Azərbaycanlı müğənnidən şok etiraf: “Şayiə yaydılar ki, guya o qadınla gəzmişəm…” - FOTOLAR, VİDEO
Bizi izləyin

Digər

Azərbaycanlı müğənnidən şok etiraf: “Şayiə yaydılar ki, guya o qadınla gəzmişəm…” - FOTOLAR, VİDEO

“Ulduzlu axşam”ın qonağı əməkdar artist, sevilən sənətkar və ən əsası, səmimi insan Zakir Əliyevdir.

“Belə olanda təbim daha gözəl olur”

- Şou-biznes nümayəndələrindən fərqli olaraq, siz xanəndələr arasında, deyəsən, qalmaqallar yaşanmır? Yoxsa yaşanır, ört-basdır edirsiniz?

- Ailə daxilində də söz-söhbət olur, o ki qaldı sənət cameəsində. Təbii ki, ara-sıra xırda söz-söhbətlər, incikliklər yaşana bilər, amma bunu efirə çıxarmağın nə mənası var axı? Sənət adamı daha çox səsi, ifası ilə gündəmdə qalsa yaxşıdır.

- Son zamanlar elə siz özünüz də maqazin proqramlarında görünürsünüz. Maqazin proqramı ola, sənətçini qalmaqala çəkməyələr…

- Bu yaxınlarda, az qala, belə bir qalmaqala düşəcəkdim, yaxşı ki, ağıllı tərpəndim.

- Kiminlə qalmaqala çəkmək istəyirdilər ki?

- Sənət dostlarımızdan biri ilə. Soruşdular ki, filankəs necə oxuyur? Qaldım belə. Ümumiyyətlə, elə bir dönəmdə yaşayırıq ki, balaca uşağı da aldatmaq olmur. Xalq yaxşı bilir kimin səsi, sənəti var, kimin yoxdur. Mənim, ya başqasının deməyinə ehtiyac yoxdur. Həm də insanlar səmimiyyəti tez tutur, bilir bunu ürəkdən, yoxsa kiməsə xoş gəlmək xatirinə dedin. Mən özüm, məsələn, toyda-məclisdə oxuyanda insanlardan o enerjini, o sevgini ala bilirəm. Belə olanda da təbim daha gözəl olur.

“Şayiə yaydılar ki, guya mən o xanımla gəzmişəm…”

- Bəs hansı halda təbdən düşürsünüz?

- Məsələn, toy məclisinin müəyyən vaxtında, görürsən ki, insanlar yemək yeyir, bu məqamda ritmik musiqilərin yeri yoxdur axı, başlayırsan gözəl bir muğam ifa etməyə. Bir də görürsən toy sahibi gəlir ki, sən Allah muğamı qısa elə. Baxmayaraq ki, ziyalı insandır. Ruh da elə bir şeydir ki, səndən aralandısa, lap başına dolansan da, xeyri yoxdur, ürəkdən oxuya bilməyəcəksən.

- Toyda elə bir hal olubmu ki, bayağı bir mahnı sifariş veriblər, məcburiyyət qarşısında oxumalı olmusunuz?

- Mən qabaqcadan hazırlığımı görürəm ki, belə vəziyyətlə qarşılaşmayım. Özümlə xanım müğənni aparıram və o, müəyyən təzə çıxan mahnıları oxuyur. Bəzən rayona, kəndə gedəndə tək oluram və bildiyim mahnıları oxuyuram. İstəmirəm toyda iştirak edən insanların xətrinə dəyim.

- Estrada müğənniləri toy bazarında yaxşı qazanc əldə edirlər, sağlıqlarına qismət. Amma deyilənə görə, xanəndələrə az pul verirlər, doğrudurmu?

- Baxır xanəndəyə. Cavanlardan yaxşı pul qazananlar var. Amma nədənsə, elə dədə-babadan əsl sənətkara az pul veriblər. Məsələn, bizdə əsl xanəndəni 2 minə toya aparırlarsa, ara müğənnilərinə 6 min manat qonorar verirlər. Düşünürəm ki, toy sənət meydanı deyil. Dörd-beş saat müddətində elə eləmək lazımdır ki, insanlar həm rəqs eləyə bilsin, həm dincəlsin, həm də əylənsinlər. Məsələn, toyda muğamı çox uzatsan, toyların olmaz. Çox az adam var ki, hal əhli olur və deyir ki, muğam oxuyun, dincələk. Belə məclislər də çox az olur.

- Nüsrət Kəsəmənlinin sözlərinə bəstələnmiş çox məşhur bir mahnınız vardı: “Biri vardı, biri yox”. Zakir Əliyevin həyatında indi çatışmayan nədir?

- Məni kövrəltməyin, xahiş edirəm. Yeddinci sinifdə oxuyanda atam dünyasını dəyişdi. Elə buna görə o mahnını oxudum. Amma indi o mahnını heç oxuya bilmirəm. Üç ilə yaxındır ki, anam dünyasını dəyişib, buna görə o mahnını oxuya bilmirəm. Mənə çox ağırdır. İnsan yaşa doluqca həyatı lap dərindən dərk edir və hər şey insanı duyğulandırır.

- Mənə çox maraqlıdır, indiyə qədər haqqınızda yayılan ən dəhşətli şayiə nə olub?

- Olub. Bir nəfər vardı, mən o evə qonaq kimi gəlib-gedirdim. Sonradan eşitdim ki, haqqımda söz-söhbət çıxarıblar. Guya mən o xanımla gəzirəm. Şoka düşdüm e, bu söhbətdən. Qonum-qonşu çıxarmışdı bu xəbəri. Yeddi-səkkiz ilin söhbətidir e, bunu da mənə həmin vaxt sənət dostum dedi. Bəzən insanlarla çox səmimi olursan, onların ürəyinə başqa şeylər gəlir. Mən heç bu söhbəti çıxaranları qınamadım da. Görünür, onlara elə gəlibmiş. Bu söhbəti eşidən kimi o evdən ayağımı kəsdim.

- Evliydiniz onda?

- Hə, evliydim.

- Xanımınızın bu şayiəyə reaksiyası necə oldu bəs?

- Xanımımla universitetdə bir oxumuşuq, anlayışlı qadındır. Heç vaxt həyatıma müdaxilə etməyib. Gecəyarısı bir xanım həmkarım zəng eləsə ki, filan yerdəyəm, köməyinə ehtiyacım var, gedərəm. Buna görə evdə xanımım bir kəlmə də güldən ağır söz deməz.

“Mini yubkada muğam oxuyanda, xoşuma gəlmir”

- Geyimlərinizi kimin zövqü ilə seçirsiniz?

- Xanımım nə desə, onunla razılaşıram. Çünki biz ikimiz də rejissorluğu bitirmişik, onun zövqünə inanıram. Onsuz heç nə almıram. Hərdən nəsə alanda da görürəm ki, xanımım deyir ki, bu, sənə yaraşmır. Geyinib görürəm ki, düz deyir. Buna görə onun zövqü ilə geyim alıram.

- Hansı stili bəyənirsiniz?

- Sənətimlə əlaqədar idman üslubuna qarderobda az yer ayırıram. Amma idman geyimlərini xoşlayıram. Estrada müğənnisi cins şalvarda, krossovkada toya gələndə heç kimə qəribə gəlmir, amma mən belə geyinib muğam oxusam, yaxşı təsir bağışlamaz. Məsələn, xanım xanəndə mini yubkada muğam oxuyanda xoşuma gəlmir. Söz yox e, qalstuk-kostyum bəzən insanı sıxır, amma məcbursan əlindəki qavala və oxuduğun musiqiyə uyğun geyinəsən.

- Sizcə, dərin, duyğulu dinləyicilərin sayı azalıb?

- Deməzdim azalıb, bəzən xanəndənin özündən də dərin, duyğulu insanlarla qarşılaşıram. Mənə zəng edib elə gözəl sözlər deyirlər ki, telefonda ağlayıram. Birdən elə məclisə düşürəm, mənə elə gəlir ki, orda məni dinləmirlər. Amma muğamı bitirəndən sonra görürəm ki, onlar məni dərindən dinləyib zövq alıblar.

“İnad etdim ki, o qızla evlənməliyəm”

- Çox duyğulu insansınız. Olubmu ki, hansısa məclisdə, ya efirdə

oxuduğunuz yerdə qəfildən qəhər sizi boğub və oxuya bilməmisiniz?

- Çox olub. Bir dəfə rəhmətlik Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım mənə zəng elədi ki, Yaşar “Biri vardı, biri yox” mahnısını çox istəyirdi, gəl onu oxu. Bir tədbir idi. Getdim oxudum, hamı ağladı. Mən də qəhərləndim. Bayaq dedim axı, anam da dünyasını dəyişib, bu, mənim üçün çox ağır itkidir. Özümü ələ ala bilməyib ağladım orda, amma çox utandım ki, tamaşaçı birdən gözümün yaşını görər. Mahnını ağlaya-ağlaya oxudum. Bir də ana haqqında oxuyanda, yaşlı anaların əllərinin qırışını görəndə anamı xatırlayıram və göz yaşımı gizlədə bilmirəm. Ana mənim yaralı yerimdir. İndi, şükür Allaha, hər şeyimiz var. Vaxt vardı, Bakıda evimiz-eşiyimiz olsa da, gecə yata bilmirdim. Bilirdim ki, nəsə çatmır. O saat deyirdim ki, anamın ətri çatışmır və gecənin bir aləmi maşına oturub gedirdim kəndə, anamı görməyə. Qapını açırdım, anamı qucaqlayıb ətrini qoxlayırdım. Sanki, mənə dünyanı verirdilər. Ondan aldığım güc mənə enerji verirdi və özümü çox güclü sayırdım.

- Sərt atasınız?

- Yox, həmişə çalışmışam uşaqlarım sərbəst böyüsün. İstəməmişəm məndən qorxsunlar və bu qorxuya görə davransınlar. İstəmişəm mənfi xüsusiyyətləri özləri dərk edərək, o xüsusiyyətlərdən aralansınlar. Qızım Tibb Universitetdə oxuyur, oğlum 11-ci sinifdə.

- Seçimlərinə qarışacaqsınız ailə quranda?

- Qətiyyən. Çünki özüm də öz seçimimlə evlənmişəm. Mən kənd uşağı idim. Sevdiyim qız da Sumqayıtda yaşayırdı. Hətta mənə deyirdilər ki, şəhər qızıdır, sənin də xasiyyətin ağırdır. Amma mən inad etdim ki, o qızla evlənməliyəm. Sağ olsun, ailəm məni qırmadı və razılıq verdilər.

“Xanımım və qızıma xəbərdarlıq etmişəm ki…”

- Xanımına, qızına müəyyən qadağalarınız varmı?

- Var. Geyimlə bağlı iradlarım olur. Qızıma da deyirəm ki, elə geyin ki, atanın adına xələl gəlməsin. İstəmirəm desinlər ki, buna bax e, Zakir Əliyevin xanımına baxın, görün necə geyinib. Amma xasiyyətimi bilirlər. Özlərinə bircə dəfə xəbərdarlıq etmişəm ki, filan cür geyimlər almayın, alsanız da, geyinməyə qoymayacağam. Heç onlar da mənim bir sözümü iki eləməyiblər.

- Dostların çoxdur?

- Yox. “Biri vardı, biri yox” mahnısının bəstəkarı Namazəli Mehdiyevlə yaxın dost olmuşuq. Allah rəhmət eləsin, qəzəlxan Hacı Mail Ələmdarın bir sözü vardı, deyirdi ki, Zakir, insanın ən yaxın dostu anasıdır. Ola bilər, insan qəzaya düşər, əlini-ayağını itirər, çox pis vəziyyətə düşər, hətta xanımı, övladı da ondan bezər, imtina edər, amma anası atmaz. Ana övladını ən çətin, ən ağır vaxtda belə atmır. Çox əfsus ki, anamı yanımda görə bilmirəm, ən yaxın dostumu, dünyamı itirmişəm. Bir də görürsən, “Böyük dayaq” filmini göstərirlər, orda bir yer var e, anası Qaraşa deyir, “ölmədim, bu günü də gördüm”. Yaxud da “Ögey ana” filminə baxanda gözümün yaşını sel kimi tökürəm. Film qurtarana qədər sakitləşə bilmirəm.

- Daha deyin, Xoşqədəm Hidayətqızının da verilişinə baxanda ağlayırsınız da...

- Nə bildin? Özümü saxlaya bilmirəm o verilişə baxanda, buna görə də heç baxmıram. Anasını-atasını atan o insanları görəndə dəli oluram.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm