Əli Bayramovun işçisi onu korrupsiyada ittiham edir - CİNAYƏT İŞİ
Bizi izləyin

Qırmızı.az

Əli Bayramovun işçisi onu korrupsiyada ittiham edir - CİNAYƏT İŞİ

1 nəfər işçisi olan “Bioline Consulting” LTD şirkəti on milyon manatlıq gübrə tenderini "Aqrolizinq"də kimin sayəsində “udub” və bu şirkət harada yerləşir, kimə məxsusdur???

“Aqrolizinq” ASC-nin Təsərrüfat Hesablı İmişli rayon “Aqroservis” filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluqdan "Təzadlar"a daxil olan məlumata görə, istintaq zamanı filialın müdiri Razi Talıbzadənin filialın mütəxəssisi iqtisadçı-mühasibi İmamverdi Gözəlov və anbardarı İlqar Məmmədovla qabaqcadan əlbir olaraq filialın anbarında saxlanılan müxtəlif növ mineral gübrələrin bir hissəsinin faktiki olaraq müvafiq sənədlər olmadan kənd təsərrüfatı istehsalçılarına və ayrı-ayrı şəxslərə satmaq, bir hissəsinin isə şəxsi təsərrüfatında istifadə etmək məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ümumilikdə 725 min manat məbləğində pulu ASC-nin hesabına mədaxil etməyərək qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamalarında şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilib. İstintaq nəticəsində vurulmuş ziyanın qismən ödətdirilməsi təmin edilib.Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladırıq ki, Baş Prokurorluq qaldırılan cinayət işini Azərbaycan Hesablama Palatasından daxil olmuş materiallara istinad etmişdi.

Hesablama Palatasının Baş Prokurorluğa təqdim etdiyi materiallardan məlum olurdu ki, təkcə “Aqrolizinq”in Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri Cavanşir Qurbanovun 05 dekabr 2013-cü il tarixə maddi-məsul şəxs olaraq öhdəsində 16,75 ton miqdarında ammofos gübrəsi və 0,15 ton miqdarında azot gübrəsi olmaqla çatışmazlıq, habelə 2012-ci ilin yanvar ayında alınmış və yararlılıq müddəti başa çatmış və daşlaşaraq dənəvərliyi itmiş, 2012-ci ilin yanvar ayında alınmış Qazaxıstan Respublikasının istehsalı olan 427 ton azot və Sabirabad Regional Loqistik Bazasından alınmış 20 ton Ukrayna Respublikasının 2008-ci il istehsalı olan superfosfat gübrəsi aşkar edilib.

Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrənin güzəştlə satılması Qaydaları”nın tələblərinə əməl edilməyərək 6 halda əkin sahəsinin fiziki şəxslərə məxsusluğunu təsdiq edən müvafiq sənəd olmadığı halda, həmin şəxslərin adlarına alqı-satqı müqavilələri sənədləşdirilərək qaimə-fakturalarla 186,9 ton, 13 halda fiziki və hüquqi şəxslərin güzəştlə gübrə alması üçün yerli komissiyaya müraciət ərizəsinə əlavə edilmiş sənədlərdə kənd təsərrüfatında təyinatı otlaq, örüş, biçənək olan torpaq sahələri əkin sahəsi kimi göstərilərək həmin şəxslərin adlarına alqı-satqı müqavilələri əsasında qaimə-fakturalarla 347,8 ton, 31 halda “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi”nin, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilmədən aidiyyəti dövlət orqanlarından müvafiq razılıq alınmadan icarəyə verilmiş, yerli rayon icra hakimiyyəti tərəfindən hüquqi və fiziki şəxslərə icarəyə verilmiş torpaqlardan qanunsuz olaraq subicarə müqavilələri ilə icarəyə verilən örüş sahələri üzrə şəxslərə, o cümlədən artıq göstərilmiş əkin sahəsinin icarəyə verilməsinin sənədləşdirilməsi hesabına 812,5 ton mineral gübrənin istehsalçılara satıldığı sənədləşdirilən, lakin faktiki olaraq əkin sahəsinə aid olmayan torpaq sahələrinə və bələdiyyələrin torpaq fondunda əkin sahəsindən artıq icarə müqavilələrinin yazılması hesabına, bəzi hallarda isə təsdiqedici sənəd olmadığı halda və şəxslərin adına qaimə-faktura yazılmaqla ümumilikdə 1347,2 ton mineral gübrə artıq və əsassız olaraq məxaric edilmiş, artıq və əsassız məxaric edilmiş mineral gübrənin 50%-i dəyəri istehsalçıların adından kassaya mədaxil olunmuş, qalan 50%-i dövlət büdcəsinə kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən güzəşt hesabına bağlanmışdır. Bundan başqa, 1224,45 ton miqdarında superfosfat gübrəsi 2011-ci ildə hüquqi əsas olmadan 70% güzəştlə kənd təsərrüfatı məhsulları istehsalçılarına satıldığı sənədləşdirilib, satışdan əldə edilməli pul vəsaiti Filialın kassasına daxil edilməyib. 2011-ci ildə isə kənd təsərrüfatı məhsulları istehsalçılarına satılmalı olan superfosfat gübrəsindən yalnız 400 tonu 3 halda kənd təsərrüfatı istehsalı müəssisəsinə vəkalətnamə əsasında Filialın cavabdeh şəxsləri tərəfindən məxaricə silinərək həmin müəssisə üzrə debitor borca aid edilmiş, qalan superfosfat gübrəsi isə düzgün olmayaraq müxtəlif şəxslərin adına məxaricə yazılmış və 4 hüquqi şəxsin adından güzəşt məbləğinin müəyyən hissəsi “Aqrolizinq” ASC-yə ödənilmiş, qalan məbləğ isə gübrə almadıqları halda müxtəlif şəxslərin adında borcda saxlanılmışdır. Ən acınacaqlı hal budur ki, 2012-ci ildə 50% güzəştlə 402 ton miqdarında superfosfat gübrəsinin, 2000 ton azot gübrəsinin satışından daxil olmalı vəsaitin yalnız bir hissəsi Filialın kassasına daxil olub. Burada bir məqamı qeyd etməliyik ki, Hesablama Palatası “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə rəy vermişdir. Həmin Rəydə “Aqrolizinq”lə bağlı maraqlı epizod var. Rəydə deyilir: “İqtisadi fəaliyyət” bölməsi üzrə 2012-ci ilin dövlət büdcəsi layihəsində 2011-ci ilin müvafiq göstəricisindən 56,3% çox vəsaitin nəzərdə tutulması Rəydə qeyd olunmuş və eyni zamanda “Aqrolizinq” ASC-yə ayrılan vəsaitlərin həcminin qiymətləndirilməsi üçün ötən illərdə büdcə vəsaiti hesabına alınan kənd təsərrüfatı təyinatlı texnika, gübrə və digər materialların həcmi nəzərə alınmaqla növbəti illər üzrə tələbatın dəqiqləşdirilməsi və bu tələbat əsasında növbəti illər üçün büdcə vəsaitinin həcminin müəyyənləşdirilməsi Palata tərəfindən məqsədəmüvafiq hesab edilmişdir”.

“Təzadlar”a “Aqrolizinq”də çalışdığını bildirən və adını gizli saxlayan Baş Prokuror Zakir Qaralova və kənd təsərrüfatı naziri H.Əsədova, surəti redaksiyamıza ünvanlı məktubu daxil olub. Dünən şikayətçidən əvvəlki məktubuna bəzi əlavələr edilməklə yeni müraciəti göndərilib. Müraciətdə “Aqrolizinq”də uzun illər, daha doğrusu, Əli Bayramovun rəhbərlik etdiyi dövrdən bəri hökm sürən korrupsiya əməlləri, digər qanunsuzluqlar öz əksini tapmışdır. Şikayətçi yazır:


“Təəssüf hissi ilə bildirməliyik ki, “Aqrolizinq”dəki biabırçı vəziyyət barədə həyəcan təbili hələ neçə il əvvəl olub. Biz əməkdaşlar səsimizi içimizə sıxıb susmalı olmuşuq. Açıq danışıb deyə bilmirdik. Məlum məsələdir ki, Əli Bayramov bizi dərhal işdən qovdurardı, hətta barəmizdə cinayət işi də qaldırtdırardı. Lakin biz adımızı gizli saxlamaqla bəzi dövlət orqanlarına məktub-siqnal göndərirdik. Amma xəbər çıxmırdı. Hətta Əli Bayramovun idarədəki əlaltıları hamının eşidəcəyi tərzdə deyirdilər ki, “Hara yazırsınız yazın, onsuz da anonim məktublara reaksiya verilməyəcək...”.

Biz həmin dövrdə Hesablama Palatasına da yazmışdıq, Satınalmalar üzrə Dövlət Agentliyinə də, Maliyyə Nazirliyinə də. Satınalmaların sədri İskəndər Çəndirlinin aparat rəhbəri Ələkbər adlı şəxsə zəng də edib demişdik ki, Maliyyə Nazirliyinə bildirin, Əli Bayramov, onun tapşırıqlarının, dövlətin ziyanına olan əməllərinin əsas icraçıları olan müavinləri Elşən Məmmədov, Aydın Əzizov və İlkin Xəlilov barədə ölçü götürülsün. Amma heç bir xeyri və təsiri olmamışdır. Aydın Əzizovun yaxınları “Alfa Sığorta” ASC-də işləyirlər. Onların sövdələşməsi sayəsində ötən il guya cins damazlıq heyvanların, mineral gübrələrin sığortasını həyata keçirirlər və bu ad altında büdcədən alınan təxminən 1 milyon manat vəsait “Alfa Sığorta”ya köçürülüb. Soruşmaq lazımdır, “Alfa Sığorta” Azərbaycana gətirilən və mənşəyinə dair Dövlət ekspertiza rəyi, laborator müayinəsi olmayan külli miqdarda ucuz və keyfiyyətsiz kübrələrin nəyini sığortalayıb? Əksinə, “Aqrolizinq”i bu sığorta şirkətinin özündən hifz etmək, qorumaq lazım idi. Bir də Əli Bayramovun korrupsiya əməllərindən. Hansı ki, bu əməllərə indi Əli Bayramovu əvəz edən Elşən Məmmədov da şərikdir. Məgər Əli Bayarmov və onun müavinlərin, hətta keçirilən tenderlərdə nə oyunlar qurduqlarını bilmirdilərmi?

“Aqrolizinq”də hər müavinin bir sahə üzrə monopoliyası var...”

Məsələ onda idi ki, “Aqrolizinq”də hər müavinin inhisarda saxladığı sahələr var idi. Biri texnikalara baxırdı, digəri gübrə sahəsinə, biri də persidisitlərə vəs. Məsələn, 2013-cü ildə Elşən Məmmədovun bir tanışının xətti ilə tenderə sənəd verildi və məlum oldu ki, “Milton Keynes Group” LTD Azərbaycana təxminən 1milyon yarım dəyəri olan və gücü 10,0 ton/saat olan yem dəyirmanı avadanlıqlarının və quraşdırılması işlərini həyata keçirəcək. Məlum oldu ki, bu şirkət Böyük Britaniyada yerlləşir. İdarədə təklif verildi ki, ən yaxşı un dəyirmanları təcrübədə sınaqdan keçən Türkiyə və Qazaxıstanınkılardır. Çünki ehtiyat hissələri də teztapılandır. Amma sonradan eşitdik ki, Elşən Məmmədovun təkidi ilə bu şirkət seçilib. Biz internetdə bu şirkəti axtardıq. Məlum oldu ki, “Milton Keynes Group” LTD şirkəti əsasən siqnalizasiya işləri ilə məşğuldur. Bundan əlavə, inanırıq ki, Baş Prokurorluq illər üzrə tender əməliyyatlarını araşdırsa, çox mətləblərə işıq salınacaq. Məsələn, təsəvvür edirsinizmi, 2013-cü ildə adi bir aqrofilial idarələrinin tikintisinə 2 milyon manatdan çox pul silindi. Qaxda və Şamaxı rayonlarında aqroservis filiallarının tikintisi üçün. İşi də Əli Bayramovun yaxın adamına məxsus olan “Xəzər Sənaye İnşaat” şirkətinə verdilər. Rəsmi rəqəmlərdə 2 milyon 25 min manat ayrıldığı və xərcləndiyi qeyd olunur. Həmin “Xəzər Sənaye İnşaat” şirkəti həm də Qazax və Masallıda eyni ilə aqroservis filiallarının tikinti-quraşdırma işlərini aparıb və təxminən 2 milyon manat alıb! Məndə olan dəqiq məlumat var ki, vaxtilə Əli Bayramovun sağ əli olmuş, indi onu əvəz edən Elşən Məmmədovun yaxın adamının şirkəti isə Masallıda “parnik” tikintisini “Caspi Tech” adlı şirkətə verdi və bu iş büdcəyə 974 min 722 manata başa gəldi. Rəsmi rəqəm belədir. Və maraqlıdır ki, indi istixanalar müxtəlif ad altında olan şirkətlərə verilir. Onların heç bir rekvizitini isə tapmaq mümkün deyil. Çünki işlərini başa vurandan, pulu alandan sonra yoxa çıxırlar.

Abşeronda istixana quraşdırmış “Neo Com Sales” LTD (1 milyon 810 min manat), Xaçmazda istixana tikmiş yenə də “Neo Com Sales” LTD (1 milyon 715 min manat), Azərbaycana ammonium nitrat mineral gübrəsi gətirən “Bioline Consulting” LTD (13 milyon 185 min manat) kimi.


Qeyd edək ki, “Aqrolizinq” ASC təkcə 2011-ci ildə 52 milyon 640 min manatlıq tenderə girib və qurumun aldığı büdcə vəsaitləri ilə tenderə girilmiş bu məbləğ arasında böyük fərq var. Yəni, Baş Prokurorluğun və Hesablama Palatasının rəsmi açıqlamasında qeyd olunduğu kimi, “Aqrolizinq” rəhbərliyi Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi icazəsi olmadan özünə sərf edən qiymətlərlə və ünvanlarla pul əməliyyatları həyata keçirib.

Məsələn, 2011-ci ildə “Swisspoint Merchates Limited” adlı bir şirkətdən (internetdə barəsində heç bir məlumat yoxdur) 727, 8 min manata 200 baş südlük-ətlik inək alıb. İnəyin biri 3640 manata! İkinci partiyada isə 5 milyon manatlıq yenə də südlük Holştin-Friz və Svis cinsli inək alıb. Bu dəfə isə inəyin biri bir “Jiquli” qiymətinə olub!!!

Ötən yazımızda qeyd etdiyimiz kimi, “Aqrolizinq”də, nədənsə, Azot gübrəsinin yeganə alış nöqtəsi “Bioline Consulting” LTD adlı şirkətdir. Adı və mənsubiyyəti barədə şübhələr kifayət qədər olan bu şirkət təkcə 2011-ci ildə Azərbaycana 13 milyon 164 min manatlıq gübrə gətirib. Amma həmin gübrənin Azərbaycan fermerinə gətirdiyi məhsuldarlığı hiss etməmişik. Bu ya formal rəqəmlikdədir, ya da gübrənin tərkibinin zəif olmasında. Səbəbini Əli Bayramov cənabları daha yaxşı bilərdi. Heyif ki, ona da əlimiz çatmır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm