İŞİD-dən də təhlükəli təşkilat – HƏDƏF II 11 sentyabr
Bizi izləyin

Dünya

İŞİD-dən də təhlükəli təşkilat – HƏDƏF II 11 sentyabr

ABŞ mətbuatı Suriyada fəaliyyət göstərən Əl-Qaidənin bir qolu olan “Xorasan” terror təşkilatının İŞİD-dən daha təhlükəli olduğunu yazıb.

Publika.az xəbər verir ki, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi NSA belə iddia edir. Qurum “Xorasan” terror təşkilatının İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatından daha təhlükəli olduğunu bildirib.

Tərkibi Əl-Qaidə üzvlərindən ibarətdir

ABŞ-ın təhlükəsizlik və kəşfiyyat hesabatına istinad edən “Nyu York Tayms” qəzetinin xəbərinə görə, Suriyada iki il əvvəl fəaliyyətə başlayan “Xorasan” terror təşkilatı Orta Şərq, Cənub Şərqi Asiya və Şimali Afrika ölkələrindən gələn Əl-Qaidə üzvlərindən təşkil olunub.

Terror təşkilatının ABŞ və onun xaricdəki nümayəndəliklərinə qarşı planlaşdırdığı terror aktlarını nəzərə alan xarici mətbuat onun Amerika üçün İŞİD də daxil olmaqla bütün təşkilat və qurumlardan daha təhlükəli olduğu iddiası barədə tez-tez yazır.

Liderlərinin 11 sentyabrla əlaqəsi var

Terror təşkilatına Əl-Qaidənin liderlərindən olan Möhsun Əl-Fəthinin başçılıq etdiyi iddia olunur. 33 yaşlı Fəthi 2001-ci il 11 sentyabrdan əvvəl Usamə Bin Ladenin yaxın ətrafında olması və 11 sentyabr Nyu York hücumlarına dair planlardan xəbərdar olduğu bildirilir. Suriyada müharibə başlamamışdan əvvəl İranda yaşayan Fəthi 10 ildən çoxdur ki, ABŞ kəşfiyyatının axtardığı terrorçular arasındadır.

Hücum taktikası: Bomba

ABŞ kəşfiyyat idarələrinin hesabatına görə, dünya ictimaiyyətinin elə də çox tanımadığı “Xorasan” (ingiliscə Khorasan – red.) terror təşkilatı bir-birindən xəbərsiz qruplar şəklində təşkilatlanır və bombalı hücumlar təşkil edir.

AP-nin verdiyi xəbərə görə, Əl-Qaidənin lideri olan Ayman Əl-Zəvahiri hazırda Xorasan terror təşkilatına Avropa ölkələri ilə döyüşmək, hava limanlarına və təyyarələrə bombalı hücumlar təşkil etmək tapşırığı verib.

Hədəf – ikinci 11 sentyabr

İngiltərədə yayımlanan “İndependent” qəzetinin xəbərinə görə, İŞİD ilə “Xorasan” arasındakı fərq bir cümlə ilə ifadə oluna bilər: İŞİD xilafət elan edib xəlifəliyini davam etdirmək istəyir, amma Xorasan terror təşkilatının məqsədi ikinci 11 sentyabr hadisəsini yaşatmaqdır.

NSA gücləndirilmiş iş rejiminə keçir

Terror təşkilatının tərkibində xüsusilə Yəmən və Əfqanıstandan gələn bomba mütəxəssislərinin olması təhlükəsizlik agentliyi NSA-nın gücləndirilmiş iş rejiminə keçməsinə səbəb olub. Terror təşkilatının başçısı Möhsün Əl-Fəthinin xüsusilə nadir partlayıcı maddələrdən istifadə etdiyi də qeyd olunur.

İŞİD-in taxtına oturacaq

Politoloqlar “Xorasan” koalisiya ölkələrinin mübarizəsi nəticəsində zəifləyəcək İŞİD-in taxtına oturacağı proqnozunu veriblər. Xatırladaq ki, ABŞ-ın eks-prezidenti Corc Buşun 2005-ci ildəki nitqlərindən birində Fəthinin və onun rəhbərlik etdiyi “Xorasan” təşkilatının adını çəkmişdi.

ABŞ-ın xüsusi xidmət orqanının “Xorasan” terror təşkilatı haqqında açıqlamasından sonra MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) və Ağ Evdən hər hansı şərh verilməyib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm