Tabloid.az
Dedim, əlimə tüfəng alıb gedərəm - BRİFİNQ
Efirlərdə az-az görünən xalq artisti, tanınmış xanəndə Aygün Bayramova “Brifinq”in qonağıdır. “Gündəlik Teleqraf” qəzetinin əməkdaşlarının suallarını cavablandıran Aygün xanım gənc muğam ifaçılarından, muğam müsabiqələrindən, bəyəndiyi estrada müğənnilərindən danışdı. Ağdamla bağlı xatirələrini bölüşən A.Bayramova hazırkı toyların durumundan və şəxsi həyatından bəhs etdi.
Nərgiz Ehlamqızı: Aygün xanım,
qadınlar üçün Bakı tıxaclarında maşın idarə etmək bir o qədər asan
deyil. Elə Siz də redaksiyamızı çox çətinliklə tapdınız. Şəhərdə
avtomobillə az gəzirsiniz?
- Deməzdim ki, az gəzirəm. Mən hazırda bir neçə yerdə işləyirəm.
Həm Opera və Balet Teatrının solistiyəm, həm Milli Konservatoriyada
dərs deyirəm, dosentəm, həm də Asəf Zeynallı adına musiqi
kollecində 14 ildir çalışıram. Çəkilişlər, tədbirlər həddən artıq
çoxdur. Redaksiyanıza, yəqin, ikinci dəfə gəlsəm, rahat tapa
bilərəm. Maşından çox istifadə edirəm. Bir var səhər evdən çıxıb
birbaşa iş yerinə gedirsən, axşam da işdən çıxıb evə qayıdırsan.
Bizdə elə deyil. İşimiz çox çətindir. Həm çəkilişlər, həm teatrda
məşqlər var. İndi də dərs ili təzə başlayıb. Milli
Konservatoriyanın yeni gözəl binasında fəaliyyətə başlamışıq.
Fevral ayında cənab Prezident Mehriban xanımla bərabər açılışını
etdi. Şəraitimiz çox yüksək səviyyədədir. Mənə elə gəlir ki, burada
dərsin keyfiyyəti daha yaxşı olacaq. Tələbələr də sevinirlər ki,
belə yerdə ustadlardan dərs alacaqlar. Bilirsiniz, tələbələrin
hamısı səsli olmur, istedad hamıya eyni qaydada verilmir. Amma
xanəndəlik sənəti belədir ki, gərək səsin imkanı keçdiyimiz
muğamlara cavab versin. Təbii, bu, hər tələbədə belə olmur.
İstədiyimiz odur ki, tələbənin istedadı, səsinin məlahəti
olsun.
“Müsabiqədə ifa edənlərin hamısı arenada yoxdur”
Naibə Qurbanova: Muğam
müsabiqələri, Sizin münsif olduğunuz “Xalq ulduzu” müsabiqəsi
birmənalı qarşılanmır. Bir qisim insan dedi ki, kütləvi şəkildə
pərakəndə halda təhsilsiz ifaçıları səhnəyə gətirdilər, bir qisim
isə düşünürdü ki, yeni səslər üzə çıxardılar. Sizin mövqeyiniz
nədir?
- Təbii ki, onların arasında təhsili olanlar da, tələbə olanlar da
vardı. Ələkdən keçirlər, qalan qalır. Müsabiqədə ifa edənlərin
hamısı arenada yoxdur ki. Bizə keyfiyyətli səs lazımdır. Hər kəsin
öz dövrü var. Heç kəs bu sənəti ömrünün sonunadək tutub gedəsi
deyil. Biz də istəyirik ki, muğamımızın gələcəyi olsun, bu,
nəsildən-nəsilə ötürülən sənətdir. Mən də xoşbəxt adamam ki, Asəf
Zeynallı adına kollecdə dahi sənətkarımız Şövkət xanım
Ələkbərovanın tələbəsi olmuşam. Kolleci bitirdikdən sonra
Konservatoriyada ustadım Arif Babayevdən dərs almışam. Bilirsiniz,
müəllimdən də çox şey asılıdır. Müəllim yaxşı olanda istedadı olan
tələbənin yaxşı gələcəyi olur. Mən musiqi kollecinə gələndə artıq
böyük səhnələrdə çıxış edən gənc idim. Özüm də müsabiqə ilə, dahi
sənətkarlara imtahan verib gəlmişəm. Arif Babayev, İslam Rzayev,
Şövkət Ələkbərova, Vasif Adıgözəlov, Maestro Niyazinin qarşısında
çıxış elədim. Elə mənim xəmirim o müsabiqələrlə yoğrulub. Kiçik
yaşlarımdan sənət insanları ilə təmasda olmuşam. İki dəfə Bülbül
adına orta ixtisas musiqi məktəbinə qəbul olub getmədim. Çünki
Ağdamda yaşayırdıq, evin kiçiyi olduğum üçün ərköyün uşaq idim.
Üçüncü dəfə müsabiqəyə gələndə Ağdamda səhnəyə çıxan kimi münsif
heyəti dedi ki, dayan, qızım, oxuma. Sözün düzü, təəccübləndim ki,
görəsən, nə olub? Dedilər ki, səni iki dəfə qəbul etmişik, amma
gəlmirsən, bu dəfə də belə edəcəksənsə, səhnəni tərk elə. Dedim ki,
yox, Sizin qarşısınızda söz verirəm, bu sənətə gələcəyəm.
Söylədilər ki, yaxşı fikirləş. Arif müəllim dedi ki, mən onlarla
çəpər qonşuyam, buradan çıxandan sonra onun valideynlərinin yanına
gedəcəyəm. Arif Babayev çox yaxın qonşumuz idi. Məni sənətə gətirən
qardaşım Üzeyir Bayramov olub. Onun çox gözəl səsi vardı, hətta
Üzeyir oxuyanda hamı deyirdi ki, bu, gələcəyin Əbülfət Əliyevidir.
Amma sənətini davam etdirmədi, başqa sənətin arxasınca getdi.
Mənsə, söz verdiyim kimi, bu sənətə gəldim, yiyələndim, Bülbül
adına orta ixtisas musiqi məktəbinə yox, Asəf Zeynallı adına musiqi
kollecinə gəldim. Şövkət xanımla gənc ifaçı kimi təmasda olmuşdum.
Mənim üçün çox sevindirici idi ki, belə sənətkarın tələbəsi
oldum.
Dilqəm Əhməd: Ötən gün milli musiqi
günü idi. Sizin nəzərinizdə Üzeyir Hacıbəyli kimdir?
- Üzeyir Hacıbəyli dahi bir insan olub. O, milli musiqimizin
banisidir. “Leyli və Məcnun” operası o qədər möhtəşəmdir ki... Bunu
Leyli rolunun ifaçısı olduğum üçün demirəm. İndi gənclərin
əksəriyyəti bir az maddiyyata daha çox üstünlük verirlər. Əlibaba
müəllimin çox gözəl sözü var, muğam müsabiqəsində canlı efirdə
söylədi ki, bu müsabiqədə çox gənc iştirak elədi, çox gözəl səsləri
və istedadları vardı, mən onlara dedim ki, sizdən yaxşı xanəndə
olacaq. Evləri, maşınları oldu, amma xanəndə olmadılar. Bu, çox
böyük sözdür. Oxuduğum dövrlərdə maddiyyatı üstün tutmamışam.
İndinin özündə də bu, belədir. O qədər madiyyatı yaxşı olan
tədbirlər var, mənim ona, ola bilsin, ehtiyacım da olur, amma
kənara qoyub, konsertlərə, tədbirlərə gedirəm. Təəssüflər olsun ki,
indikilər bir az maddiyyata önəm verirlər. Çox istərdim ki, yaxşı
səsi olan gənclər sənətə fikir verib, muğamları ustadlarından yaxşı
öyrənsinlər. Çünki onlar sabahın xanəndələridir. Mənim üçün Üzeyir
bəyin musiqisi əvəzsizdir. Əlbəttə, gözəl bəstəkarlarımız var,
xüsusilə Cahangir Cahangirovun adını qeyd etmək istərdim, o, elə
bir bəstəkardır ki, həmişə yaradıcılığına müraciət edirəm. Şövkət
xanımdan sonra Füzuli kantatasını dəfələrlə ifa etmişəm. Tofiq
Quliyev, Ramiz Mirişli, Emin Sabitoğlu var. Yaradıcılığımda dahi
bəstəkarımız Üzeyir Hacıbəylinin əsərləridir. Leyli obrazını o
qədər sevirəm ki... Düzdür, teatrda Leylilərimiz çoxdur. Bəzən
oynamayanda çox darıxıram, rejissorumuz Hafiz müəllimə deyirəm ki,
tamaşa oynamaq istəyirəm (gülür). Opera səhnəsi mənim üçün çox
əzizdir.
“Mənə daha yaxın Məcnun Mənsum İbrahimovdur"
D.Əhməd: Hansı “Məcnun” Sizin üçün
daha önəmlidir?
- Səhnəmizdə “Məcnun”larımız var. Amma mənə daha yaxın olan Mənsum
İbrahimovdur. Tamaşalarımızın əksəriyyətini Mənsumla oynayıram.
Səbuhi İbayev də gözəl ifaçıdır, amma tərəf müqabili kimi Mənsumla
olan tamaşalarımız bambaşqadır.
N.Ehlamqızı: Muğam bu gün müxtəlif
janrlarla sintez olunur. Sevda Ələkbərzadənin timsalında bu cür
sintezləri çox görürük. Belə sintezi bəyənirsiniz?
- Sintez çox gözəl bir şeydir. Amma onu savadlı şəkildə edəndə daha
gözəl olur. Hər gələn xalq mahnılarımızı sintez eləsə, xalq
musiqimiz nə günə qalar? Bunu peşəkar səviyyədə etmək
lazımdır.
“Açıq salondakı konsertə 8500 insan gəlmişdi”
N.Muradova: Amma sintezlərin hamısı
birmənalı qarşılanmır. Vaxtilə Nazpəri Dostəliyeva ilə Siyavuş
Kəriminin əcnəbilərlə birgə sintezləri vardı, bir layihə həyata
keçirmişdilər.
- O layihədə mən də “Gözəlim sənsən”i oxumuşam. Siyavuş müəllimin
sintezləri mənim xoşuma gəlirdi. Mənim əcnəbilərlə ifa etdiyim
“Gözəlim sənsən” xalq mahnısı başqa səviyyədə idi. 2-ci beynəlxalq
müsabiqədə onlar dəvət olunmuşdu, Heydər Əliyev sarayında konsert
verdik, yenə də həmin mahnını ifa etdim. Maestro Niyazinin
“Qaragilə”, “Xumar oldum” gözəl səviyyədə işlənib. İtaliyada sənət
dostlarım Mənsum İbrahimov, Elçin Həşimov, Elnur Əhmədov, gənc
vokalçı Azər Rzayev, dirijorumuz Yalçın Adıgözəlovla birgə
konsertdə idik. Azər Rzayev çox gözəl səsə malikdir, Zaur Rzayevin
övladıdır, hazırda Milanda təhsil alır. Romada konsert üçün çox
böyük maddiyyat lazım idi. Romanın simfonik orkestri ilə ifa etdik.
2 gün Romada qalandan sonra “Arena di Verona” adlı konsert
salonunda konsert verdik. Yüksək səviyyədə konsert keçdi.
İtaliyadakı səfirimiz Vaqif müəllimə çox təşəkkür edirəm. O konsert
salonu üçün 2 il əvvəldən müraciət olunmuşdu. Açıq salondakı
konsertə 8500 insan gəlmişdi. Maliyyə vəsaiti həddən artıq çox idi,
amma o konsertə dəyərdi.
Aqil Lətifov: O salonun kirayə
haqqını bizdəki saraylarla müqayisə etmək olar?
- Orkestri almaq, orkestrin Romadan Veroniyaya yol xərci, bizim
Azərbaycandan İtaliyaya gedib-gəlmək xərcimiz, oteldə qalmaq üçün
kifayət qədər maliyyə lazım idi. Çox yüksək səviyyədə konsertimiz
keçdi. Çox şadam ki, mövsümə belə konsertlə başladıq. Sözün əsl
mənasında, bir daha Azərbaycan musiqisi ilə fəxr elədim. Orada
“Qaragilə”, “Qarabağ oratoriyası” səsləndi.
N.Muradova: Daha çox italyanlar
idi, yoxsa azərbaycanlılar ?
- İtalyanlar idi. İtaliya musiqi beşiyidir, onları ifa ilə
təəccübləndirmək çox çətindir. Amma biz italyanları təəccübləndirə
bildik.
“İtalyanları təəccübləndirə bildik”
D.Əhməd: İndiyədək konsert
verdiyiniz hansı ölkədə Azərbaycan musiqisi sevildi?
- Dünyanın 25-dən çox ölkəsində olmuşam. ABŞ, Kanada, Almaniya,
Türkiyə, İngiltərədə olmuşam. Londonda 5 il bundan əvvəl gənclərdən
ibarət simfonik orkestri ilə maraqlı konsertimiz olmuşdu. Yalçın
müəllimin dirijorluğu ilə “Qarabağ şikəstəsi”ni ayaqüstə
qarşıladılar. Dünyanın harasında olmuşuqsa, təəccübləndirməyi
bacarmışıq.
N.Muradova: Bəs hansı ölkənin
tamaşaçısı Sizi təəccübləndirib?
- Hamısı. 10 il bundan qabaq Amsterdamda idik. “Konsert gebau” adlı
tanınmış konsert salonunda konsert vermək çox çətin işdir. Orada
Firəngiz Əlizadənin “Zikr” əsərini, bir də Cavanşir Quliyevin
əsərini italiyalı vokalçı ilə ifa elədim. Orada dünyanın müxtəlif
ölkələrindən 2500 insan vardı. Biz öyrəşmişik axı hər hansı bir
hissə tamaşaçının xoşuna gəlirsə, əl çalır. Amma orada tam fərqli
idi. Ümumiyyətlə, Avropa tamaşaçısı çox-çox fərqlidir. Təsəvvür
edin ki, orkestrdə 30 nəfər idi, bizdən tar, kamança, Türkiyədən
kanon, ud, Çindən, Fransadan yığma ansambl idi. Dirijorumuz
Hollandiyadan idi. Mən ifamı bitirdim, gördüm ki, əl çalmırlar.
Düşündüm ki, yəqin, ifam onların xoşuna gəlmədi. Dirijor orkestri
tamamilə yekunlaşdırandan sonra tamaşaçıya tərəf üzünü döndərdi,
artıq elə alqışlar oldu, bəlkə də, 10 dəqiqədən çox alqışladılar.
Hətta maraqlı bir şey oldu ki, tamaşaçılar mənə daha çox
yaxınlaşırdı. Firəngiz xanım sərbəst muğam yerləri vermişdi ki,
Aygün, nə istəsən, oxuya bilərsən, sərbəstdir. Tamaşaçılar
yaxınlaşanda Firəngiz xanım mənə dedi ki, əsəri yazan mənəm, amma
tamaşaçı daha çox sənə yaxınlaşır (gülür). Sənətimə qarşı çox
məsuliyyətliyəm ki. Bakıdan kənara çıxanda daha da məsuliyyətli
oluram, birdən soyuq olar, Azərbaycandan çıxmışam, gözəl ifa
eləməliyəm. Konsert bitəndən sonra deyirəm, çox şükür
Allahıma.
N.Muradova: Səsinizi necə
qoruyursunuz?
- Oxuyanların əksəriyyəti çox təamdan istifadə etmir. Boğazını
xüsusilə qoruyur, soyuq su içmir. Mənsə, düşünürəm ki, boğazı necə
öyrədirsənsə, sənə elə asandır. Şövkət xanım deyirdi ki, mən
soyuducudan su içirəm, konsertə çıxıram, mən səsi belə
öyrəşdirmişəm. Demirəm, səsinə düşmən kəsiləsən. Qorumaq lazımdır,
amma özünü də çox sıxmaq lazım deyil.
"Dedim, narahat olmayın, əlimə tüfəng də alıb gedərəm"
N.Qurbanova: Əslən ağdamlısınız.
Bir müddət öncə Ağdamda oldunuz...
- Bizim çox yaralı yerimizdir. Həmişə Ağdamdan danışanda
kövrəlirəm. O bölgələrdə tez-tez olmuruq da. İnanın ki, adamda,
bilirsiniz, necə hiss olur? Gedirsən, sərhəddir, baxırsan, qarşı
tərəfə keçə bilmirsən. Mən, Mənsum İbrahimov, Təyyar Bayramov
Ağdamın səngərlə az məsafədə olan Əhmədağalı kəndində qaldıq,
tədbir tez başlamalı idi, bir ailənin evində olduq. Ev yiyəsi dedi
ki, Aygün xanım, birdən gecə atışma olsa, qorxmayın ha. Dedim, nə
danışırsınız, o qədər atışma səsi eşitmişəm, valideynlərim Ağdamda
yaşayanda görürdüm ki, ermənilər Əsgəran tərəfdən atırdılar,
bilmirdik güllə hara düşəcək. Dedim, narahat olmayın, ürəkli
adamam, əlimə tüfəng də alıb gedərəm, qorxmuram. Məcburi köçkünlər
üçün 632 ev paylandı. Arzular çoxdur, hamımızın bir arzusu var ki,
torpaqlarımız geri alınsın, qayıdaq. Ermənilər oranı xarabaya
döndəriblər. Prezidentimizin söylədiyi kimi, inşallah, o yerləri
alaq, vallah, gülüstana çevriləcək. Tikməyi, qurmağı, yaratmağı
sevirik. Gün olsun, ərazi bütövlüyümüzü təmin edək.
N.Qurbanova: Bu günlərdə “Qarabağ”
futbol komandasının oyunu bizə bir az təsəlli verir. İzləyirsiniz
oyunlarını?
- Dünən izlədim, ancaq qol olmadı (gülür). Çox təəssüfləndim,
əlbəttə, bu, idmandır, belə şeylər olur.
N.Ehlamqızı: Stadiona gedib
baxmırsınız?
- O izdiham, hay-küydən bir az uzağam. Allah qoysa, nə vaxtsa,
inşallah, gedərəm.
N.Ehlamqızı: Yeni qayda nəzərdə
tutulub, stadionda bir sıra yer mediadakı qadınlara ayrılıb. Sıravi
qadınlarda da maraq var...
- Niyə qadınları ayırırlar? Dünyadakı futbol arenalarında 50-60 min
adam olur, orada nə qədər qadınlar gedir. Ötən gün fikir verdim, 30
mindən artıq insan vardı stadionda. Buna çox sevindim. Bundan
dəfələrlə yaxşı oyun göstərsələr, mən də stadiona
gedəcəyəm.
N.Qurbanova: Tanınmış adam
olduğunuz üçün, bəlkə, stadiona getməyə çəkinirsiniz?
- Biz də adamıq da. Tələbə vaxtı ictimai nəqliyyatdan istifadə
etmişəm. İndi metroya, avtobusa minmək istəyərəm. Amma bizdə
insanlar belədir ki, dərhal qayıdıb deyəcəklər ki, filankəsi gördün
metroyla gedirdi? Nə olar metroyla gedəndə? Hərdən ürəyimdən
metroya minmək keçir.
N.Qurbanova: Bəs, nədən
çəkinirsiniz?
- İnsanların o sözlərindən. Deyəcəklər ki, bunun maşını yoxdur,
metroyla gedir. Hətta efirdə deyirlər ki, filankəsi filan
dayanacaqda gördük, metroda gördük.
A.Lətifov: Bayaq gənclərin
əksəriyyətinin maddiyyata meyl etməsindən danışdınız. Sizcə, bu,
həm də ondan irəli gəlmirmi qınağa görə o şeylərə önəm
verirlər?
- Onlar ifa etməyə təzə başlayıblar, nə qınaq? Birinci növbədə
sənətə yiyələnməkdir. Sonra maşın da, ev də olar. Onlar gəncdirlər,
bəlkə, avtobusa minsə, 100 nəfərdən biri onu tanıyar.
A.Lətifov: Bəzi tanınmış sənət
adamları maddiyyata üstünlük vermirlər, faciəli şəkildə dünyasını
dəyişirlər. Bəlkə, gənclərin pula meyllənməsinin də səbəblərindən
biri budur?
- Mən gənclərdən danışdım, istərdim ki, muğam sənətini
cılızlaşdırmayaq. Muğam sənəti ciddi sənətdir. İnsan özünə,
şəxsiyyətinə, mənliyinə hörmət elədiyi kimi sənətinə də hörmət
eləməlidir. Şəxsən mən uşaq vaxtlarımdan oxumağa başlayandan bu
qaydada olmuşam. əgər özümə hörmət edirəmsə, şəxsiyyətimi qoruyub
saxlayıramsa, seçdiyim sənətə də qiymət verirəm. Orta nəsillə
indiki nəsili bərabər qoymaq olmaz.
D.Əhməd: Qədimdə toylarda muğam
ifaçıları iştirak edirdi. Məsələn, Cabbar Qaryağdıoğlu “İrəvanda
xal qalmadı”nı məhz toyda yazıb. İndi necədir, toylarda muğam
oxunur?
- İndi azdan-çoxdan Bakı kəndlərində toyda muğam dəstgahı ifa etmək
ənənəsi qalıb. Amma şadlıq evlərimizdən hansı birində yarım saatdan
çox muğam dəstgahının ifa edildiyini görmüsünüz?
A.Lətifov: Səbəbi nədir? Günahı
kimdədir? İndi bayağı müğənnilər daha çox meydandadır.
- Siz fonoqramla oxuyanları deyin də. Bilirsiniz, toylarda
fonoqramla oxuyanlara nə qədər pul verirlər. Amma canlı oxumağa pul
verən yoxdur.
N.Qurbanova: Sanki muğamın ağırlığı
xarakterinizə təsir edib. Siz mühafizəkar, ağır xasiyyətli və
kaprizli qadın kimi tanınırsınız.
- Kaprizi olmayan insan var? Xasiyyətim çox əladır. Hər insanla
yox, amma yeri gələndə zarafatım da, duzlu-məzəli söhbətlərim də
var. Amma baxır kiminlə. Öz xasiyyətimdən olduqca razıyam.
Ailəmizin üzvləri də çox ciddi adamlardır.
A.Lətifov: Heç narazı olduğunuz
xüsusiyyətiniz yoxdur?
- Vallah, heç narazı olduğum xüsusiyyətim yoxdur. Çox etibarlı
dostam, ətrafımda neçə illərdir insanlar var, onlar bilirlər.
Dostum nəsə xahiş edərsə, ona imkanım varsa, edərəm. İnsanların
arxasınca danışmıram. Bundan gözəl nə ola bilər? Mənim elə tələbə
yoldaşlarım var, tələbəlikdə, bəlkə də, o qədər yaxın münasibətim
yox idi, amma indi onları axtarıram. Mənə deyirlər halal olsun
sənə, yeri gələndə efirdən çox uzağıq, evdə oturmuşuq, işləmirik,
amma sənin o qədər işin olsa da, bizi axtarırsan.
N.Muradova: Sənət aləmində
dostlarınız kimlərdir?
- Sənət aləmində də münasibət saxladığım insanlar çoxdur.
Bilirsiniz, sənət aləmi çox çətin aləmdir. İncəsənət gözəl sözdür,
amma bu sahədə çalışmaq çətindir.
N.Qurbanova: Sosial həyatınız
necədir? Kiminlə rahatlıq tapırsınız, kiminlə istirahət
edirsiniz?
- Valideynlərimlə çox rahatlıq tapıram, onların yanında özümü
xoşbəxt hiss edirəm. Anama daha çox bağlıyam. Atamla, anamla yaxın
təmasda olmaq mənim üçün hər şeydən qiymətlidir.
N.Muradova: Vaxt ayıra
bilirsiniz?
- Bəli, ayırıram, tez-tez telefonda danışırıq, xüsusən yayda bir
yerdə oluruq.
N.Ehlamqızı: Valideynləriniz Bakıda
yaşayırlar?
- Yox, Ağdamdan gələndən sonra Bərdə şəhərində bacımgillə
yaşayırlar.
N.Muradova: Özünüz tək
qalırsınız?
- Yox, tək qalmıram. Qardaşlar, bacılar, bacı uşaqları, maşallah,
çoxdular. İnstitutda oxuyurlar. Bəzən vaxt axtarıram ki, bir gün
evdə istirahət edim. İş rejiminə öyrənmişəm deyə cəmi bircə gün
istirahət istəyirəm. Çalışıram valideynlərimə vaxtımı daha çox
ayırım, onların arzularını həyata keçirim.
“Atam birinci pərəstişkarımdır”
N.Muradova: Valideynlərinizin
Sizinlə bağlı nə arzuları var?
- Atam, bəlkə də, mənim birinci pərəstişkarımdır. Çünki gözəl səsi
olub, bir az da tar çalıb. Atam bir neçə il Bakıda yaşayıb, ancaq
anam Bakıda qala bilməyib. Anamı da götürüb qayıdıb Ağdama. Amma
atam o vaxt Əbülfət Əliyevlə tanış olub, o vaxt “Basin” küçəsində
qaval alıb, Əbülfəz Əliyevlə bir neçə toya gedib. Bir neçə il
yaşayandan sonra anam deyib ki, burada qala bilmərəm. İndi Bərdəyə
gedəndə deyirəm, gəlin gedək bir neçə gün bizdə qalaq. Burda gəlib
3 gündən artıq qala bilmirlər. Başa düşürəm, həyət evinə
uyğunlaşıblar. Şükür Allaha, çalışdığım qədərilə yaxşı şərait
yaratmışam, onlara Bərdədə rahatdırsa, mən də rahatam.
N.Muradova: Adətən, valideynlərin
övladları barədə ən böyük arzusu onun ailə həyatı qurmasıdır. Şəxsi
həyatınızda nə kimi yeniliklər var?
- Elə bir yenilik yoxdur, inşallah, olar. Hələ vaxt var.
A.Lətifov: Estrada müğənnilərindən
kimi dinləyirsiniz?
- Ayaz, Eltonun ifalarını bəyənirəm.
N.Muradova: Röyanı
bəyənirsiniz?
- Röyanın özünəməxsus ifa tərzi var. Nəyi oxuyurlarsa, səliqəli
şəkildə ifa edirlər. İstər yeni, istərsə də retro mahnılarını
oxuyanda əndrabadi ifa etmirlər. Mənim estrada janrında ifa edən 3
tələbəm olub: Elnarə Xəlilova, Arzum və Sevda Yəhyayeva. Amma
onlardan ən yaxşı öyrənəni Elnarə idi. Sevda axırıncı konsertdə
məndən “Kəsmə şikəstə”ni öyrətməyi xahiş etdi. Dedim, çox çətindir.
Heç muğam ifaçıları çox müraciət eləmir, qaldı estrada müğənniləri.
Düzü, vaxtım olmadı, Sevdanın konsertinə gedə bilmədim, eşitdiyimə
görə, oxuyub, amma bir az da məşğul olsa, daha yaxşı ifa edər.
Arzum əvvəl götürə bilmirdi, çünki muğam çətindir, amma sonradan
öyrəndi. Amma tədbirlər, çəkilişlərə görə vaxtında dərsə gəlib çata
bilmirdilər. Mən də humanist adamam. Xanəndələr var ki, ancaq
müəllim kimi fəaliyyət göstərir, bir də var yaradıcı səhnələrdə
olan adam. Mən də çalışırdım onları başa düşüm. Amma deyirdim
imtahanda kafedra müdirimiz Arif Babayevin qarşısında çıxış
edəcəksiniz, mən heç nə deyə bilməyəcəyəm. Məsuliyyəti bəri başdan
onların üzərinə qoyurdum ki, özünüz bilərsiniz. İndi tələbə dövlət
imtahanı verəndə muğam mərkəzinin səhnəsində bir neçə müəllimin
qarşısında çıxış edir, ifa elədiyi muğamdan əlavə bilet çəkib
suallara cavab verməlidir. İmtahanın birində komissiya sədri idim,
inanın ki, çox çətin imtahan keçdi. Hətta bir neçə tələbə kəsildi,
“2" qiyməti aldı.
A.Lətifov: İmtahanlar ədalətli
keçir?
- Bəli. 3-4 tələbə diplom ala bilmədi. Bir tələbə dedi, əsgər
gedəcəyəm. Konservatoriyanın direktoru Siyavuş Kərimi dedi ki,
gedib qayıdarsan, oxuyub imtahan verib diplomunu alarsan. İndi də
şəraitimiz çox yaxşıdır.
N.Qurbanova: O vaxt mərhum Heydər
Əliyevin xüsusi simpatiyasi olan gənc xanəndələrdən biri də Siz
olmusunuz.
- Mən elə bu sənətə Heydər Əliyevin imzası ilə gəlmişəm. Rəhmətlik
Xeyransa Məmmədova, Aybəniz Haşımova, Könül Xasıyeva...
N.Qurbanova: Tədbirlərdə
çıxışlarında Sizi xüsusi olaraq vurğulayıb. Onun münasibəti Sizin
həyatınızda divident olub?
- Rəhmətlik Xeyransa Məmmədovanı meydana İslam Rzayev çıxarmışdı.
Onda mərhum Heydər Əliyev demişdi ki, belə istedadlar çoxdur,
onları üzə tapıb çıxarmaq lazımdır. Xeyransa, doğrudan, istedadlı
qız idi, təəssüf, dünyasını erkən dəyişdi. Həmkarlar İttifaqında
Lidya Rəsulova başda olmaqla, Aida xanım, Xoşqədəm, Zəhra, Emin
müəllim o qədər qayğımıza qalırdılar ki. Bizim geyimlərimizə qədər
diqqətli yanaşırdılar. Konservatoriyada muğam sinfi yox idi. Muğam
sinfini bizə görə açmışdılar, ilk tələbəsi də Gülüstan Əliyeva
olmuşdu. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə tədbirlər
oldu. Zərifə xanımın ad günləri olanda mahnı teatrında bir kadr
var, onu saxlayıram. Orada rəhmətlik Heydər Əliyev əyləşmişdi,
Mehriban xanım və Arzu oradaydı, onda Arzu balaca qız idi. Mən də
Tofiq Quliyevin “Axşam” mahnısını oxuyurdum, inanın ki, kamera
yaxından çəkib, Heydər Əliyevin gözləri yaşla dolub. Sonra
dəfələrlə konsertlərdə öz fikrini bildirib. Hələ əməkdar artist
deyildim, səhv etmirəmsə, Şövkət xanımın 80 illik yubileyindən
əvvəl idi, dövlət konsertində idik, konsertdən sonra pərdə arxasına
gəldi, hamının ifası haqda bir-bir danışdı, orada mənim ifamı
xüsusilə vurğuladı, bu, təbii ki, ifaçı kimi mənim üçün çox xoş
oldu. İki ay keçmədi əməkdar artist adı verildi.
N.Qurbanova: Sosial şəbəkələrdə
varsınız?
- Əlbəttə, indi hansı zamandır ki? Düzdür, özümü orada şəhid
eləmirəm (gülür). Facebook, İnstagram, Vatsap, Viber-dən istifadə
edirəm. Amma saatlarla vaxt keçirmirəm.
D.Əhməd: Fikriniz varmı, Zeynəb
Xanlarova kimi parlamentdə əyləşəsiniz?
- Zeynəb xanım gözəl müğənnimizdir, Allah can sağlığı versin. Çox
böyük hörmətim var, məni tədbirlərdə görəndə deyir, səni
dinləyirəm, çox gözəl oxuyursan. Mən özüm ara-sıra onun mahnılarına
müraciət edirəm. Vallah onu zaman göstərər, mən nə deyə
bilərəm.
N.Ehlamqızı: Elə bir istəyiniz
var?
- Hazırda elə bir istəyim yoxdur. Fikirlərimi tam normal qaydada
çatdıra bilən adamam.
Nərgiz EHLAMQIZI
Foto: Elçin MURAD
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı