Elman Nəsirli: “Ermənistan ATƏT-in Minsk qrupu tərəfindən sülhə məcbur edilə bilər”
Bizi izləyin

Nida.az

Elman Nəsirli: “Ermənistan ATƏT-in Minsk qrupu tərəfindən sülhə məcbur edilə bilər”

Moldova Respublikasının paytaxtı Kişnyovda bir neçə gün öncə “Dövlətlərin ərazi bütövlüyü və insan hüquqlarının qorunmasının təmin olunması” mövzusunda konfrans keçirilib

Publika.az-ın verdiyi xəbərə görə, Moldova Respublikasının “İctimai Palata” adlı qeyri-hökumət təşkilatı tərəfindən və Moldovanın parlament vəkili (ombudsman) Aureliya Qriqoriunun himayəsi ilə keçirilmiş tədbir böyük ictimai-siyasi diqqətə səbəb olub.

Konfransın işində həmçinin Moldovanın keçmiş prezidenti Pyotr Luçinski, Azərbaycan Respublikasının Kişineudakı səfiri Namiq Əliyev, Moldovanın baş prokurorunun birinci müavini Andrea Pıntya, Macarıstan, Ukrayna və Çexiya səfirləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasnın Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov, Suxumi Universitetinin professoru Guram Marxuliya, beynəlxalq münasibətlər üzrə israil eksperti, Hayfa Universitetinin doktorantı Arye Qut, Kişineuda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Gürcüstan, Pakistan, Ukrayna və başqa ölkələrdən gəlmiş ombudsmanlar və onların nümayəndələri iştirak və çıxış ediblər.

Konfransı açan Aureliya Qriqoriu qeyd edib ki, beynəlxalq elmi ictimaiyyətin nümayəndələrinin, deputatların, qeyri-hökumət təşkilatlarının, insan haqları üzrə milli təsisatların, Moldova Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların göstərdiyi maraq və bu beynəlxalq konfransda iştirak, onu göstərir kio göstərir ki, ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə prinsipinin həyata keçirilməsi insanın fundamental hüquqlarına riayət olunmasına bilavasitə təsir edir. "Son vaxtlar ölkənin ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə prinsipləri müəyyən ziddiyyət təşkil edir və heç bir ölənin ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Tərəflərin bu ziddiyyətləri aradan qalmasına nail olmaması milli münaqişələrin dərinləşməsinə, bəzən hərbi qarşıdurmaya gətirib çıxarır, - Aureliya Qriqoriu bildirib.

Konfransın plenar iclasında çıxış edən Azərbaycanın Moldovadakı səfiri, hüquq elmləri doktoru, professor Namiq Əliyev xüsusi vurğulayıb ki, dünyanın aparıcı ölkələri ərazi münaqişələrinin həlli və insan hüquqlarının müdafiəsi məsələlərində beynəlxalq hüquqa məhəl qoymadan ikili standartlar tətbiq edir, erməni siyasətçilərinin etnik təmizləmə, Cənubi Qafqazda monoetnik zonalar yaratmaq siyasəti yeritdiklərini görmürlər. Buna görə təsadüfi deyil ki, “bumeranq qanunu” üzrə onlar özləri artıq belə problemlərlə qarşılaşarlar.

Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxulia Gürcüstanın və Azərbaycanın müstəqillik tarixlərindən, strateji tərəfdaş ölkələr kimi üzləşdikləri müxtəlif problemlərdən, Gürcüstan və Azərbaycanın 20% torpaqlarının işğal olunmasından, ölkələrin dövlətçiliyinin qorunub saxlanılmasından, hərbi gücünün getdikcə inkişaf etməsindən, hər iki ölkənin ərazisindən ən böyük beynəlxalq layihələrin keçməsindən və əldə olunan uğurlardan söhbət açıb. Professor Marxulia qeyd edib ki, müəyyən zaman çərçivəsində Azərbaycan və Gürcüstanın işğal olunan torpaqları geri qaytarılacaq və ərazi bütövlüyü təmin olunacaq.

Bu beynəlxalq konfransın "Ermənistan-Azərbaycan münaqişəsi" panel çərçivəsində Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı oz çıxışında beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü və xalqların öz müqəddəratını teyin etmə prinsiplərinin anlayışını geniş işıqlandırmış, xalqların öz müqəddəratını teyin etmə hüququnun dövlətlərin suverenliyi və ərazi bütövlüyü ilə uzlaşmalı olduğunu, beynəlxalq hüquqda xalqın etnik anlamda başa duşulmediyini, xalq sözünün etnos kimi yox demos kimi başa düşüldüyün, yalnız xalqın bütünlükdə belə hüququn daşıyıcısı olduğu, milli azlıqların belə bir hüququnun olmadığını qeyd etmişdir. Daha sonra Aydın Səfixanlı Ermənistanın Azərbaycana hərbi təcavüzü neftçisində ərazi bütövlüyü prinsipinin, esas insan hüquq ve azadlıqlarının pozulduğunu, bununla bağlı BMT, Avropa Şurası, Avropa Birliyi tərifindən qəbul edilmiş sənədlər barədə geniş məlumat vermişdir. Azərbaycanın BMT- nin Təhlükəsizlik Şurasına qeyri- daimi üzv seçilməsi, Azərbaycanın Avropa Şurasının Nazirlər Kabinetinə sədrliyi dövründə ölkə başçısının qeyd etdiyi prioritetlər barəsində geniş məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov müzakirə olunan problemlə bağlı çıxışında aşağıdakı elmi və siyasi mühakimələrini irəli sürdü: "Birincisi, Serj Sarkisyan hökuməti konfliktin həlli naminə siyasi iradə nümayiş etdirmək iqtidarında deyildir, çünki bu rejimin müvafiq addımları atmaq üçün ciddi sosial bazası yoxdur. Xalqı səfalət, işsizlik və aclıq həddində yaşayan dövlətin iqtidarının bu vəziyyətdə totalitar-terrorçu idarə metodlarına üstünlük verməsi siyasəti anlaşılandır. Bu siyasətin mühüm həlqələrindən birini də ölkədaxili ictimai fikri öz üzücü gündəlik problemlərindən yayındırmaq və onu kənar istiqamətlərə yönəltmək təşkil edir. Belə hallarda cəbhə bölgəsində atəşkəs rejimini kobud şəkildə pozmaqla Azərbaycan tərəfini daha ciddi adekvat addımlar atmağa təhrik etmək və nəticədə ölkədaxili deyil, ölkəxarici problemlərin prioritetliyini qabartmaq hakimiyyətin mövcudluğunu qoruyub saxlamağın Ermənistanda dəfələrlə sınaqdan çıxarılmış üsuludur. İkincisi, Ermənistan dövləti beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk qrupu tərəfindən sülhə məcbur edilə bilər. Regionda sülh və sabitlik naminə, xüsusilə də daşıyıcısı olduqları milli maraqlardan çıxış edərək həmsədrlər-ABŞ, Rusiya və Fransa Serj Sarkisyan rejiminə müəllifi olduqları yeniləşmiş Madrid prinsiplərini qəbul etdirə bilərlər. Xüsusilə bu istiqamətdə Rusiyanın imkan və potensialı daha böyükdür. Hələ ki, bu baş vermir. Bu, heç də o demək deyildir ki, həmin güclər Ermənistanın müqavimət potensialını qıra bilmirlər. Əsla yox. Sadəcə bu və ya digər səbəblərdən bunu etmirlər. Başqa sözlə, bunu etməli olan dövlətlər üçün hələ ki, Dağlıq Qarabağ probleminin həlli beynəlxalq gündəliyin prioritet məsələsinə çevrilməmişdir. Xüsusilə də Ukrayna böhranı fonunda Rusiya ilə Qərbin münasibətlərinin son dərəcə korlanması, heç şübhəsiz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinə də öz mənfi təsirini göstərir. Üçüncüsü, BMT TŞ-nın münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməsi (822, 853, 874, 884-1993-cü ildə qəbul olunmuşdur), təşkilatın nizamnaməsinin özünümüdafiə hüququ ilə bağlı 51-ci maddəsi, qurumun qəbul etdiyi qərarlarının yerinə yetirilməsinin icbari xarakter daşıması haqqında 25-ci maddəsi, habelə AŞPA, İKT və Avropa Parlamentinin Ermənistanı işğalçı dövlət elan etməsi kimi məlum hüquqi arqumentlər Azərbaycana öz ərazi bütövlüyünü təmin etməsi məqsədilə istənilən təsir mexanizmlərini, o cümlədən hərbi tənzimləmə variantını işə salmaq səlahiyyəti verir. Dördüncüsü, Azərbaycanın mükəmməl informasiya təhlükəsizliyinə malik olması, ifrat iqtisadi-hərbi potensialı, demoqrafik üstünlüyü və möhkəm beynəlxalq mövqeləri qarşısında ya Serj Sarkisyan rejimi vahimələnib münaqişənin həlli naminə siyasi iradə nümayiş etdirər, ya da regionda müharibənin yenidən alovlanmasını heç bir halda istəməyən, lakin bunun son dərəcə labüd olduğunun fərqinə varan beynəlxalq güclər Ermənistanı anoloji addım atmağa məcbur edərlər”.

Beynəlxalq münasibətlər sahəsində İsrail eksperti Arye Qut təəssüf hissi ilə bildirmişdir ki, son 20 ildə BMT Nizamnaməsinin prinsipləri və normaları real təcrübədə nəzəriyyəyə çevrilib. "Vaxtı ilə Amerika diplomatı Henri Morgentau demişdir ki, məhz hərbi güc dövlətin siyasi qüdrətini təmin edən ən mühüm amildir. Sovet İttifaqında gedən yenidənqurma, aşkarlıq prosesi antiazərbaycan əhval-ruhiyyəsinin və ərazi iddialarının yeni dalğasını yaratdı. 1988-ci ildən başlayaraq kütləvi hədə qorxular, fiziki güc, ölüm, kəndlərin talan edilməsi yandırılması həyata keçirilir. Ermənistanın rayonlarından 250 min azərbaycanlı öz ev-eşiyindən qovulur. 1905-1920-ci illərin tarixi yenidən təkrar olunur-qadın və uşaqlar, yaşlılar, qarlı dağlar aşaraq, dona-dona, insani itkilər verə-verə öz xilaslarını Azərbaycanda axtarırdılar. 1991-ci il avqustun 8-də (18 fevral 1929-cu ildə Ermənistanın tərkibinə verilib) sonuncu Azərbaycan kəndi Hüvədidən əhalinin çıxarılmasından sonra Ermənistan faktiki olaraq monomillətçi dövlətə çevrildi. "Türksüz Ermənistan" kimi daşnak ideyası reallaşdı. Erməni terror təşkilatları dünyanın müxtəlif ölkələrinin erməni diasporunun maliyyə və ictimai dəstəyi ilə Azərbaycana qarşı terror müharibəsi aparır. Ona baxmayaraq ki bu gün dünya İraqda, Əfqanıstanda və Suriyada terrorizmə qarşı bütün gücü ilə mübarizə aparır, terrorçuluqla mübarizə sahəsində müxtəlif konfranslar və forumlar keçirir, bu gün Ermənistan Respublikası dünyada dövlət səviyyəsində terrorizmi dəstəkləyən yeganə ölkədir", - deyə Arye Qut deyib.

Sonra "Justice for Khojaly" beynəlxalq kampaniyasının İsrail Dövlətində rəsmi koordinatoru Arye Qut konfrans iştirakçılarına erməni faşistlərinin Xocalıda törətdiyi kütləvi qanlı qırğın və soyqırımı haqqında ətraflı məlumat vermişdir və bu çıxış zamanı iştirakçılara Xocalı haqqında qısametrajlı sənədli film təqdim etdi. Bu qısametrajlı sənədli filmə baxan konfrans iştirakçıları və qonaqlar qanlı qırğını əks etdirən filmdən şok yaşadılar.

“Misli görünməmiş vəhşiliklə törədilmiş bu kütləvi qırğın XX əsrin ən qanlı faciələrindən biri olmuşdur. Bu qəddar və amansız qətliam Azərbaycanın ürəyində sağalmaz yaradır. Bu faciə bütün bəşəriyyətə qarşı cinayətdir. Erməni silahlı qüvvələrinin və muzdlu dəstələrinin şəhəri və onun ətraflarını tərk etməyə macal tapmamış xocalılılara aman verməməsi artıq tarixi faktdır. Erməni silahlı qüvvələrinin vəhşiliyi nəticəsində 613 adam qətlə yetirilmiş, 487 adam əlil olmuş, 1275 dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir düşmüş, ağlasığmaz işgəncələrə, təhqir və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. faktlar təsdiq edir ki, Xocalının mülki əhalisinin qəsdən məhv edilməsi onların hamısını yalnız bir səbəbdən - azərbaycanlı olmaları səbəbindən kütləvi şəkildə məhv etmək məqsədi daşımışdır. Bu, əsl faşizm və Azərbaycan xalqına qarşı barbarlığın təzahürü idi. Dünya insanlığa sığmayan bu vəhşilikdən xəbər tutmalıdır. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmişdir. Bu gün Ermənistanda yüksək vəzifə tutan adamlar – Seyran Ohanyan, Serj Sarkisyan, habelə Robert Koçaryan və başqaları bu soyqırımının təşkilatçıları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər”,- deyə sonda Arye Qut bildirib.

Azərbaycanın böyük dostu, Moldova Respublikasının parlament vəkili (ombudsman) Aureliya Qriqoriu işğal, qaçqınların mövcudluğu, münaqişə zamanı insan hüquq və azadlıqların pozulması, soyqırımı kimi faktların beynəlxalq birliyin diqqətinə çatdırılmasının vacibliyindən danışıb. Moldovalı ombudsman Dağlıq Qarabağı işğal edən Ermənistanın və işğal altında olan ərazilərdə vəhşiliklər törədən şəxslərin adlarının məlum olduğunu və onların Beynəlxalq Məhkəmə tərəfindən məhkum olunmasının vacibliyini dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm