanda, hər bir azərbaycanlının diqqət yetirməli olduğunu bildirib:

“Bu gün müzakirə olunan mövzu strateji əhəmiyyət daşıyır. Azərbaycan elektron KİV-lərin sayına görə lider ölkələrdəndir. Ancaq elə saytlar yaradılır və fəaliyyət göstərir ki, bunlar ölkənin informasiya təhlükəsizliyi üçün böyük təhlükə törədir. Ordu ilə bağlı sirlərin yayılması bütün ölkə üçün təhlükədir. KİV haqqında qanunda elektron media orqanlarının işini tənzimləyən maddələr olmalı, buna görə də qanuna əlavə və dəyişikliklər edilməlidir”.

Baş redaktor Azərbaycanda KİV-lərə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini, bəzi media orqanlarının isə bundan sui-istifadə etdiyini qeyd edib:

“Hərbi və dövlət sirrini yayan media orqanları ölkəyə düşməndən də çox ziyan vururlar. Belə media orqanlarına qarşı ictimai qınaq olmalıdır. Bütün hallarda KİV-lər Vətənə, millətə və dövlətçiliyə xidmət etməlidirlər”.

“Səs” Media Qrupunun rəhbəri B.Quliyev bu mövzunun bütün media orqanlarının redaksiyalarında müzakirəyə çıxarılmalı olduğunu bildirib.

O, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müxtəlif dövrlərdə Azərbaycan mətbuatı ilə bağlı tənqidi məqalələrlə çıxış etdiyini, bu məqalələrin mövcud problemlərin həllinə müsbət təsir göstərdiyini qeyd edib:

“Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev 2010-cu ildə “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqalə yazdı. Bu məqalədən sonra telekanallarda bayağı verilişlərin sayı azaldı və bu da müəyyən irəliləyişlərin baş verməsinə səbəb oldu”.

B.Quliyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsindəki geniş məruzəsinin media orqanlarının müharibə zamanı fəaliyyəti üçün zəruri olduğunu vurğulayıb.

Onun sözlərinə görə, KİV-ə diqqət və qayğı Azərbaycanda dövlət siyasətinin ən aparıcı sahələrindəndir: "1998-ci ildə mediada senzuranın ləğv olunması KİV-də sərbəstlik yaratdı. Ölkəmizdə internetdən istifadə tam azaddır və sosial şəbəkələrdə vətəndaş jurnalistikası yaranıb. Ancaq bəzi media orqanları demokratiya pərdəsi altında reketliklə məşğul olur, sosial şəbəkələrdə insanların yazdıqları heç bir əsası olmayan fərziyyələri, hərbi və dövlət sirlərini yayımlayırlar. Düşmən isə Azərbaycan mətbuatından bu sirləri asanlıqla əldə edir. Müxalifət mətbuatı dövlətçiliyə, xalqa qarşı olmaq demək deyil. Təəssüf ki, bəzi media orqanları dövlətçiliyə, xalqa qarşı müxalifətçilik edirlər”.

Baş redaktor qeyd edib ki, qanunlar kifayət qədər süzgəcdən keçsə də, elektron media haqqında əlavə və dəyişikliklərin olması lazımdır.

“Trend” İnformasiya Agentliyinin beynəlxalq əməkdaşlıq üzrə direktoru Emin Hüseynov ötəl il ərzində 300-350 saytın yaradıldığını qeyd edib.

O, belə saytların peşəkarlıq səviyyəsinin aşağı olduğunu, onların yaydığı yalan informasiyalardan isə Azərbaycan xalqının ziyan gördüyünü bildirib:

"KİV haqqında qanuna əlavə və dəyişiklik olsa, bu, xəbər saytlarının sayına da təsir edəcək. Müharibə şəraitində olan digər ölkələrin media orqanlarının təcrübəsini öyrənmək də əhəmiyyətlidir".

Modern.az saytının baş redaktoru Elşad Eyvazlı yalan informasiyalar, hərbi və dövlət sirlərini yayan saytlara qarşı ictimai qınaq olmasının vacibliyini vurğulayıb.

O, belə saytların fəaliyyəti ilə bağlı maliyyə orqanlarının araşdırma aparmasını zəruri hesab edib.

Baş redaktorun sözlərinə görə, Azərbaycan KİV-də Dağlıq Qarabağla bağlı yazılar daha da artırılmalıdır.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli isə bildirib ki, ölkənin informasiya təhlükəsizliyi döyüş hazırlığı qədər önəmlidir:

"Yayılan yalan informasiyalar əsgər valideynlərinə də son dərəcə pis təsir edir. Bu istiqamətdə müəyyən işlər aparmaq lazımdır. Cəbhə bölgəsinin əhalisi maarifləndirilməlidir ki, onlar hərbi texnikaları və yerlərinin şəkillərini çəkib sosial şəbəkələrdə paylaşmasınlar. Müdafiə Nazirliyi, digər güc strukturları və Mətbuat Şurası birlikdə bu məlumatları diqqətdə saxlamalıdır.

Amerikanın təcrübəsinə görə, ehtiyatda olan 40-45 yaşlı zabitlərə kurs keçib, maaşla təmin edərək hərbi jurnalistikaya cəlb etmək, eyni zamanda, Bakı Dövlət Universitetinin 3-4-cü kurs tələbələrindən bir neçəsini Müdafiə Nazirliyinin məktəbində bu istiqamətdə yetişdirmək olar.

Beynəlxalq xəbər agentliklərində yayımlanan yanlış məlumatlara görə onlarla daimi olaraq məktub və digər vasitələrlə əlaqə saxlamalıyıq. Hərbi və dövlət sirrini yayan media orqanlarına qarşı ən ağır cəzalar tətbiq olunmalıdır”.

Daha sonra tədbir müzakirələrlə davam etdirilib.

Vasif Həsənli

FOTO Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm