“Azərbaycan çalışmalıdır ki, Rusiyanın maraqlarını təmin etsin” – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

“Azərbaycan çalışmalıdır ki, Rusiyanın maraqlarını təmin etsin” – MÜSAHİBƏ

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin Publika.az-a müsahibəsi:

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə yanaşı, Gömrük və Avrasiya ittifaqlarına da üzv ola bilərik”

– Azərbaycan və Ermənistan prezidentləri Parisdə görüşüb danışıqlar aparmağa razılıq veriblər. Bu görüşdən gözləntilər nədir?

– Doğrusu, mən bu görüşdən də hər hansı ciddi nəticənin əldə olunacağını gözləmirəm. Sadəcə olaraq, bu, Fransa prezidentinin etika xətrinə sözünü yerə salmamaq üçün keçirilən bir görüşdür. Mən dəfələrlə söyləmişəm ki, Ermənistan özbaşına bu məsələni həll edə bilməz. Hətta Ermənistanda hər hansı bir lider Dağlıq Qarabağ münaqişəsini Rusiyasız həll etmək istəsə, onu fiziki baxımdan məhv edərlər. Necə ki, 1999-cu ildə Ermənistan parlamentində spikeri və baş naziri aradan götürdülər. Serj Sarkisyan Ermənistanda müstəqil şəxs deyil ki, öz istədiyi qərarı versin. O, Qarabağ məsələsində müstəqil qərar verə bilməz. Ona görə də mən bir daha deyirəm ki, ATƏT-in Minsk qrupu üzvlərindən biri olan Fransada güclü erməni lobbisi var və bu ölkədə indiyədək neçə siyasi hakimiyyət dəyişsə də, ancaq dövlətin ermənilərə qarşı münasibəti və siyasəti dəyişməyib. Fransada və ABŞ-da heç kim Azərbaycana görə Ermənistanı işğalçı dövlət adlandırmayacaq. Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini azad etməyi heç kəs tələb etməyəcək. Bu görüşlərin də keçirilməsində əsas məqsəd odur ki, Azərbaycanı Ermənistana qarşı güzəştə getməyə məcbur və ya sövq etsinlər.

Bu münaqişədə əsas tərəf Rusiyadır. Azərbaycan da çalışmalıdır ki, Rusiya ilə dil tapsın, Rusiyanın maraqlarını təmin etsin və sairə. Mən əvvəllər də demişəm ki, əgər Rusiya Azərbaycandan özünün maraqlarının qorunması üçün nə isə istəyirsə, əvəzində Qarabağın azad olunması naminə buna getmək olar. Hətta Rusiya torpaqlarımızın azad olunmasına razılıq verərsə, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da üzv ola bilər. Çünki biz vaxtilə də bu təşkilata üzv olmuşuq. Bu təşkilata üzv olmaq Azərbaycanın müstəqilliyini heç zaman təhdid etmir. Misal üçün, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə yanaşı Gömrük və Avrasiya ittifaqlarına da üzv ola bilərik. Azərbaycan enerji siyasətini Rusiya ilə razılaşdıra bilər. Qərbin də buna görə Azərbaycandan inciməyə haqqı olmamalıdır. Çünki indiyədək Qərb Qarabağ məsələsində ədalətli mövqe tutmur. Əgər Rusiya da bütün bunların qarşılığında ədalətli mövqe tutmazsa, o zaman bu barədə Azərbaycan xalqına açıq məlumat verilməlidir. Deyilməlidir ki, Azərbaycan Rusiyaya Qarabağın müqabilində nələr təklif etsə də, ancaq onlar buna razı olmur. Bundan sonra isə Azərbaycan iqtisadiyyatı hərbi istiqamətdə inkişaf etdirilməlidir və Azərbaycan xalqı torpaqları işğaldan azad etmək üçün ölüm-dirim savaşına atılmalıdır. Bunun başqa yolu mümkün deyil.

“Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Rusiyadan asılıdır”

– Son vaxtlar ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransa arasında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili ilə bağlı sanki bir rəqabət yaranıb. Sizcə, bu, nədən xəbər verir?

– Əslində, Fransa prezidenti Putindən də öncə, Bakıya səfər edən zaman prezidentlərin görüşünü təşkil etmək barədə təklif etmişdi. Əlbəttə, onlar da istəyir ki, guya bu cür görüşləri təşkil etməklə, Dağlıq Qarabağ münaqişəsinin həllini Rusiyanın nəzarətindən çıxarsınlar. Ancaq mən yenə də deyirəm ki, bütün bunların hamısı mənasızdır. Həmin ölkələrin diplomatları bağlı qapılar arxasında şəxsən mənim özümə də dəfələrlə söyləyiblər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Rusiyadan asılıdır. Ona görə də Azərbaycan çalışmalıdır ki, bu problemi Rusiya ilə həll etsin. Çünki ABŞ və Fransa da çalışacaq ki, bu məsələni ancaq Ermənistanın xeyrinə həll etsin. Yəni, bu dövlətlər sözügedən məsələdə ədalətli mövqe tutmayacaq. Açığı, heç onlar bu münaqişənin ədalətli həllini belə istəmirlər.

“Vəfa Quluzadə 20 ildir deyir ki, Rusiya bu gün, sabah dağılacaq”

– Sizin və bir neçə digər deputatın Rusiya ilə bağlı bu cür açıqlamaları bəzi mətbuat orqanlarında birmənalı qarşılanmır. Hətta bəzi siyasi şərhçilər sizin və digər həmkarlarınızın bu açıqlamalarını Rusiyapərəst kimi təqdim edirlər. Bu cür fikirlərə və yazılara münasibətiniz necədir?

– Rusiya bizim böyük qonşumuzdur. Rusiya hər zaman da daha çox hərbi gücə söykənən siyasət yürüdür. Ona görə də Azərbaycan çalışmalıdır ki, belə bir dövlətlə münasibətlərini yüksək səviyyədə olmasa belə, ən azı normal saxlaya bilsin. Çünki Rusiya ilə münasibətlərin korlanması Azərbaycan üçün daha ağır problemlər yarada bilər.

Bəzi Qərbdən maliyyələşən təşkilatlar və Qərbin burada olan “nüfuz dəllalları” var və onların söylədiyi bu cür fikirlərə məhəl qoymaq lazım deyil. Çünki onlar Qərbdən aldığı qrantlara görə bu cür danışırlar. Əslində, onlar özləri də çox gözəl başa düşür ki, dünyanın “super güc” dövlətlərindən biri olan ABŞ prezidenti dövlətin adından Ukraynaya söz verdi, amma sonradan ləyaqəti çatmadı ki, dövlətinin adına, nüfuzuna və verdiyi vədlərə sayğı ilə davransın. Hər kəs gördü ki, Rusiya Ukraynanı necə şikəst günə qoydu, Krımı işğal etdi, Donetskdə isə yeni münaqişə ocağı yaratdı. Amma ABŞ və Qərb Rusiyaya heç nə edə bilmədi. Əvəzində isə Qərbin Rusiyaya cavabı sanksiya tətbiqi oldu. Məgər Rusiyaya sanksiya tətbiqi ilə Ukraynanın ərazi bütövlüyü bərpa olundu? Krım geri qaytarıldı? Halbuki ABŞ və Qərb Ukraynaya arxa çıxıb Rusiyaya hərbi gücünü də nümayiş etdirə bilərdi. Amma əksinə, Qərb bəyan etdi ki, biz Ukraynaya hərbi silah yardımı göstərə bilmərik və sairə. Qərb dedi ki, biz Rusiyaya yalnız sanksiya tətbiq edəcəyik. Əslində, Qərb bununla Rusiyanı Ukraynaya qarşı daha da qızışdırdı və beləliklə də, iki qardaş xalqı bir-birinə düşmən etdilər. Digər tərəfdən isə, Ukraynada yeni münaqişə ocağı yarandı. Ona görə də belə bir dövlətlərə, o cümlədən ABŞ və ya Böyük Britaniyaya güvənib Azərbaycanda Rusiyaya qarşı siyasət yürütmək, sizcə, nə dərəcədə ağıllı hərəkət ola bilər? Bu, nə dərəcədə uzaqgörən siyasət olar? Bizim hörmətli Vəfa Quluzadə 20 ildir ki, deyir Rusiya bu gün, sabah dağılacaq. Yəni, belə adamların, “siyasi ekspertlərin” bu cür fikirlərinə əsaslanıb siyasət yürütmək, Azərbaycanı böyük bəlaya salmaq olar.

Bu günlərdə Roma papası da dedi ki, artıq “üçüncü dünya müharibəsi” başlayıb. Əslində, Roma papasının bu fikirlərində müəyyən mənada həqiqət də var. Azərbaycan çalışmalıdır ki, bu cür münaqişələrdə tərəf olmaqdan özünü qoruyub saxlasın. Əgər Rusiya ilə də anlaşa bilsə, o zaman bir razılıq əldə etsin və torpaqlar işğaldan azad olunsun. Əgər bu da mümkün deyilsə, o zaman torpaqlarımızın azad olunması üçün ölüm-dirim savaşına hazır olmalıyıq. Bunun üçün də Azərbaycan öz ordusunu daha da gücləndirməlidir, daha çox yeni silahlar almalıdır və istehsal etməlidir. Beləliklə də, biz torpaqlarımızı hərbi yolla azad etməliyik.

“Vətəndaşlar Azərbaycanda bu sabitliyin qorunub saxlanmasını istəyir”

– Bir sıra xarici təşkilatlar Azərbaycanda həbs olunan hüquq müdafiəçiləri ilə bağlı bəyanat yayıblar. Bu bəyanatların mətni sizi qane edirmi?

– Bilirsiniz, mən hər zaman demişəm ki, Azərbaycan hökuməti dünyada insan haqları sahəsində vəziyyətlə bağlı rəy formalaşdıran bir sıra tanınmış hüquq müdafiəsi təşkilatları ilə qarşıdurmaya getməməlidir. Çünki dünyada bu sahədə əsas rəyi, beynəlxalq fikri bu təşkilatlar formalaşdırır. Biz yaxşı bilirik ki, bu təşkilatlar ayrı-ayrı dövlətlər tərəfindən maliyyələşir. Həmin dövlətlər isə düyməni basanda, onlar bu və ya digər ölkələrdə insan haqları ilə bağlı vəziyyətə xüsusi diqqət yetirirlər və qalmaqallı hesabatlarla çıxış edirlər. Biz bu acı reallığı qəbul etməliyik. Necə ki, biz bu gün Qarabağ münaqişəsinin arxasında Rusiyanın dayanmasına baxmayaraq, Rusiyanın vasitəçi dövlətlərdən biri olması kimi acı reallığı qəbul ediriksə, eyni zamanda, insan haqları ilə bağlı vəziyyəti əks etdirən təşkilatlarla bağlı da bu reallığı qəbul etməliyik. Mən bu məsələ ilə bağlı Azərbaycan hökumətinin də narahatlığını başa düşürəm. Siz görürsünüz ki, Azərbaycan xalqı son həbslərə heç bir reaksiya vermir və bunu normal qəbul edir. Çünki xalq da yaxşı görür ki, məhz həmin ABŞ və Avropa bizim də daxil olduğumuz müsəlman aləmində olan bir sıra ölkələrin, o cümlədən İraq, Suriya, Əfqanıstan, Misir, Liviya və sairə dövlətlərin daxili işlərinə müdaxilə etməklə, bu ölkələri hansı vəziyyətə salıb. Ona görə də camaat Azərbaycanda bu sabitliyin qorunub saxlanmasını istəyir. Azərbaycan hökuməti isə narahatdır. Çünki bilir ki, Qərbin Azərbaycanda bəzi “nüfuz dəllalları” var. Hökumət də bunlarla bağlı sərt tədbirlər görür. Hesab edirəm ki, bu addımlar atılarkən, kifayət qədər ölçülüb-biçilməlidir. Yəni, bütün bunlar ölkədə vətəndaş cəmiyyəti quruculuğuna mənfi təsir göstərməli deyil. Azərbaycanda demokratikləşmə prosesi bundan ziyan çəkməli deyil. Bütün bunlar Azərbaycan cəmiyyətinin siyasi baxımdan inkişafının ləngiməsinə gətirib çıxarmamalıdır. Ona görə də bizim bəzi siyasi partiya və qruplar nə qədər sərt bəyanatlar versə də, cəmiyyət buna heç bir reaksiya vermir.

İndi internet və canlı televiziyalar var, dünyada baş verən bütün hadisələrdən tezliklə xəbər tutmaq çox asan olub. Cəmiyyət də bütün bunları görüb izləyir və təhlil edib nəticə çıxarır. Azərbaycanda da hər kəs çalışmalıdır ki, ölkəmiz ayrı-ayrı dövlətlərin eksperiment keçirdiyi bir əraziyə çevrilməsin.

“Səhhətimdə problem olduğu üçün həmin konfransa qatılmamışam”

– Bu gün ADP-nin qərargahında müxalifət siyasi partiyasının yaratdığı “Demokratiya və İnsan Haqları Mərkəzi” “Azərbaycanda demokratiyanın vəziyyəti” mövzusunda konfrans keçirib. Konfransda 16-ya yaxın müxalifət partiyaları iştirak ediblər. Bu konfransda iştirak etmək üçün sizə dəvət göndərilib?

– Doğrusu, Klassik Xalq Cəbhəsi Partiyası tərəfindən bizim partiyaya belə bir dəvət olub. Bu dəvət şəxsən mənə deyil, partiyamıza telefon vasitəsilə göndərilib. Amma səhhətimdə problem olduğu üçün, həm də bu tədbiri mənasız hesab etdiyim üçün həmin konfransa qatılmamışam.

“Bəzi restoran sahibləri dələduzluqla məşğul olurlar”

– Son günlər Azərbaycanda yas və toy mərasimləri ilə bağlı müvafiq qanun qəbul edilməsi məsələsi gündəmə gəlib. Bu məsələ ilə bağlı sizin təklifiniz və ya mövqeyiniz nədən ibarətdir?

– Belə məsələlərlə bağlı qanun qəbuluna ehtiyac olmasını düşünmürəm. Yas mərasimlərində daha çox din xadimləri yas sahiblərinə doğru yol göstərməlidir və deməlidir ki, bu məsələ filan şəkildə edilməlidir və sairə. İsrafçılıq İslamda da günah sayılır. Ona görə də din xadimləri özləri çalışmalıdır ki, yas sahiblərini israfçılığa yol verməmək üçün inandırsınlar. Ehsan olmalıdır, ancaq israfçılığa yol verilməməlidir. Ehsandan insan zövq ala bilməz. İnsan toyda yaxşı yeməkdən, istirahətdən zövq ala bilər. Ehsan ona görədir ki, imkansız və ac insanlar yas yerinə gəlib orada yemək yeyib, mərhumun ruhuna dualar oxuyurlar. Gərək ki, din xadimləri bunu yas sahiblərinə bu cür çatdırsın.

O ki qaldı toylara, toylarla bağlı israfçılığın qarşısını almağa bizim indiki qanunvericilik də imkan verir. Həm Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, həm də İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti restoranlarda qayda-qanun yaratmağa səlahiyyətlidir. İndi bəzi restoran sahibləri dələduzluqla məşğul olurlar. Misal üçün, hər hansı toy sahibi gəlib toya girir, bu zaman restoran sərin olur. Ancaq camaat oturandan və bəzi adamlar spirtli içkilər içəndən sonra, restoranın sahibi gizli şəkildə kondisionerləri söndürür, restoranda nəfəs almaq mümkün olmur. Restoranda səsi də o qədər yüksək edirlər ki, orada olan 500 qonaqdan 350-si baş götürüb qaçır. Orada qalır yalnız toy sahibinə yaxın olan şəxslər və qohumlar. Əsas qiymətli isti yeməklər də həmin vaxtı gətirilir. Restoran sahibi də toy yiyəsi ilə həmin bahalı yeməkləri 500 nəfərlik sifariş veribsə, restoranda bu 300 nəfərə gətirilir. Bu isə restoranda olan dələduzluq hallarından biridir.

Digər tərəfdən isə, əksər restoranlar öz aralarında razılaşıblar ki, qonağa 3-4 adda olan yeməklər verilməsin. Gedib restorana deyirsən ki, mənə 3 adda yemək lazımdır. Restoran sahibi deyir ki, yox mən ancaq 36 adda yemək-içmək verirəm. Əks halda isə, qəbul etmirəm. Digər restorana gedirsən, o da eyni sözü deyir. Yəni, restoranlar arasında gizli razılaşma var. Hesab edirəm ki, bütün bunlarla bağlı aidiyyəti dövlət qurumları tərəfindən həmin restoran sahibləri ciddi cəzalandırılmalıdır.

Biz kapitalizmdə yaşadığımız üçün hər kəsdən də eyni şeyi tələb etmək olmaz. Biz sosializmdə yaşamırıq. Hər kəs eyni evdə, maşında və sairə gəzə bilməz. Ona görə də belə məsələlərlə bağlı aidiyyəti dövlət qurumları ciddi tədbirlər görməlidir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm