Dəhşətli qəzanın şok təfərrüatı: sürücü danışdı
Bizi izləyin

Qırmızı.az

Dəhşətli qəzanın şok təfərrüatı: sürücü danışdı

“Mən hadisə yerindən qaçmamışam. Əzilmiş maşında qalan gənclərdən 3-nün meyitini özüm çıxarmışam”.

Bu sözləri Axar.az-a ötən gecə 4 nəfərin ölümü ilə nəticələnən Bakı-Şamaxı magistral yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində baş verən dəhşətli qəzadan sonra hadisə yerindən qaçdığı deyilən 99 CS 488 dövlət nömrə nişanlı "Mersedes" markalı yük avtomobilinin sürücüsü Nurlan Məmmədəliyev dedi. O, mediada barəsində yazılanlardan narahat olduğunu, baş verən faciədən sonra həm də düşmənçilik yaradan belə xəbərin heç bir məntiqə sığmadığını söylədi:

“Sizə müraciət etməyimdə də səbəb budur ki, mənim haqqımda yanlış təsəvvür yaratmasınlar. Mən qəza baş verdiyi andan polis işçilərinin hadisə yerinə gəldiyi vaxta qədər orada olmuşam. Maşında da tək deyildim, yanımda dostum əyləşmişdi. O “Mersedes” bizim maşına çırpılıb, yol kənarına düşən kimi dərhal hər ikimiz aşağı düşüb, ora qaçdıq. Maşındakı gənclərin 4-ü də vəfat etmişdi artıq. Arxada əyləşən gəncləri avtomobildən çıxarıb kənara qoyduq. Daha sonra öndə, sağ tərəfdə əyləşən gənci çıxardıq. Ancaq sürücünü çıxara bilmədik. Hadisə baş verəndən sonra ətrafda çoxlu adam da toplaşdı. Onlar da şahiddir ki, mən hadisə yerindən nəinki qaçmışam, onlara kömək etmək üçün əlimdən gələni etmişəm. Hadisənin baş verməsi Allahın işidir, demirəm günahkar kimdir – hər şeyi polis özü aydınlaşdıracaq. Ancaq hadisə yerindən qaçmaq, adamları darda qoyub aradan çıxmaq insanlığa yaraşan iş deyil axı. Mən belə şey etmərəm heç vaxt. Ətrafda toplaşanlar da şahiddirlər, onlar özləri də avtomobildə sıxılıb qalan gəncləri çıxarmağa kömək edirdi bizə”.

Sürücü N.Məmmədəliyev qeyd etdi ki, polis əməkdaşları hadisə yerinə gələnə qədər qəza baş verən yerdən ayrılmayıb:

“Yol polisi hadisə yerinə gələn kimi özümü təqdim edib, sənədlərimi verdim. Bildirdim ki, yük maşınının sürücüsü mənəm. Daha sonra Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəldi. Bu müddət ərzində bir addım da kənara getməmişəm, hadisə yerində olmuşam. Sonra yol polisi əməkdaşları içki testindən keçirmək üçün məni ekspertizaya apardılar”.

Sürücünün sözlərinə görə, tibbi müayinədən sonra yenidən qəza baş verən yerə qayıdıb:

“Hadisə yerindən qaçdığımı kim nə səbəbə deyib, bilmirəm. Ancaq hadisə şahidləri də, polis də şahiddir ki, mən sona qədər orada oldum. Daha sonra Şamaxı rayon prokurorluğundan gəldilər və hadisə yerindəcə ifadəmi aldılar”.

Qeyd edək ki, dünən gecə Bakı-Şamaxı magistral yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində dəhşətli qəza hadisəsi baş verib. 99 CS 488 dövlət nömrə nişanlı "Mersedes" markalı yük avtomobili ilə 99 DV 061 nömrəli "Mersedes" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü Əlövsət İsmayılov və sərnişinlər - Fuad Abdulrəhmanlı, Elşad Hüseynov və Elçin Məmmədov hadisə yerindəcə dünyasını dəyişiblər. Yol qəzası nəticəsində dünyasını dəyişən Fuad Abdulrəhmanlı "Türküstan" qəzetinin redaktoru idi.

Dəhşətli qəza ilə bağlı Daxili İşlər Nazirliyinin yaydığı xəbər görə, Ə.İsmayılovun avtomobilinə baxış zamanı 100 qram marixuana aşkar edilərək götürülüb.

Xatırladaq ki, bəzi media qurumlarında “Mersedes” markalı yük maşınının sürücünün hadisə yerindən qaçdığı haqqında məlumat gedib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm