Prinsiplərini pozan Nobel komitəsi - Mükafatla bağlı NONSENSLƏR
Bizi izləyin

Yazarlar

Prinsiplərini pozan Nobel komitəsi - Mükafatla bağlı NONSENSLƏR

Nobel mükafatları 1901-ci ildən başlayaraq hər il fizika, kimya, tibb və fiziologiya, iqtisadiyyat (1969-cu ildən), ədəbiyyat, sülh uğrunda mübarizə sahələrində görkəmli fəaliyyətə görə verilir. Alfred Nobelin vəsiyyətinə uyğun olaraq, mükafat təsis olunanda bir sahə üzrə iki dəfə və ya ölümdən sonra verilməsi nəzərdə tutulmurdu. Mükafatın geri alınma mexanizmi yoxdur. Mükafatın verilməsində yaş həddi nəzərə alınmır.

Ədəbiyyat üzrə mükafata layiq olanlardan kimlər kənarda qalıb?

Bu sahədən söhbət düşəndə ən çox Lev Tolstoy, Frans Kafka, Ceyms Coys, Marsel Prust, Vladimir Mayakovski, Nazim Hikmət kimi görkəmli sənətkarlar yada düşür. Lev Tolstoyla bağlı son vaxtlar maraqlı məqamlar da ortaya çıxıb.

1901-ci ildə ədəbiyyat sahəsində ilk Nobel mükafatı fransız şairi Rene Prüdoma veriləndən bir ay sonra A.Nobelin həmyerliləri, bir qrup mədəniyyət və incəsənət xadimi Tolstoya məktubla müraciət etdilər: “Nobel mükafatının ilk təqdimat mərasiminin keçirilməsilə əlaqədar biz bir qrup yazıçı, rəssam və tənqidçi sizdən üzr istəyirik. Ədəbiyyat sahəsində mükafatın verilməsinə həvalə olunan təşkilat indiki tərkibdə nə yazıçı və rəssamları, nə də ictimai rəyi təmsil edirlər”.

İllər ötdükcə yeni laureatlar ortaya çıxır. Lakin bunların sırasında Tolstoyun adı çəkilmir. 1906-cı ildə Yasnaya Polyanaya Tolstoyun dostu və bioqrafı Pavel Biryukov gəlir və yazıçıya əminliklə deyir ki, əldə etdiyi məlumata görə, ona Nobel mükafatı veriləcək. Tolstoy bunun müqabilində nə edir? Bir gün sonra o, fin yazıçısı, onun əsərlərini fincəyə tərcümə edən Arvid Yarnfeltə belə bir məktub yazır: Sevimli Arvid, rica edirəm ki, mənim sənə yazdığımı heç kim bilməsin. Biryukov mənə dedi ki, ola bilsin, Nobel mükafatını mənə versinlər. Əgər bu, baş verərsə, mənim imtina etməyim həddindən artıq xoşagəlməz ola bilər. Ona görə də, Sizdən hədsiz dərəcədə xahiş edirəm, əgər İsveçlə əlaqələriniz varsa, çalışın ki, mükafatı mənə verməsinlər. Əlbəttə ki, mən ünvanı öyrənib ora məktub yaza bilərəm. Ancaq mənə yaraşmaz ki, onları qabaqlayım, bəlkə, onlar məni təyin etmək üçün heç fikirləşməyiblər”.

Yarnfeld onun məktubunu olduğu kimi tərcümə edib, İsveçə göndərməklə yazıçının xahişinə əməl edir. Həmin il mükafat heç öz ölkəsində də yaxşı tanınmayan italyan şairi Karduççiyə verilir.

XX əsrin klassikləri və Avropa ədəbiyyatında “şüur axını” kimi böyük bir cərəyanın əsasını qoymuş Marsel Prust və Ceyms Coys da Nobelə layiq görülməyiblər. Coysun “Ullis”i 1922-ci ildə çapdan çıxıb. Bu əsər, sözsüz ki, bütün sonrakı nəsr və ədəbiyyat nəzəriyyəsinə əsaslı təsir göstərib. Analoji rolu Prustun “İtirilmiş zaman axtarışında” adlı məşhur roman silsiləsi də oynayıb. 1919-cu ildən etibarən məşhurlaşan Prust ədəbiyyat sahəsində “Qonkur” mükafatına layiq görülüb. Bütövlükdə onun romanları yazıçının dünyasını dəyişməsindən beş il sonra çap olunduğundan mükafat ondan yan keçib. Belə çıxır ki, Nobel komitəsi Prustun ədəbiyyat sahəsindəki nailiyyətlərini qiymətləndirməyə zaman çatdıra bilməyib.

Həmin illər belə söhbətlər gəzirmiş ki, romanın estetik yönümü Nobel komitəsinin “ürəyincə” olmayıb. Frans Kafkanın məşhur əsərləri “Qəsr” və “Proses” də yazıçının ölümündən sonra işıq üzü gördüyündən, Nobel komitəsini qınamaq olmur.

Coys, Prust və Kafkanı Nobel mükafatına layiq görməyən Nobel komitəsi Uitson Çörçilli 1953-cü ildə “əsl sənət nümunələri olan tarixi və bioqrafik xarakterli əsərlərinə” görə ədəbiyyat sahəsində mükafata layiq görüb. İsveç Akademiyası onun yaradıcılığına belə qiymət verib: “Çörçillin ədəbi və siyasi nailiyyəti o qədər genişdir ki, onu ancaq Sezar və Siseronla müqayisə etmək olar”.

Məşhur imtinaçılar

1958-ci ildə İsveç Akademiyası rus şairi Boris Pasternakı “müasir lirik poeziyada mühüm nailiyyətləri və böyük rus epik roman ənənəsini davam etdirməsinə görə” ədəbiyyat sahəsində Nobel mükafatına layiq gördü. Bundan dərhal sonra “Pravda” və “Literaturnaya qazeta”da şairə qarşı hücumlar başlandı. Onun şəxsiyyətini təhqir edən məqalələrdə şairi “dönük”, şərə xidmət edən “böhtançı” adlandırırdılar. Bunlar azmış kimi, o, Yazıçılar İttifaqından çıxarıldı və mükafatdan imtina etməyə məcbur edildi. Bütün bu hücumlardan sonra Pasternak məcbur qalıb İsveç Akademiyasına teleqram göndərir: Mənsub olduğum cəmiyyət məni bu mükafatdan imtina etməyə məcbur edir. Könüllü imtinamı ünvanınıza təhqir kimi qəbul etməyin”.

Mükafatı 31 ildən sonra oğlu Yevgeniy Pasternak qəbul etdi.

Maraqlı imtina böyük fransız yazıçısı və filosofu Jan Pol Sartra məxsusdur. İsveç Akademiyası 1964-cü ildə Sartrı “müasir dövr üçün çox böyük əhəmiyyət daşıyan azadlığın ruhuna hopmuş ideyalarına” görə ədəbiyyat sahəsində mükafata layiq gördü. Sartr bundan 19 il əvvəl Fəxri Legion ordenindən imtina etdi. Yazıçı hesab edirdi ki, fərqləndirici hansısa bir nişan onun oxucusuna təzyiq göstərə bilər. “Jan Pol Sartr” yaxud “Nobel mükafatı laureatı Jan Pol Sart” imzaları arasında fərq var. “Mənim Venesuela partizanlarına münasibətim yalnız özümə aiddir. Ancaq Nobel mükafatı laureatı Jan Pol Sartr Venesuela müqavimətinin müdafiəsinə qalxıbsa, deməli, o, bununla həm də Nobel mükafatını özü ilə sürükləyib. İstəməzdim ki, məni ictimai instituta çevirsinlər".

Fiziologiya və tibb sahəsində Nobel mükafatı 1923-cü ildə insulinin kəşfinə görə Kanada fizioloqları Frederik Bantiq və Con Makleoda verilir. Ancaq əsl ideya F.Bantiq və və onun əməkdaşı Çarlz Bestə məxsus idi. Bu iki alim eksperimentlərin gedişatında insulin ifrazını aşkar etmişdilər. Professor Makleod əvvəl Bantiqin ideyasına gülürdü. Sonda isə bu iki tədqiqatçının işlərinə təşkilati kömək göstərdi. Ancaq Nobel mükafatının qərarında Bestin yox, Makleodun adı çəkildi. Mükafatın əsas namizədi Bantiq dərhal bəyan etdi ki, əgər Bestin adı onunla birgə çəkilməsə, o, mükafatdan imtina edəcək. Lakin sonradan o, alim həmkarlarının təsiri ilə mövqeyini dəyişməli oldu. Ancaq mükafata layiq görüldükdən sonra, o, bəyan etdi ki, əslində, ideya Bestə məxsusdur və mükafatı onunla yarı bölünməlidir.

Nobelin məşhur vəsiyyətini kimlər pozdu?

1931-ci ildə İsveç şairi Erik Karlfeldin ölümündən altı ay sonra İsveç Akademiyası onun Nobel mükafatına layiq görülməsinin lehinə səs verdi. Akademiyanın bu qərarı çox böyük narazılığa səbəb oldu. Nobel mükafatının verilməsi qaydalarına görə, ölümdən sonra mükafat o halda verilə bilər ki, namizədlik ölümdən qabaq verilmiş olsun. Buna baxmayaraq, mükafat onun ailəsinə təqdim olunur. Akademiyada şair belə xatırlanır: “Müəyyən dövrlərdə əl işləri ilə hazırlanmış əşyalar nadirliyini itirmir. Ustalıqla işlənmiş Karlfeld şeirlərinin dilində xüsusi əxlaqi məna mövcuddur ki, onlar da nadirdir”.

Bundan 30 il sonra Nobel mükafatı yenidən çətinliklə üzləşdi. 1961-ci ildə Birləşmiş Millətlər Təşkilatının baş katibi, İsveç dövlət və siyasi xadimi Daq Xammarşeld Konqoda baş verən qiyamla bağlı Afrika səmasında təyyarə qəzasına düşərək həlak olur. Bundan üç həftə sonra onun sülh üzrə Nobel mükafatına layiq görülməsi açıqlanır: “Xammarşeld “Birləşmiş Millətlər Təşkilatını effektiv beynəlxalq təşkilata çevirdiyinə görə” Sülh üzrə mükafata layiq görülüb. Xammarşeld ölümündən sonra mükafata layiq görülmüş sonuncu laureatdır”.

Mükafata iki dəfə layiq görülənlər

Mariya Skladovskaya-Küri ilk qadın Nobel mükafatçısı olmaqla yanaşı, həm də iki dəfə bu mükafata layiq görülüb. O, 1903-cü ildə “radiasiya hadisəsinin tədqiqinə” görə, 1911-ci ildə isə radium və polonium elementlərinin kəşfinə görə kimya üzrə Nobel mükafatına layiq görülüb.

Mükafatın tarixində Amerika kimyaçısı Laynus Polinq iki dəfə Nobel mükafatına layiq görülmüş ikinci şəxsdir. Kimyaçı alim 1954-cü ildə kimya sahəsində, 1962-ci ildə isə sülh sahəsində Nobel mükafatına layiq görülüb.

Bir evdən neçə nəfər?!

Maraqlıdır, indiyə qədər Nobel mükafatına layiq görülmüş yazıçı və şairlərin həyat yoldaşları və övladları həmin nailiyyəti təkrarlamayıblar. Yalnız elm sahələrində 5 dəfə laureatların övladları, 3 dəfə isə ər-arvad birgə mükafata layiq görülüblər. Mariya Küri fizika səhəsində Nobel mükafatını həyat yoldaşı Pyer Küri ilə, qızı İren Colio isə kürəkəni Frederik Colio ilə birgə alıb.

1947-ci ildə Avstriya-Amerika biokimyaçısı Karl Kori həyat yoldaşı Gerta Kori ilə qlikogenin sintezinə görə “fiziologiya və tibb sahəsində” Nobel mükafatına layiq görülüblər.

1915-ci ildə fizika sahəsində Nobel mükafatına ingilis fiziki Henri Breqq və onun 25 yaşlı oğlu Lorens Breqq layiq görülüb. Bu hadisə mükafatın tarixində anoloqu olmayan bir hadisədir. Lorens Breqq bu mükafata layiq görülmüş ən gənc laureatdır.

Dahi Nils Bor 1922-ci ildə fizika sahəsində Nobel mükafatına layiq görüldükdən 53 il sonra oğlu Oqe Bor həmin sahə üzrə bu mükafatı alıb.

1906-cı ildə atomun bölünməz hissəcik olmadığını sübut edən ingilis fiziki Jozef Tompson, 1936-cı ildə isə onun oğlu Corc Tompson fizika sahəsində Nobel mükafatına layiq görülüblər.

Atanın oğulla eyni sahədən Nobel mükafatına layiq görülməsi ənənəsini 1970-ci ildə Uolf Eyler pozub. Atasının 1929-cu ildə kimya üzrə bu mükafata layiq görülməsinə baxmayaraq, o, mükafata “fiziologiya və tibb sahəsində” layiq görülüb.

Göründüyü kimi, Nobel mükafatının verilməsində xeyli paradokslar var. Ancaq bütün bunlar mükafatın nüfuzuna əsaslı şəkildə təsir göstərmir.

Qorbaçov və Annana Nobel düşürdümü?

1990-cı ildə M.Qorbaçov “Beynəlxalq ictimaiyyətin həyatının mühüm tərkib hissəsini xarakterizə edən sülh proseslərindəki aparıcı rolunun tanınmasına görə” Sülh üzrə Nobel mükafatına layiq görüldü.

Norveç Stortinqi bu mükafatı Qorbaçova verəndə elə həmin ilin yanvarında Bakıda onun qərarı ilə törədilən dəhşətli qırğını nəzərə almadı.

Qorbaçovun ermənilərə verdiyi maddi və mənəvi dəstək sayəsində Dağlıq Qarabağın işğalının əsası qoyulub. Alfred Nobelin vəsiyyətinin bir hissəsinin pozulmasına baxmayaraq, mükafatın geri alınması mexanizminə indiyə qədər toxunulmur. Bu nüfuzlu mükafat bir şəhərin işğalına, yüzlərlə insanın vəhşicəsinə qətlə yetirilməsinə və şikəst vəziyyətə salınmasına sərancam vermiş bir şəxsdə necə qala bilər?

Bakı neftinin hesabına formalaşmış bir mükafat Bakının işğalına sərancam vermiş bir cəllada verildi. Dünyada sülhün qorunması və millətlərarası münasibətlərin normallaşması get-gedə mücərrəd xarakter daşıyır. 2001-ci ildə sülh üzrə Nobel mükafatı Kofi Annana “bütün dünyada sülhün möhkəmlənməsindəki fəaliyyətinə görə” verildi. Ermənistan Annanın rəhbərlik etdiyi təşkilatın 4 qətnaməsinə əməl etmir. Annanın fəaliyyət dairəsinə Qarabağ münaqişəsi daxil olmadı. Daxil olsaydı, nəticə də olardı. O isə səhv etmirəmsə, bir dəfə də olsun, bunu dilinə gətirməyib.

Ən gənc və ən yaşlı nobelçilər

İtaliyan neyrobioloqu Rita Levi-Montalçini Nobel mükafatı laureatlarının ən uzunömürlüsüdür. Bu il onun 103 yaşı tamam olub. O, fiziologiya və tibb üzrə Nobel mükafatını 77 yaşında alıb. İsveç şairi Tumas Transtremer 80 yaşında mükafata layiq görülüb. Ən yaşlı Nobel mükafatçısıları sırasında Amerika iqtisadçısı Leonid Qurviçin də adını çəkmək olar. O, bu mükafata 90 yaşında layiq görülüb. Avstraliya fiziki Uilyam Breq 1915-ci ildə 25 yaşında fizika sahəsində Nobel mükafata layiq görülüb. O, atası Henri Breqqlə birgə mükafata layiq görülüb.

Nobel həmmüəllifləri

Nobel mükafatının verilmə qaydalarına görə, bir sahə üzrə müxtəlif işlərdən 3 nəfərdən, yaxud bir iş üzrə 3 nəfərdən artıq olmayan şəxslər mükafata layiq görülə bilərlər. İlk üçlük fiziologiya və tibb sahəsində 1934-cü ildə mükafata layiq görülmüş Amerika alimləri Corc Uipl, Corc Maynot, Uilyam Merfi olub. Axırıncılar isə 2011-cildə fizika sahəsində Nobel mükafatına layiq görülmüş Amerika fizikləri Sol Pelmutter, Adam Rays və avstraliyalı Brayan Şmittdir. Mükafat bir nəfərə və bir işə görə verilmirsə, onda vəsait bərabər şəkildə bölünür: əvvəlcə işlərin kəmiyyəti, sonra hər işə görə müəlliflərin sayı nəzərə alınır. Əgər mükafat iki işə görə verilibsə və bir işin iki müəllifi varsa, onda birinci işin müəllifi mükafatın yarısını, digər ikisi isə yerdə qalan yarısını alır.

Son illər laureatlara çatan vəsaitin miqdarı nə qədərdir?

Hal-hazırda Nobel Fondunun kapitalı 3 milyard 112 milyon İsveç kronudur (təxminən 450 milyon ABŞ dolları). Son illər laureatlara verilən pul vəsaitinin məbləği belə olub:

1992-ci ildə — 1,04 milyon ABŞ dolları, 2000-ci ildə — 0,9 milyon ABŞ dolları 2003-cü ildə — 1,34 milyon ABŞ dolları , 2004-cü ildə — 1,46 milyon ABŞ dolları , 2005-ci ildə — 1,25 milyon ABŞ dolları , 2006-cı ildə — 1,45 milyon ABŞ dolları , 2007-ci ildə — 1,56 milyon ABŞ dolları , 2008-ci ildə — 1,25 milyon ABŞ dolları , 2009-cu ildə — 1,45 milyon ABŞ dolları , 2010-cu ildə — 1,5 milyon ABŞ dolları , 2011-ci ildə — 1,4 milyon ABŞ dolları , 2012-ci ildə - 1,2 milyon ABŞ dolları, 2013-cü ildə - 1 ,2 milyon ABŞ dolları.

Etibar Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm