“Məni nazirlik “vurur”? ” – Əli Bayramov həbs olunacağından DANIŞDI
Bizi izləyin

Nida.az

“Məni nazirlik “vurur”? ” – Əli Bayramov həbs olunacağından DANIŞDI

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) keçmiş sədri Əli Bayramov barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılması və yaxın zamanlarda həbs olunacağı barədə bir sıra mətbu orqanlarda yayılan məlumatlara münasibət bildirib.

Ə.Bayramov Publika.az-a açıqlamasında deyib ki, bu cür yazıların hamısı cəfəngiyatdır:

“Bu adamlar məndən əl çəkmək istəmir. Axı mən bunlara nə etmişəm? Yəqin ki, bu cür yazıları xüsusi adamlar yazdırır. İnanın ki, mən ömrüm boyu heç kəsə pislik etməmişəm. İndiyədək heç kimi sancmamışam. Çox təəccüblüdür ki, mənim haqqımda bu yazıları nə üçün yazırlar? Tez-tez yazırlar ki, amanın günüdür, qoymayın, Əli Bayramov yeyib-taladı, ölkədən qaçıb getdi və sairə. Axı dövlətin malını kim yeyə bilər? Yeyənin yeri hamıya məlumdur ki, haradır. Axı əllərində heç bir əsas olmadan nə üçün mənim haqqımda şər-böhtan yazırlar? İndi bunları məhkəməyə verim? Axı mən heç kəsə, heç bir nazirliyə qarşı ədavətdə olmamışam. Mənim başqa dövlət qurumları ilə heç bir problemim də olmayıb. Ancaq Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqəm olub. Yəni, mənə qarşı bu şər kampaniyaları oradan gəlir? Axı mənim bu nazirlikdə çalışan adamlarla da heç bir problemim olmayıb. Nazir Heydər Əsədovun özü ilə, nazir müavini İlham Quliyevlə işdən gedəndən bəri neçə dəfə görüşüb söhbət etmişəm. Hətta aqrolizinqlə bağlı ortaya suallar çıxanda, məsləhət lazım olanda mənimlə danışırlar. Yəni, aramızda heç bir soyuq münasibət yoxdur.

Hər şey yüksək səviyyədədir. Bundan əlavə, mən işdən çıxandan sonra nazirliyə və “Aqrolizinq” ASC-yə dəfələrlə gedib-gəlmişəm. Əvvəldən necə xoş münasibətim olubsa, bu münasibətlər indi də yerindədir. Ona görə də mən Kənd Təsərrüfatı Nazirliyindən şübhələnmirəm. Çünki bizim aramızda heç bir ədavət və ya prinsipial məsələ olmayıb. Prokurorluqla da münasibətlərim çox normaldır. Hətta mən vaxtilə şübhəli adamların adlarını prokurorluğa təqdim etmişdim, onlar da onun barəsində araşdırma aparıb ölçü götürmüşdü. Prokurorluqdan da mənə heç bir müraciət göndərilməyib. Əgər mənim hər hansı cinayət əməlim olsaydı, o zaman indi mən Kənd Təsərrüfatı Nazirliyinə və digər qurumlara gedib-gələ bilərdimmi? Heç özləri mənə yaxın dayanmazdı. Çünki cinayət əməli olan adamdan hamı çalışır ki, kənar qalsın. Ona görə də bütün bu yazıların hamısı cəfəngiyatdır. Axı bir gün yazıb-yazıb yorulacaqlar.

O, “Təzadlar” qəzeti mən işləyən dövrdən bəri ağılına gələni yazır. Mən isə fikir vermirəm. Yəqin ki, bununla məndən nə isə umurlar. Düşünürlər ki, bəlkə, mənə “xox” gəlməklə nə isə əldə edərlər. Vaxtilə elələri çox olub, haqqımda yazı yazıb, sonra da mənə zəng vururlar. Bu adamların vicdanları yoxdur. Düşünmürlər ki, qarşı tərəf götürüb məni məhkəməyə verər, qalaram çətin vəziyyətdə. Axı bu qədər də olmaz? Bir daha deyirəm, bu cür yazılar tamamilə yalan və böhtandır”.

Xatırladaq ki, “Təzadlar” qəzetinin bugünkü sayında “Aqrolizinq”in keçmiş sədri Əli Bayramovu həbs gözləyir” başlıqlı yazı dərc olunub.

Yazıda qeyd olunur ki, “Aqrolizinq” ASC-nin Təsərrüfat Hesablı İmişli rayon “Aqroservis” filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm