Türkiyə İŞİD-lə müharibəyə başlayacaqmı? – Təhlil
Bizi izləyin

Dünya

Türkiyə İŞİD-lə müharibəyə başlayacaqmı? – Təhlil

İŞİD-in girovluğunda olan türkiyəli diplomatlar sərbəst buraxıldı. Ancaq hər kəsi düşündürən bir sual ortaya çıxır: ABŞ-ın İŞİD-ə qarşı yaratdığı koalisiyaya qoşulmaqdan imtina edən Türkiyə bu məsələdə mövqeyini dəyişəcəkmi?

ABŞ İŞİD-ə qarşı birlik yaratmaq barədə planını ilk dəfə Uelsdə keçirilən NATO zirvə sammitində bəyan etdi. Türkiyənin də bu koalisiyanın içində olacağı açıqlanmışdı. Əvvəlcə Parisdə, daha sonra Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən toplantılardan sonra təxminən 30-a yaxın ölkə bu koalisiyaya qoşulacağını bəyan etsə də, bəzi ölkələr, o cümlədən Türkiyənin tərəddüdü səslənməyə başladı. Türkiyənin ABŞ-ın təklifini rədd etməsi onun ABŞ-ın Yaxın Şərqdə növbəti işğalını rədd etməsi kimi də dəyərləndirildi. Türkiyə ABŞ Dövlət katibi Con Kerrinin Ankaraya səfərindən sonra yalnız humanitar və kəşfiyyat əməkdaşlığı istiqamətində yardım edəcəyini açıqladı.

Ötən gün isə Nyu Yorkdan Türkiyəyə bir mesaj göndərildi. Dövlət katibi girovların azadlığa buraxılmasından sonra Türkiyənin qarşıdakı günlərdə bəzi seçimlər edəcəyini bildirdi. Girovlar azadlıqlarına qovuşdular, ABŞ-ın isə bundan sonra Türkiyəyə daha konkret bir siyahı ilə gəlməsi sürpriz olmayacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlunun açıqlamaları isə hələ də yalnız girovların sərbəst buraxılması ilə bağlıdır...

Sabah Prezident Ərdoğan Nyu Yorka yola düşür. BMT-nin iclasında iştirak edəcək prezidentin müzakirə edəcəyi ən önəmli məsələ Türkiyə sərhədində düşərgələrin yaradılmasıdır. Ərdoğanın Obama və digər liderlərlə görüşəcəyi və bundan sonra Türkiyənin İŞİD məsələsində konkret mövqe ortaya qoyacağı gözlənilir.

Təxminən 1.5 milyon suriyalının sığındığı Türkiyə Suriyanın Kobani şəhərinin İŞİD tərəfindən ələ keçirilməsindən sonra daha 45 min suriyalıya yiyəlik etməyə məcbur olub. ABŞ və digər müttəfiqlərinin Türkiyəyə hərbi əməliyyatlara dəstək verməsi və hərbi bazaların yerləşdirilməsi üçün təzyiqi qarşısında Ankaranın vəziyyətdən çıxış yolu kimi bölgədə uçuşlara qadağa qoyulması məsələsini ortaya atacağı gözlənilir. Həmçinin bölgədəki qaçqın probleminin qarşısının alınmasında BMT-nin yardım etməsinin istəniləcəyi ən önəmli məsələlərdən biri olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm