Milli Şuradan onlar da gedir - Qalmaqal
Bizi izləyin

Nida.az

Milli Şuradan onlar da gedir - Qalmaqal

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Milli Şuradan çıxır.

Partiyanın qurumun sonuncu sessiyasına qatılmaması da bunu deməyə əsas verir. Belə ki, uzun fasilədən sonra keçirilən sessiyada klassiklər iştirak etməyib.

KXCP sədri Mirmahmud Mirəlioğlu bu barədə danışmaqdan imtina edib. Lakin müxalifət kulislərində gedən söhbətlərə görə, partiya “de-yure” olaraq qurumdan ayrılmaq niyyətindədir. Ona görə “de-yure” ki, faktiki olaraq KXCP-nin Milli Şurada yalnız adı qalıb. Sonuncu sessiyadan əvvəlki sessiyada yaşanmış qalmaqalla tərəflər arasında, demək olar ki, bütün körpülər yandırıldı.

Bunun ardınca M. Mirəlioğlu Milli Şuradan ondan əvvəl ayrılmış İsa Qəmbərlə münasibətləri istiləşdirdi.

Publika.az KXCP-Milli Şura münasibətlərinə hər iki tərəfdən aydınlıq gətirməyə çalışıb.

KXCP sədrinin müavini Xəzər Teyyublu Milli Şurada fəaliyyət göstərdiklərini, lakin müəyyən narazılıqların olduğunu deyir: “Biz istəmirik ki, Milli Şura bir partiyanın təsirində olsun. Bununla bağlı narahatlığımızı ifadə etmişik. Hesab edirik ki, Milli Şura hər hansı təşkilatın üstqurumuna çevrilməməlidir. Milli Şuranın daxilindəki vəziyyətlə bağlı mayın 2-də etirazımızı bildirdik. Qurumun genişlənməsinə, inkişaf etməsinə stimul lazımdır. Biz qurumun AXCP hesabına genişlənməsinə qarşıyıq”.

X. Teyyub qeyd edib ki, Milli Şuradakı təmsilçiliklərinə yenidən baxa bilərlər. O, qurumdan ayrılmağı da istisna etməyib.


Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal isə KXCP-yə etiraz edir. Onun sözlərinə görə, bu səbəblər bəhanədir.


“Biz istəməzdik ki, KXCP Milli Şuradan ayrılsın. Çünki bu partiya demokratiya uğrunda mübarizə aparan təşkilatlardandır. Onun getməsi Milli Şuranı zəiflədər. istəyirik ki, bizimlə yolumuza birgə davam etsin. Amma getmək istəsələr də, bu, onların öz işidir. Gedəni saxlamazlar, əgər gedirlərsə, bəhanə gətirməsinlər”, - deyə o bildirib.


V. Mirmkamal qeyd edib ki, Milli Şura nəinki AXCP-nin, heç bir partiyanın hesabına genişləndirirlmir. Onun sözlərinə görə, qəbul olunan üzvlər öz xidmətlərinə görə buna layiq görülüblər: “Heç kimə təmsil olunduğu partiyaya görə qiymət vermirik”.


Qeyd edək ki, Milli Şurada AXCP-nin dominantlığı haqda xəbərlərin yayılması birinci dəfə deyil. Müsavatın qurumdan ayrılmasına səbəb olan amillərdən biri də bu idi. İddialara görə, Əli Kərimli qurumu özünə yaxın şəxslər hesabına genişləndirir, beləliklə, öz təsir gücünü qoruyur.
Sonuncu sessiyada başqa “Azadlıq” qəzetinin baş redaktoru Qənimət zahid olmaqla qəbul olunan 8 üzvün də hamısı bu və ya digər formada Əli Kərimliyə yaxın şəxslər hesab olunur.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm