Suriyada iki oğlunu və gəlnini itirən azərbaycanlı ata danışdı – MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Suriyada iki oğlunu və gəlnini itirən azərbaycanlı ata danışdı – MÜSAHİBƏ

Bir neşə ay öncə Suriyanın Əl Rakka şəhərində Bəşər Əsəd qüvvələrinə qarşı döyüşlərdə həlak olan azərbaycanlı Babək Azəri və bu günlərdə elə həmin şəhərdə kürdlərlə döyüşlərdə ayağından yaralanan Emin Azərinin Rusiyanın Noyabrsk şəhərində yaşayan ataları İlyas bəy Avrasiya.net-in suallarını cavablandırıb.

Qeyd edək ki, Azərilər ailəsi, yəni 21 yaşlı Babək, onun həyat yoldaşı Kristina (Xədicə) və qardaşı 22 yaşlı Emin ötən ilin noyabrında Rusiyanın Noyabrsk şəhərindən dini təhsil almaq üçün Türkiyəyə oradan isə Suriyaya gedib. Babək dünyasını dəyişəndən sonra Emin onun həyat yoldaşı ilə birlikdə Suriyada qalıb döyüşü davam etdirməyi qərarlaşdırıblar.

- İlyas bəy, Emindən nə xəbər var?
- Hələ müalicə alır, yarası sağalmaq üzrədir.

- Bəs Babəkin həyat yoldaşı necədir, nəvə gözləyirdiz, dünyaya gəldimi?
- Hələ ki, müalicə alır. Babəkin yadigarı olmadı, heyif. Körpəni bətnində saxlaya bilmədi. Görünür şərait pis olub.

- Bəs orada niyə qalıblar, gəlsinlər vətənə, sizin yanınıza.
- Gəlmək istəmirlər, müxtəlif təkliflər edirəm, faydası yoxdur. Mən belə əqidə görməmişəm.

- Bəs deyirlər ki, kimin əri orada ölür, onun arvadı başqasına ərə gedir?
- Boş söhbətdir, o qadından asılıdır. Onların şəriət məhkəməsi var və qadının istəyi əsas götürülür.

- Bəs Babəkin yoldaşının aqibəti necə olacaq?
- Şəhid ailələrinə ayrıca ev verilib, tək deyil. Babəkin şəhid dostunun, Müslümün yoldaşı, körpəsiylə birgə qalır.

- Müslüm kimdir?
- Rus idi, Noyabrsk şəhərindən, İslam dinini qəbul etmişdi.

- Əsl adı nəydi bəs?
- Vyaçislav

- Neçə yaşı vardı?
- 21.

- Arvadı da rusdur?
- Xeyir, çeşen qızıdır. Adı Fatimədir.

- O da ərə getməyib?
- Yox. Şəriət məhkəməsi qadınların istəyini nəzərə alıb. Bizim mətbuatda çoxlu hədyanlar yazırlar, heç biri də həqiqət deyil. Mən İŞİD tərəfdarı deyiləm, amma haqqın tərəfdarıyam. İsrailin raket zərbəsindən parcalanan uşaq cəsədini İŞİD-in adına yazırlar. Bu kimi yazıları verməklə kimə xidmət etdiklərini unudurlar.

- Siz özünüz necə, gedib orada vuruşardınız?
- Yox, əlbəttə. Mən müsəlman qanını axıdanlara qarşıyam. Nə fərqi: şiədir, sünnüdür, ələvidir və ya başqasıdır. Axır ki, Allaha itaət edir. Bütün bu hadisələr xristian Qərbin qurmalarıdır. Əfsuslar olsun ki, islam dünyasının birliyi yoxdur.

- Müslüm də Babəkin ailəsi ilə birgə getmişdi Türkiyəyə?
- Bəli, onlar möhkəm dost idilər. Babəkdən bir ay sonra o da şəhid oldu.

- O da ailəsi ilə getmişdi?
- Bəli.

- Sizin şəhərdən Suriyaya cox adam gedib?
- 21 nəfər.

- Neçəsi ölüb?
- Hələ ki, ikisi.

- Gedənlərin hamısı müsəlman idi?
- Təbii. Bunu mənə hüquq-mühafizə orqanlarından deyiblər.

- Babəklə Emin necə yaşından dini təhsil almağa başladılar?
- Babək 10, Emin bir az sonra.

- Bütün bunlar sizin gözünüzün qarşısında baş verib. Amma siz görməmisiz ki, onlar dini qruplaşmalarda olurlar…
- Yox, onlar Quranı oxuyur, dini kitablar oxuyurdular. Bəzən mübahisələrimiz düşürdü. Çox vaxt bizim mollaların hərəkətlərini misal gətirirdilər, fırıldaqlarını açırdılar. Amma həqiqəti deyirdilər.

- Onlar Türkiyəyə getməzdən öncə sizin evə saqqallılar gəlib, gedirdilər?
- Bizim evə heç kim gəlmirdi. Babəkin saqqalı var idi, amma çox da deyildi. Deyirdi kişinin üzündə tük olar. Bunlar əsas deyildi, əsas onları bu yola yönəldən artıq işini görmüşdü. Onlar bizdən gizlədirdilər, açıq danışmırdılar. Həm də onlar başqa şəhərdə yaşayırdılar, biz nə bilək. Nə isə, görürəm jurnalist marağınız genişdir. Amma hər fikri yazmağa məsləhət görməzdim. Mən ziyalı olduğumçün maraqlarınızı başa düşürəm. Amma yenə də….

- Məqsədim bunu yazmaqla neçə-neçə Babək kimi qardaşlarımızı bu yoldan çəkindirməkdir...
- Bir cavan övladını itirmiş, ikincini də itirmiş kimiyəm. Heç bir ataya bunu arzulamıram, hətta düşmənimə də. Əqidə saflığı lazımdır, lakin bu əqidənin bəşəri dəyərlərə söykəndiyinin əminliyi varsa. Haqqın dərgahında, düzlüyün istiqamətində hərəkət etməklə Allahın haqq yolunda olduğunuzu biləndə insan rahat olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm