4 illik sürgün həyatı, Fəxri Xiyaban qadağası, general Vorontsovun velosipedə dəyişilən saatı...
Bizi izləyin

Tabloid.az

4 illik sürgün həyatı, Fəxri Xiyaban qadağası, general Vorontsovun velosipedə dəyişilən saatı...

Məmmədrza Şeyxzamanov, heç şübhəsiz ki, Azərbaycan teatr və kino sənətinin müqtədir aktyorlarındandır. Amma maraqlıdır ki, son illərdə bu sənətkar haqqında mətbuatda, demək olar ki, heç nə yazılmayıb.

Publika.az sənətkarın həyatının ən maraqlı məqamlarını diqqətinizə çatdırır.

İlk addım

Məmmədrza Şeyxzamanov 1915-ci il avqustun 20-da Hacı İsa bəyin üçüncü nikahından dünyaya gəlib. Gələcəyin sənətkarı ilk təhsilini Gəncədə - Şah Abbas məscidinə bitişik binaların birində bir dərəcəli məktəbdə alır. İki yaşı olanda atasını itirən balaca Məmmədrza və iki bacısı anaları Balacaxanımın himayəsində böyüyür.

Onun üzə çıxmağında isə xalq şairi Səməd Vurğunun böyük rolu olur. Belə ki, M.Şeyxzamanov beşinci sinifdə oxuyanda Səməd Vurğun Gürcüstandakı Qori Müəllimlər Seminariyasını yenicə bitirib Azərbaycana qayıdıbmış. Gəncədə ədəbiyyat və tarixdən dərs deyən şair beşinci sinif şagirdi Məmmədrzadan Hüseyn Cavidin "Gülbahar" şeirini soruşur. Beşinci sinif şagirdinin belə bir çətin əsəri səlis, məntiqi vurğularla deməsi Səməd Vurğunun çox xoşuna gəlir. Bundan sonra Məmmədrza məktəbdə keçirilən bütün şənliklərdə, bayram konsertlərində çıxış edir, müəllim və şagirdlərin rəğbətini qazanır. Orta məktəbi bitirəndən sonra sənədlərini Gəncədəki İnşaat Texnikumuna verir və qəbul olunur.

Özfəaliyyət xatirələri

İnşaat texnikumunun nəzdində ədəbiyyat müəllimi Mirzənin rəhbərliyi ilə kiçik dram dərnəyi fəaliyyət göstərirdi. Dram dərnəyinə üzv olan Məmmədrza buranın fəallarından birinə çevrilir. Məmmədrza Şeyxzamanovun xatirələrindən:

"O zaman dərnək ətrafında xeyli tələbə toplaşmışdı. Görkəmli şəxsiyyətlər – tanınmış şair Ələkbər Ziyatay, bəstəkar Qəmbər Hüseynli, komsomol işçisi Xosrov Ağayev dərnəyimizın fəal üzvləri idilər. Mirzə müəllim bizə konsert proqramlarından başqa, 30-cu illərin repertuarlarında əsas yer tutan, tamaşaçı rəğbətini qazanmış "Zülmün sonu, "Hind qızı", "Yanğın", "Xor-xor", "Bizim kirayənişin özünü öldürdü" kimi əsərlər əsasında tamaşalar hazırlayırdı. Bu əsərlərdə böyüklü-kiçikli rollardan birini də mənə verirdi".

1933-cü ilin payızında Məmmədrzanın 18 yaşı olarkən "Zülmün sonu" əsəri ağır məşqlərdən sonra təhvil verilməliymiş. Şeyxzamanov isə bu tamaşada Qoçu Nəcəfqulunu oynayacaqmış. Bu vaxt xəbər gəlir ki, tamaşanı yenicə əsası qoyulmuş Kirovabad Dövlət Dram teatrının baş rejissoru Həbib İsmayılov və bir neçə görkəmli aktyor da izləyəcək. Bu xəbər dərnək üzvlərini həm həyəcanlandırır, həm də özlərini göstərə bilmək imkanı qazandıqları üçün ruhlandırırdı. Şeyxzamanovun oyunu Həbib İsmayılovun çox xoşuna gəlir və rejissor bu barədə dərnəyin rəhbəri Mirzə müəllimə gənc aktyorla görüşmək istədiyini bildirir. Səhəri gün 18 yaşlı Məmmədrza, Həbib İsmayılovun yanına gedir. Şeyxzamanov İsmayılovla görüşünü belə xatırlayır:

"Baş rejissorla söhbətimiz qısa və konkret oldu. Axırda dedi ki, dünənki rolunu peşəkar səviyyədə oynadın, elə bil, doğrudan da, Qoçu Nəcəfqulu idin. Teatrımız ilk addımlarını atır, sənətkarlara ehtiyacımız var. Sabahın böyük aktyorunu elə bu gün yetişdirmək lazımdır. Bu məqsədlə teatrımızın nəzdində 2 illik studiya açmışıq. Ümid verən cavansan. Məsləhət verərdim ki, studiyamıza gələsən. Bu sözlər, düzü, məni qanadlandırdı və İnşaat texnikumunda dərslərimi davam etdirmək şərti ilə razılıq verdim. Studiyada oxuyurdum, teatrın tamaşalarında da epizodik rollar oynayırdım".

Peşəkar səhnəyə

Beləliklə, Şeyxzamanov böyük səhnəyə ilk addımını atır və ilk dəfə "Hind qızı" əsərində Brahma-hind Allahı rolunu oynayır. Maraqlıdır ki, Brahma baş rol olsa da, tamaşa ərzində cəmi iki dəfə səhnəyə çıxır və hər dəfə də alqışlarla yola salınırmış. Məhz bundan sonra Şeyxzamanov deyir ki, rolun böyüyü-kiçiyi yoxdur və hər şey aktyordan asılıdır.

Günlər keçdikcə Həbib İsmayılov Şeyxzamanova daha çox güvənir, "Vaqif"də Eldar, "Qaçaq Nəbi"də Nəbi, "Qanlı səhra"da İbn Məhəmməd kimi rolları ona etibar edir və gənc aktyor tədricən tanınmağa başlayır. Hətta oynadığı rollara görə tələbə yoldaşları ona "artist Məmmədrza" deyirmişlər.

Səməd Vurğunla ikinci görüş

"Vaqif" tamaşasının məşq prosesində Şeyxzamanov müəllimi olmuş Səməd Vurğunla təsadüf nəticəsində növbəti dəfə görüşməli olur. Şeyxzamanov 1981-ci ilin noyabrında "İnşaatçı" qəzetinə verdiyi müsahibədə həmin hadisəni belə nəql edir:

"Vaqif" əsərini tamaşaya hazırlayırdıq. Mən də Eldarın Qacarla üz-üzə gəldiyi qılınclaşma səhnəsini, neçə gün idi ki, məşq edirdim. Birdən zalın qapısı açıldı və kimsə uca səslə dedi ki, "ayə, bir əl saxlayın. Vurub aləmi dağıdacaqsınız". Dərhal məşqi saxladıq. Arxaya baxanda gördüm ki, Səməd Vurğundur. Gəncəyə gəlibmiş. Əsərinin hazırlandığını eşidib teatra baş çəkib. Pərt olub dayandığımızı görcək yaxına gəldi. Üzünü mənə tutub, qaşlarını çatıb, bığaltı gülümsəyib dedi: "Ayə, sən bilirsənmi, bu saat kimsən? Belə Eldar oynamaq olarmı? Eldar Gəncə qoçusu deyil, o, bu cür davranmaz. Eldar nəhəngdir, Eldar Azərbaycan gəncliyindən çıxmış xalq qəhrəmanıdır. O oturanda dağ kim ağır, duranda quş kimi cəld olmalıdır". Həmin gün Səməd Vurğun bu obraz haqda mənə çox məlumat verdi və böyük sənətkarla olan bu söhbət həmin obraza münasibətimi köklü dəyişdi.

Sonralar sovet teatr sənətinin görkəmli mütəxəssislərindən olan akademik Cəfər Cəfərov resenziyalarının birində Şeyxzamanovun bu rolundan bəhs edərək yazırmış ki, uğurlu bir təsadüf nəticəsində teatra gəlmiş inşaatçı Məmmədrza Şeyxzamanov Eldar rolunu son dərəcə məharətlə ifa etdi. O, bu obrazı xalqın sevimli qəhrəmanı səviyyəsinə qaldıra bildi. Elə Səməd Vurğunun özü də sonradan Şeyxzamanovla görüşlərində razılığını bildiribmiş.

Evlilik

1938-ci ildə Şeyxzamanov 23 yaşında Nigar adlı xanımla ailə həyat qurur. Sənətkarın qızı Afaq Şeyxzamanova deyir ki, ana babası bəy nəslindən idi, amma həmin vaxtlar bütün var-dövlətlərini itirmişdi, buna görə də görə Nigar xanımı Şeyxzamanova vermək istəməyiblər. Daha doğrusu, qızı ona verməyəcəklərini bildiyindən, Məmmədrza elçi də göndərmir və Nigar xanım 17 yaşında onunla qaçır. Həmin vaxt N. Məmmədova Gəncə Kənd Təsərrüfatı İnstitutuna yenicə daxil olubmuş. Bir müddət bu evliliyi qəbul etməyən ailə sonradan yumşalır.

Qardaşına görə sürgünə göndərildi

Amma bu qədər uğurlarına rəğmən, Şeyxzamanov 1941-ci ildə gözlənilməz hadisə ilə üz-üzə qalır. Belə ki, sovet rəhbərliyi Məmmədrzanın böyük qardaşı Ələsgərin Müsavat hökuməti tərəfindən Türkiyəyə və İtaliyaya oxumağa göndərməyini əsas gətirərək, pantürkizm adıyla onu Qazaxıstana sürgünə göndərir. Qeyd edək ki, Ələsgər İtaliyada evlənir və iki qızı, bir oğlu dünyaya gəlir...

...Həmin vaxt Şeyxzamanovun böyük qızı Kəmalənin cəmi iki yaşı var idi. Nigar xanım Şeyxzamanova onu tək qoymaq istəmədiyini və onunla Qazaxıstana gedəcəyini bildirəndə qəhrəmanımız buna etiraz edir. Amma yekunda ailəsi – Nigar xanım və iki yaşlı qızları Kəmalə də onunla sürgün həyatı yaşamalı olur.

M.Şeyxzamanovun babası Şeyx İbrahim Qüdsinin zəngin kitabxanası olub və aktyor həmin kitabxananı bütünlüklə oxuyubmuş. Məhz oxuduğu bu kitablar onun Qazaxıstanda sürgündə olduğu dövrdə ədəbiyyat və tarix müəllimi kimi işləməyinə kömək edir. Hər ikisi bu ölkədə müəllim kimi fəaliyyət göstərirlər. Hətta sonradan aktyorun Qazaxıstanda qalmağı üçün barəsində çıxarılan bəraət qərarını da ona göstərmək istəmirmişlər.

Şeyxzamanov sürgündən qayıdanda artıq böyük qızı Kəmalə məktəb yaşındaydı. 20 il Gəncə Dram Teatrında çalışandan sonra Şeyxzamanovu Bakıya-Akademik Milli Dram Teatrına dəvət edirlər. İllərlə çalışdığı sənət dostlarından ayrılmaq Şeyxzamanov üçün çətin olsa da, o, təklifi qəbul edir. "Azdrama"da ilk dəfə ona "Göz həkimi" pyesində professor Şahbazov rolu həvalə olunur. Bundan sonra isə sənətkar bir-birinin ardınca Şekspirin "Qış nağılı"nda Poliksen, C.Məcnunbəyovun "İliç buxtası" əsərində Əşrəf, Səməd Vurğunun "Vaqif"ində Eldar, Qacar rollarını, "Xosrov və Şirin"də Xosrovu oynayır.

Bütün bunlara baxmayaraq, Şeyxzamanov Abbas Mirzə Şərifzadə, Kazım Ziya, Sidqi Ruhulla kimi sənətkarları özünə müəllim hesab edir, onları teatr akademiyası sayırdı. Qəhrəmanımız düşünürdü ki, bu sənətkarların səhnə hərəkətləri, davranışları, rola hakim olmaları, yaratdıqları surətlərlə yaşamaları əsl teatr məktəbidir. Bununla yanaşı, o hesab edirdi ki, teatr şərtiliyə meyl etməməlidir və belə olacağı təqdirdə, itirə bilər:

"Teatrın canı realizm olmuş, realizmdir və realizm də olacaq. Çünki tamaşaçı həmişə səhnədən öz dövrünün səsini eşitmək, orda yaşadığı günlərin mürəkkəb problemlərini görmək istəyir. Təəssüf ki, repertuarlarımız bu cəhətdən müasir tamaşaçıların artan tələbini ödəmir. Yüksək bədii səviyyəli səhnə əsərlərimiz azdır. Səhnəmizin rejissorlara, aktyorlara, xüsusən aktrisalara ehtiyacı var. Bir hal məni sevindirir. Teatrlarımızda Həsənağa Turanov, Hamlet Qurbanov, Amaliya Pənahova, Səməndər Rzayev, Hamlet Xanızadə, Bürcəli Əsgərov, Fuad Poladov, İlham Əhmədov, Şəfiqə Məmmədova, Safura İbrahimova, Sevil Xəlilova kimi cavan aktyor nəsli yetişib, artıq tamaşaçıların rəğbətini qazanıblar".

Filmə gəlişi

Məmmədrza Şeyxzamanov bir neçə dəfə özünü rejissor kimi də sınayıb. Belə ki, o, "Unuda bilmirəm"in və bir neçə tamaşanın quruluşunu verib. Şeyxzamanovun filmə gəlişi isə çox gec alınıb. 1954-cü ildə qəhrəmanımın 39 yaşı olanda "Bəxtiyar" filminin yaradıcıları əsərdə konservatoriyanın professoru roluna çəkilmək üçün aktyor axtarırmışlar. Filmin ikinci rejissoru Tofiq Tağızadə bir neçə məşhur aktyorla Şeyxzamanovu sınaq çəkilişinə dəvət edir və... Şeyxzamanov bəyənilir. Aktyor ardınca "Qızmar günəş altında", "Leyli və Məcnun", "Onu bağışlamaq olarmı", "Bir qalanın sirri", "Tütək səsi", "Əhməd haradadır" filmlərində bir-birindən fərqli rollar oynayır.

Yada düşür xatirələr...

Bildirilir ki, Məmmədrza Şeyxzamanov dahi Nizaminin nəslindəndir və Gəncədə İmamzadə adlanan yer də məhz onların şəcərəsinə aid olub. Sonuncu dəfə həmin yer aktyorun atası Hacı İsa bəy nəzarətində idi...

M.Şeyxzamanovun 3 qız övladı olub. Böyük qızı Kəmalə 1939-cu ildə, ortancıl qızı Afaq 1956-cı ildə, kiçik qızı Aytən isə 1962-ci ildə anadan olub. Böyük qızı Kəmalə Şeyxzamanova 2012-ci ildə, həyat yoldaşı Nigar xanim isə 1998-ci ildə vəfat edib. Kəmalə xanımın bir qızı, iki nəvəsi, Afaq xanımın bir oğlu, iki nəvəsi var. Aktyorun kiçik qızı Aytənin isə bir oğlu var. K.Şeyxzamanova BDU-nun kitabxanaçılıq fakültəsini, ortancılı eyni ali məktəbin fizika fakültəsini, Aytən Şeyxzamanova isə indiki Neft Akademiyasını bitirib və hazırda Neftayırma zavodunda işləyir.

Deyilənlərə görə, Məmmədrza müəllim xaraktercə çox mehriban insan olub və heç vaxt uşaqlarına əl qaldırmayıb. Aktyorun özündən böyük Həmidə və Fatma adlı iki bacısı olub. Sənətkarın evinə tez-tez dostları Mehdi Məmmədov, Həsən Turabov, Amaliya Pənahova, Rafiq Əzimov, İsmayıl Dağıstanlı kimi sənətkarlar gəlib-gedirmişlər. Ən yaxın dostları isə Ələddin Abbasov və Bürcəliyev imiş.

Bildirilir ki, Şeyxzamanov sağlamlığına diqqət yetirən insan deyilmiş və o zamanlar dəbdə olan "Avrora" siqareti çəkirmiş. Yüksək qan təzyiqi olan aktyor bir dəfə də infarkt keçiribmiş. Aktyor 1984-cü il yanvarın 25-də dünyasını dəyişir və Yasamal qəbiristanlığında dəfn edilir. Şübhəsiz ki, bir çox həmkarları kimi, onun da xidmətlərinə görə Fəxri Xiyabanda dəfn olunması mümkün idi. Lakin sürgün həyatı yaşamağı və bu səbəbdən də, partiya üzvü olmamağı böyük aktyorun Fəxri Xiyabanda dəfn olunmasına mane olur. Ölümündən sonra isə onun bəraət kağızı ailəsinə təqdim olunur.

Böyük aktyorun heç vaxt elə bir maddi imkanı olmayıb. Amma geyiminə çox fikir verən adam imiş, fransız ətirlərini xoşlayırmış. Aktyorun başqa bir özəlliyi isə rus, gürcü, qazax dillərini bilməsi imiş. Yazının bu yerində Məmmədrza Şeyxzamanovun babası Şeyx İbrahim Qüdsi haqda bir neçə kəlmə yerinə düşər. Belə ki, Şeyx İbrahim Qüdsi həm də şair olub. İbrahim Qüdsidən ilk dəfə Firudin Köçərli danışıb. O, general Lazarevin xahişi ilə Gəncənin tarixini yazıb. Qüdsi adını isə ona Abasqulu Ağa Bakıxanov verib. Bir dəfə şairlər yığışıblarmış, Şeyx İbrahim də gənc imiş. Bakıxanov yenicə yazdığı şeirini oxuyub. Qüdsi zarafatla deyib ki, bu, mənim şeirimdir və başlayıb həmin şeiri əzbərdən deməyə. Sonradan məlum olub ki, onun fenomenal yaddaşı var. Qafqaz generalı Vorontsov Qüdsinin savadına və dünya görüşünə heyran olaraq öz qolundakı qızıl saatı açaraq, ona bağışlayıb. O saat sonradan Məmmədrza Şeyxzamanova keçib. Şeyxzamanov isə uşaq vaxtı bilmədən həmin saatı bilmədən velosipedlə dəyişib.

Allah rəhmət eləsin!

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm