“Kəsəcəm damarlarımı”, “sevgili canan” – VİDEO
Bizi izləyin

Tabloid.az

“Kəsəcəm damarlarımı”, “sevgili canan” – VİDEO

Bu yaxınlarda redaksiyamızda qonaq olan gənc xanəndə İlkin Əhmədov mənə maraqlı bir əhvalat danışmışdı.

Dediyinə görə, paytaxtın şadlıq evlərinin birində keçirilən toy mərasimində gənc bir oğlan ona “Sarı gəlin” mahnısını sifariş edib. İlkin də başlayıb “Sarı gəlin” xalq mahnısını ifa etməyə. Xanəndə mahnını oxuyub qurtarandan sonra həmin oğlan yenə də gəlib eyni mahnını istəyib. Gənc xanəndə yenə də eyni həvəslə “Sarı gəlin”i oxumağa başlayıb. Oğlan mahnını yarıda kəsib və “bəs mənim sifarişimi nə vaxt oxuyacaqsan?” -deyərək əsəbiləşib. İlkin “elə bayaqdan sənin sifarişini oxuyuram da” deyəndə, toy iştirakçısı bu mahnını istəmədiyini deyib. İlkin bundan başqa “Sarı gəlin” adlı mahnı tanımadığını bildirib. Həmin toyda iştirak edən xanım ifaçılardan biri gəlib ki, “İlkin müəllim, bunun istədiyi “Sarı gəlin” başqadır, qoy biz oxuyaq, sizlik deyil”. Sən demə, oğlan “Bir aləmsən, sarı gəlin” mahnısını istəyibmiş. İlkini yandırıb-yaxan bu idi ki, indiki gənclər “Sarı gəlin” xalq mahnısından çox “Bir aləmsən, sarı gəlin” kimi bayağı mahnıları sevib dinləyirlər. Bunu nahaqdan xatırlamadım. Türklər demişkən, nədənini bir az sonra özünüz biləcəksiniz.

***

Bilənlər bilir, bilməyənlər də agah olsunlar ki, bu gün musiqimizin günüdür. 1995-ci ildən bəri hər il sentyabrın 18-i Azərbaycanda musiqi günü kimi qeyd olunur. Həmin gün biz təqvimdə iki mötəbər günü – dahi Üzeyir Hacıbəylinin doğum gününü və musiqimizin gününü bayram edirik. Elə bu yazıda musiqimizin keçmişi və bu günü barədə danışacağıq. Elə musiqinin həzin sədaları altında. Üzeyir Mehdiyevi demirəm e, Üzeyir Hacıbəylini deyirəm. Əfsus ki, Üzeyir Mehdiyevi tanıyanların sayı Üzeyir Hacıbəylini tanıyanlardan çoxdur. Bir dəfə televiziyaların birində “Üzeyir Hacıbəylini tanıyırsınızmı” sorğusuna paytaxt sakinlərinin əksəriyyəti “bəli, tanıyırıq”- deyib, sübut üçün Üzeyir Mehdiyevin mahnılarını oxumuşdular. Adam utandığından az qalırdı yerə girsin. Təkcə Üzeyir Hacıbəyli deyil e, gənc nəsil bu gün Rəşid Behbudov, Şövkət Ələkbərova, Rübabə Muradova kimi sənətkarlarımızdan daha çox Üzeyir Mehdiyev, İbrahim Borçalı, Rəqsanə, Röya, Namiq Qaraçuxurlunu tanıyırlar. İnanmırsınızsa, kiçik bir eksperiment aparın. Övladlarınıza “hansı müğənnini tanıyrsan”- deyə soruşun. Çoxu Manaf Ağayevin adını çəkib, ardınca da “Ay canı yanmış”ı oxuyacaqlar. Yaxud da hansısa meyxananı: ”Nağayracoğ ə, nağayracoğ ə…” Əlbəttə, günah onlarda deyil. Bütün günü efirlərdə, radiolarda, internetdə eşitdiyi musiqilər hansıdırsa, onu da dinləyib sevəcək. Təbliğat aparmaq və insanların zövqünü Üzeyir Mehdiyev səviyyəsindən Üzeyir Hacıbəyli səviyyəsinə qaldırmaq lazımdır ki, heç olmasa, beş dəfə “Kəsəcəm damarlarımı”ya qulaq asanda bir dəfə də “Sevgili-canan”ı dinləyib feyziyab olsun.

Üzeyirin məşhur olan və “Youtube”də izlənmə sayı 145.205-i keçən bu məşhur mahnısını deyirəm e…

Yazacam şüarları,

Qoyub yadigarları,

Həyatımdan bezərək,

Kəsəcəm damarları,

Sonrasını görəsəksən,

Peşmanam deyəcəksən,

Məzarımın önünə gəlib,

Mənə diz çökəcəksən,

Çox zülüm çəkəcəksən…

Birdən elə bilərsiniz, əzbər bilirəm, yox. “Youtube”də sətir-sətir dinləyib köçürmüşəm…

***

Əlbəttə, bayram günü istəməzdim belə şeylərdən danışıb gül kimi kefimizə soğan doğrayaq. Amma neyləməli ki, bunlar acı reallıqdır. Amma musiqimizdə ürəkaçan uğurlarımız da var. Onlardan danışaq ki, kefimiz saz olsun. Saz demişkən, yadıma təxminən 90-cı illərin axırı ozan sənətinə, saza olan münasibət düşdü. Küçədə əlində saz olan aşıqlara, pis çıxmasın, birtəhər baxırdılar. Elə əlində qaval gəzdirən cavan xanəndələr də ətrafın kinayəli baxışları altında sıxılırdılar. Muğamı, ozan musiqisini bəyənmirdilər. Amma Prezidentimiz və birinci xanımın diqqət və qayğısı nəticəsində muğam və aşıq sənəti YUNESKO səviyyəsində təmsil olundu. Fransanın, Amerikanın ali məclislərində saz musiqisindən, muğamlardan ibarət konsertlər təşkil olundu. Azərbaycanda beynəlxalq muğam müsabiqələri, musiqi festivalları keçirildi. Bu gün də bu ənənə davam etməkdədir. Həmin müsabiqələrdən çıxan yüzlərlə gənc xanəndələrin səsi bu gün beynəlxalq səhnələrdən gəlir. İlbəil ölkəmizdə ardıcıl olaraq musiqi festivalları keçirilir. Əvvəllər paytaxt Bakıda keçirilən bu festivallar artıq bölgələrimizdə də təşkil olunur. Qəbələ və Şəkidə keçirilən beynəlxalq festivallarda əcnəbilər Azərbaycan musiqisinin gözəlliyinə valeh olur. Musiqimiz təmsil olunmaqla yanaşı, həm də təbliğ olunur.

Yeri gəlmişkən, qarşıda bizi daha bir irimiqyaslı festival gözləyir. Dahi Üzeyir Hacıbəylinin doğum günü və Milli musiqi gününə həsr olunmuş festivala elə sentyabrın 18-i – bu gün start veriləcək. Paytaxt Bakı Musiqi bayramının dadını çıxaracaq. Mübarək olsun deyirik!

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm