“Tanrıdan sonra mən olacaqdım” deyən “xüsusi adam” məşhur oliqarxı necə “sındırdı”? – FOTOLAR
Bizi izləyin

İdman

“Tanrıdan sonra mən olacaqdım” deyən “xüsusi adam” məşhur oliqarxı necə “sındırdı”? – FOTOLAR

“Tanrıdan sonra mən olacaqdım” deyən “xüsusi adam” məşhur oliqarxı necə “sındırdı”? – FOTOLAR

Deyirlər ki, onun bəxti həmişə gətirir. Haqqında az qala əfsanələr qoşulub. Şəxsi həyatı isə həmişə toxunulmaz mövzu olub.

Publika.az “II taym” layihəsi çərçivəsində dünya futbolunun “xüsusi adamı” Joze Mourinyo haqqında məlumat verəcək.

Atasının yolunu getdi, ancaq...

Joze Mourinyo 1963-cü ildə yanvar ayının 26-da Portuqaliyanın Setubal şəhərində anadan olub. O, portuqaliyalı qapıçı Jose Feliks Mourinyonun oğludur. Anası Maria Culia Mourinyo ibtidai sinif müəlliməsidir.

Əvvəllər atasının yolu ilə gedərək futbolçu olmağı xəyal edən Joze "Belenenses"də, "Sesimbra"da və atasının məşqçi kimi çalışdığı "Rio Ave" komandalarında oynayıb.

Ancaq futbolçu olmaq üçün yetərli xüsusiyyətlərə sahib olmadığına görə uğur qazana bilməyib.

Anası etiraz etdi...

Bundan sonra məşqçiliyə başlayan Joze anasının etirazlarına baxmayaraq, Lissabon Texniki Universitetinin idman elmləri şöbəsinə daxil olub.

5 illik təhsil müddətini uğurla başa vurur. Əvvəlcə məktəbdə məşqçi, sonra doğulduğu şəhərin komandası olan "Setubal"ın gənc komandasında baş məşqçi kimi çalışır.

Həyatını dəyişdirən təklif – Macəra

Joze Mourinyoya həyatını dəyişdirən təklif 1992-ci ildə gəlib. "Sportinq” klubunun idarəçiliyinə keçən Bobi Robson onu köməkçi məşqçi olaraq yanına qəbul edib. Bacarığı və şəxsiyyəti ilə qısa müddətdə Bobi Robsonun hörmət və sevgisini qazanıb.

Belə ki, Robson "Sportin"dən sonra "Portu" və daha sonra "Barselona"ya gedərkən Joze Mourinyonu da yanına aparıb.

Qısa zamanda katalon dilini öyrənən Mourinyo burada Robsonun həm köməkçisi olur, həm də tərcüməçilik edir.

İllər sonra onun haqda "O yalnız tərcüməçidir" deyən “Barselona” camiəsindən intiqamını alıb. Belə ki, onun çalışdırdığı “İnter” Çempionlar Liqasının yarımfinalında “Barselona”ya qalib gəlir. Joze işarət barmağını səmaya doğru qaldırıb, “Nou Kamp”da tərəfdarı “salamlayır”. Mourinyo Robsondan sonra "Barselona"da Van Qaalın da köməkçisi olub. Bu müddət ərzində 2 çempionluq yaşadı və "Benfika"ya Yupp Haynkesin köməkçisi olaraq getdi.

Ancaq orda baş assistent özünün deyil, Jezualddo Ferreyranın seçilməsini həzm edə bilmədi. Cəmisi bir həftə sonra "Nyukasl”da idi. Yenə də Bobi Robsonun yanında.

İlk baş məşqçiliyi – İddialı çıxış

Joze Mourinyo baş məşqçi kimi ilk dəfə 2001-ci ildə "Leyria"nın “sükanı” arxasına keçib. Burada 1 il çalışdıqdan sonra "Portu"dan təklif alır.

İlk mövsümdə "Portu" onun rəhbərliyi altında çempionatda 3-cü yeri tutur. Onun postunda qalıb-qalmayacağı müzakirə olunan zaman iddialı açıqlama verir: "Gələn il çempionuq!"

Mourinyo bəzi oyunçularla yollarını ayırır, yeni transferlər edir, icarəyə verilən futbolçularını geri çağırır.

Komandanın heyətində ulduz futbolçuların olmaması “Portu”nun perspektivinə şübhə yaradırdı. Ancaq belə düşünənləri müdhiş bir dərs gözləyirdi.

Mövsümün sonunda "Portu" 27 qalibiyyət, 5 bərabərlik və 2 məğlubiyyətlə 86 xal yığır. “Portu” ən yaxın rəqibi "Benfika"nı 11 xal qabaqlayaraq çempion olur. Bu, "Portu"nun tarixi ərzində bir mövsümdə yığdığı ən yüksək xal idi. "Portu" təkcə çempionluğu yox, Portuqaliya kubokunu və UEFA kubokunu da qazanır.

"Milan"lı Şevçenkonun qolu ilə UEFA Superkubokunu əldən verən "Portu" növbəti mövsümdə Çempionlar Liqasında boy göstərir.

“Nəhəng” klublar onu istəyirdi

"Portu" Çempionlar Liqasına da mükəmməl başlayır. Bütün rəqiblərini bir-bir məğlub edən Mourinyonun yetirmələri finalda "Monako"nu da məğlub etməyi bacarır. Artıq Avropanın nəhəng klubları Joze Mourinyonu istəyirdi.

“Çelsi”yə keçdi - ən yüksək məvacibi aldı

2004-cü ilin iyununda "Çelsi"nin baş məşqçisi oldu. Hələ "Çelsi"də işə başlamazdan əvvəl klubun rusiyalı sahibi, oliqarx Roman Abramoviçlə bağlı "Klubun sadəcə pul işlərinə qarışacaq. Böyük uğurlar böyük pullarla gəlməz" dedi.

"Çelsi"dəki ilk ilində 4,2 milyon funt sterlinq, ikinci il 5,2 milyon funt sterlinq qazanıb. Bu da baş məşqçi üçün verilən ən yüksək məvacib idi.

Bir mətbuat konfransında bununla bağı verilən suala belə cavab verir:

“Lütfən, aldığım məvaciblə bağlı suallar verməyin. Mən Avropa çempionuyam və dünyanın ən yaxşı baş məşqçisiyəm, xüsusi biriyəm”.

2005-ci ildə "Çelsi"ni 95 xalla Premyer Liqanın çempionu etdi. Növbəti mövsüm də çempionluğu heç kimə vermədi.

Oliqarxla münasibətləri korlandı, klubdan getdi

Ukraynanın futbol ulduzu Andrey Şevçenkonun “Çelsi”yə gəlişi Abramoviçlə Jozenin arasını vurur. Mourinyo Şevçenkonu ehtiyatda saxlayır ki, bu da oliqarxı qane etmir. Bundan sonra Abramoviç israilli Avraham Qrantı kluba idman direktoru təyin edir. Bu artıq “get” mesajı idi. Bir müddət sonra Mourinyo 3 ildə 6 kubok qazandırdığı "Çelsi"dən ayrılmaq məcburiyyətində qalır.

“İnter”in Mourinyolu dövrü

Mourinyo 2008-ci ildə “İnter” klubunu çalışdırmağa başlayır. O, 2009-cu ildə "İnter"lə A seriyasında çempion olur. Mourinyo növbəti mövsüm həm A Seriyasında çempion olur, həm İtaliya Kubokunu, həm də Çempionlar liqasını qazanır.

Azarkeşlər istəmədi, ancaq o, yeganə çarə idi

“İnter”ə tarixindəki ilk dəfə Çempionlar Liqasını qazandıran Mourinyo üçün artıq "Real" (Madrid) adı gündəmdə idi.

Bu dövrdə İspaniyanın "Marca" qəzeti "Real" (Madrid) tərəfdarları arasında sorğu keçirir. Sorğunun nəticəsinə görə, "Real" (Madrid) tərəfdarlarının 78 faizi komandanın başında Jose Mourinyonu görmək istəmirdi.

Ancaq son illərdə İspaniyada hökm sürən "Barselona" hegemonluğunu bitirmək istəyən klub rəhbərliyinin Joze Mourinyonu komandaya dəvət etməkdən başqa çarəsi yox idi.

2010-cu ilin may ayının 31-də “Real” Mourinyo ilə 4 illik müqavilə imzalayır. Bununla da “İnter”ə başa çatmamaış müqavilənin ləğvi üçün 8 milyon avro ödəyir. Mourinyoya isə illik 10 milyon avro ödəməyi qəbul edir.

Mourinyo "Real"a niyə gəldiniz sualna belə cavab verir:

“Klubun tarixi, komandanın son illərdə yaşadığı xəyal qırıqlığı və çempionluq ümidləri...”

Komandadakı ilk ilində Mesut Özil, Sami Xedira, Rikardo Karvalyo, Anxel Di Mariya kimi vacib transferlər edir. İspaniya Kubokunu (Copa del Rey) qazanır, İspaniya liqasını "Barselona"dan sonra, 2-ci pillədə bitirir.

"Real"dakı ikinci ilində La Liqanı çempion olaraq bitirən Mourinyonun komandası, “Barselona”nı məğlub edərək İspaniya Super Kubokunu da qazanır.

Münasibətlər korlanır – Madriddən gedir

Mövsüm sonunda "Real"la müqaviləsini 2016-ci ilə qədər uzatmasına baxmayaraq, Mourinyonun işləri yaxşı getmir.

Başda "Real" ın dünyaca məşhur qapıçısı İker Kasilyas olmaqla, futbolçularla və tərəfdarlarla problemlər yaşayan təcrübəli baş məşqçi, 2013-cü il may ayının 20-də tutduğu postdan istefa verir.

40 milyona yenidən “Çelsi”də

"Real"dakı 2 illik karyerasından sonra Mourinyo, 2013-cü ilin iyunun 3-də yenidən "Çelsi"yə dönür. O, 40 milyon funt sterlinq qarşılığında 4 illik müqaviləyə imza atır.

Mühafizəkar ailə başçısı

Mourinyo həyat yoldaşı Matilde Faria ilə 17 yaşından bir yerdədir.

Mourinyo həyat yoldaşı ilə yeniyetmə yaşlarında, doğulduğu şəhərdə tanış olub. 1989-cu ildə Mourinyo Matilda ilə münasibətlərini rəsmiləşdirir.

Xüsusi dəvətlərdən, əyləncələrdən həmişə uzaq olan portuqaliyalı baş məşqçi gecə həyatında görünmür. Tətilini ailəsi ilə Portuqaliya sahillərində keçirməyi üstün tutur. Mətbuata ailəsi, həyat yoldaşı ilə bağlı məlumat verməyi sevmir.

Ailəsini, xüsusilə yoldaşını mətbuatın qarşısına çıxarmır. Hətta bununla bağlı başına bir olay da gəlib. Mourinyo tətildən dönərkən hava limanında onun ailəsi ilə şəklini çəkmək istəyən müxbirlə mübahisə edir. Əsəbi soyumayan baş məşqçi müxbiri döymək istəyir. Ancaq ətrafdakıların da müdaxiləsi ilə münaqişənin qarşısı alınır.

Mourinyonun Milanda olarkən bir qadına aşiq olduğu və həyat yoldaşından ayrılacağı iddiaları da ortaya atılmışdı. Mourinyonun aşiq olduğu iddia edilən xanım məşhur televiziya aparıcısı Alba Parietti idi. Alba sevgililər günündə Mourinyodan çiçək aldığını iddia etmişdi.

Bütün dedi-qodulara baxmayaraq, Mourinyo həyat yoldaşından heç vaxt ayrılmayıb. İki övladı var – oğlan və qız...

Mourinyo özünü belə xarakterizə edir:

"Xüsusi həyatımda futbolda olduğumun tamamilə əksiyəm. Sıfır risk, sıfırdır iqtisadi sərmayə. Pulumla aldığım risk sıfırdır. Təvazökar bir şəxsəm, sosial həyat heç məni çəkmir. Və yalan ən sevmədiyim şeydir. Keniya tətilinə getdiyim zaman bir cadugər tutduğumu söylədilər. Bu qədərini belə "gopladılar"! Mənim evimi açmaq mümkün deyil, tərəfdarlarla küçədə görünməyim çox nadir haldır. Klubumun bir dərnəyini ziyarət etmək istəyərdim, amma dediklərinə görə, o qədər çox var ki, hamısına getməyim lazımdır. Buna görə heç getmirəm . Yəni Mourinyonu kimsə tanımır. Onu həqiqətən tanıyanlar ailəsi, dostlarıdır.

Mourinho, xarici dil və təhsil

Jozenin ən vacib xüsusiyyətlərindən biri dil öyrənmək bacarığıdır. Riyaziyyatdan həmişə zəif olan Joze, xarici dil və fəlsəfə sahəsində isə çox bacarıqlı olub. Mourinyo hazırda ingilis, italyan, ispan və fransızca danışa bilir.

“İnter”ə baş məşqçi təyin olunarkən ilk mətbuat konfransında "3 həftə içində italyan dilini öyrənəcəyəm" deyərək bütün mətbuat mənsublarını heyrətləndirmişdi. O doğurdan da dediyini edir.

Vətəni Portuqaliya haqqında düşündükləri

Joze Mourinyo "El Pais"də Juan Kruza verdiyi müsahibədə Portuqaliya haqqında maraqlı fikirlər bildirib:

“Heç də tipik bir portuqaliyalı deyiləm. Çünki əsl portuqaliyalı adətən Portuqaliya üçün darıxar, amma mən darıxmıram. Bəlkə də şahanə bir ailəm olduğu üçün və gördüyüm işə aşiq olmağımdan irəli gəlir. Darıxmıram, çünki işimə çox bağlıyam.

Ölkəsinə qayıtmaq istəməyən bir portuqaliyalıyam. Portuqaliyada bir klubu çalışdırmaq istəmirəm, Portuqaliyada yaşamaq istəmirəm, amma ölkəsi üçün vacib şeylər etmək istəyən bir portuqaliyalıyam.

Qəzet oxumur, televizora baxmır

Mourinyo qəzet oxumadığını, televizoru isə yalnız matç izləmək üçün açdığını söyləyib. Portuqaliyalı baş məşqçi xəbərlərdən klubun mətbuat katibi vasitəsi ilə məlumatlandırıldığını deyib. Özü barədə yazılanlardan bu şəkildə xəbərdar olur.

Mourinyonun bu açıqlaması mətbuatın gündəmindən heç vaxt düşməyib.

“Əgər işimin asan olmasını istəsəydim, "Portu"da qalardım. Gözəl mavi kreslo, Çempionlar Liqası kuboku, Tanrı və Tanrıdan sonra mən olacaqdım”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm