Qüdrət Həsənquliyev: “Eldəniz Quliyev də Kamil Vəlinin tayıdır” – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Qüdrət Həsənquliyev: “Eldəniz Quliyev də Kamil Vəlinin tayıdır” – MÜSAHİBƏ

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin Publika.az-a müsahibəsi:

– Sentyabrın 22-23-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Anne Brasseur Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində Bakıda müxalifət partiya rəhbərləri ilə də görüş keçirilib. Həmin görüşdə siz də iştirak etmisiniz. Təəssüratınız necədir?

– Əslində, bu cür səfər və görüşlərdən narahat olmaq lazım deyil. Azərbaycana bu cür səfərlər nə qədər tez-tez təşkil olunsa, düşünürəm ki, bu, ümumi işimizin xeyrinə olar. Yəni, belə səfərlər xalqımızın maraqlarına cavab verir.

Amma Anne Brasseurun Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ məsələsinə münasibəti yolverilməzdir. AŞPA prezidenti Milli Məclisdə təmsil olunan partiya sədrləri ilə görüşən zaman Azərbaycan parlamentində müxalifətin fəaliyyəti ilə bağlı maraqlandı. Görüş zamanı ona bildirdim ki, biz ölkədə proporsional seçki sisteminin bərpa olunmasını, Azərbaycanın parlament respublikasına keçidini və hazırda həbsdə olan bəzi qeyri-hökumət təşkilatları (QHT) rəhbərlərinin azadlığa buraxılmasını istəyirik.

Eyni zamanda, bildirdik ki, bəzi beynəlxalq təşkilatlar ölkəmizə qarşı ikili standartlara uyğun siyasət yürüdür. Azərbaycan dövlətinin və xalqının tam haqqıdır ki, onları buna görə ittiham etsin. Mən söylədim ki, axı nə üçün Azərbaycanda ayrı-ayrı fərdlərin hüquqlarının pozulmasına xüsusi diqqət yetirdiyiniz halda, Ermənistanın etnik təmizləmə və işğalçı siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlının öz yurd-yuvasından didərgin düşüməsini görmürsünüz? Nə üçün Azərbaycana Avropa Birliyi tərəfindən yardım edilməsinin dayandırılmasını tələb etdiyiniz halda, işğalçı Ermənistana qarşı belə bir qərar qəbul etmirsiniz? Onun bizə cavabı çox absurd oldu. AŞPA prezidenti bildirdi ki, Avropa Şurası Ermənistan ilə Azərbaycan arasında mövcud olan münaqişəyə heç bir müdaxilə etmir. O, həm də dedi ki, Avropa Şurasında bu məsələ ilə bağlı İşçi Qrupu yaradılıb və s. Ancaq Ermənistan tərəfi bu İşçi Qrupunda iştirak etmir. Hətta yenə də Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur.

Sonra Anne Brasseur açıqladı ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Avropa Şurasına üzv olmamışdan əvvəl baş verib. Hesab edirəm ki, belə yanaşmalar çox məntiqsiz və absurddur. Bunu heç cür qəbul etmək doğru olmaz. Bu qədər ədalətsiz və tərəfli şəxslərin gəlib Azərbaycanda haqq-ədalətdən danışması böyük qıcıq yaradır. Mən bunu onun üzünə də söylədim.

Hesab edirəm ki, biz belə görüşlər zamanı çalışmalıyıq ki, Azərbaycan xalqı bu cür Avropa siyasətçilərini daha yaxından tanısın, əsl istək və niyyətlərinin nədən ibarət olduğunu anlasın.

– Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev AXCP sədrinin müavini Kamil Vəli Nərimanoğlunun müdafiəsinə qalxaraq, digər müxalifət partiya rəhbərlərinin ünvanına bir sıra ittihamlar yağdırıb. Bu ittihamlara münasibətiniz necədir?

– Bilirsiniz, Eldəniz Quliyev də Kamil Vəlinin tayıdır. O, danışığını qanmır. Eldəniz Quliyev danışığını bilmədiyinə və qanmadığına görə də məhkəməyə verilib. İndi də məsuliyyətə cəlb olunacağından qorxduğu üçün pişiklənir. Bu adamın əsl mahiyyəti və kimliyi Rüstəm İbrahimbəyovun layihəsində yer alan zaman bəlli oldu. Çünki Eldəniz Quliyev də Rüstəm İbrahimbəyov kimi əmin idi ki, Rusiya Azərbaycanda prezident seçkiləri öncəsi ölkəmizin daxili siyasətinə ciddi müdaxilə edəcək, Azərbaycanda hakimiyyət dəyişikliyi istəyir. Ona görə də hər kəs gördü ki, Eldəniz Quliyev süni şəkildə cənub bölgəsində etnik qarşıdurma yaratmaq üçün guya, talışların hüquqlarının pozulduğunu iddia edərək “talışların müdafiə komitəsi” yaratdı. Yəni, bu adam sırf təxribatçı və səviyyəsizdir. Onun kimi adamların Kamil Vəlinin müdafiəsinə qalxması gözlənilən idi. Çünki mənəviyyat baxımından hər ikisi bir-birinə oxşardır.

Eldəniz Quliyevdən soruşmaq lazımdır ki, sən, doğrudan da, özünü obyektiv göstərməyə çalışırsansa, o zaman mənim Kamil Vəli haqqında söylədiklərimə cavab ver. De ki, Kamil Vəli haqqında Qüdrət Həsənquliyev doğru söyləmir. Mən yenə də söyləyirəm: mərhum Əbülfəz Elçibəy vaxtilə Kamil Vəliyə istefa verməsini deməmişdi? O vaxtı bütün nazirlər vəzifələrini dondurdu, amma Kamil Vəli Heydər Əliyevin keçirdiyi müşavirədə oturub başını yelləyirdi, başı üzərində dayanmırdı və sifətinə yaltaq təbəssüm ifadəsi vermişdi. Bütün bu kadrlar AzTV-nin arxivində də var. İndi Eldəniz Quliyev desin ki, Kamil Vəli Nərimanoğlu bu cür yaltaqlıq etməyib. Desin ki, o adam bu gün mənəvi lideri adlandırdığı Əbülfəz Elçibəyin tapşırıqlarını yerinə yetirib, gedib istefa verib. Nə üçün konkret suallarımdan yayınırlar? Fakt qalır bir yanda, bunlar faktı deyən adamın üzərinə hücum etməyə başlayırlar. Eldəniz Quliyevin mənəviyyatı budur.

İndi də Eldəniz Quliyevin qorxudan daxili işlər nazirinə necə pişiklənməyini hamı görür. Bu adamlar özlərindən qəhrəman düzəltmək istəyir, amma əsl mənəviyyatları ortaya çıxır. Bu adamların hamısı milli maraqları satmış adamlardır. İndi hər kəs görür ki, onlar gecə-gündüz nələr yazırlar, nələr söyləyirlər. Obama belə dedi, Avropa bunu dedi və s. İndi də özlərini Azərbaycan xalqına Qərbyönlü kimi göstərmək istəyirlər. Halbuki bu adamlar ötən il Rusiyanın agenti olan Rüstəm İbrahimbəyovun ətrafında birləşmişdi. Onlar yaxşı bilirdi ki, Rüstəm İbrahimbəyov Rusiyanın agentidir. Məhz bunu bildikləri üçün Milli Şuranın təsis sənədində yazdılar ki, biz Azərbaycanın xarici siyasət kursunu referendum yolu ilə müəyyən edəcəyik. İndi Eldəniz Quliyev bu sualıma da cavab versin ki, niyə bu müddəanı o sənədə salmışdınız? Adətən, hər hansı siyasi qüvvə öz siyasi kursunu bəyan edir, sonra da xalqa müraciət edib deyir ki, mən bu siyasi kursu dəstəkləyirəm. Baxın, budur bunların riyakar sifəti. Bu adamlar Azərbaycanı Rusiyaya satmağa hazırlaşırdı. İndi də bir sıra mətbu orqanlarda gecə-gündüz bəyan edirlər ki, guya, bunlar Rusiyaya qarşıdır. Çünki ötən il prezident seçkiləri ərəfəsində Rusiya Milli Şuradan çox gözəl istifadə etdi. Bunlar istifadə olunduqlarının da fərqindədirlər. Ona görə də Eldəniz Quliyev mənim buradan ünvanladığım bu suallara konkret cavab versin. Əgər Eldəniz Quliyev düşünürsə ki, başqasını təhqir etməklə bu cür əməllərini xalqa unutduracaq, o zaman böyük səhv edir. Azərbaycan xalqı Eldəniz Quliyevin Rusiyanın əlində necə oynadılmasını, separatizmi və etnik ayrı-seçkilik salmağı necə dəstəkləməsini yaxşı bilir. Azərbaycan xalqı bunu heç zaman unutmayacaq. Onlar hər zaman indiki durumlarında, hətta bundan da pis olacaqlar.

Ümumiyyətlə, bu düşərgədə olan insanların əksəriyyəti hakimiyyətə gəlmək naminə şeytanla da əməkdaşlıq etməyə hazırdır. Azərbaycan xalqını təhqir edən və qardaşının səsini yayan Azər Əsgərovun timsalında bunların əsl simasını hamı gördü. Bunlar Pavlik Morozov kimi atasını satan bolşeviklərdir. Bunlar öz valideynlərini, qardaşlarını satan adamlarla, şeytanla əməkdaşlıq etməklə hakimiyyətə gəlmək istəyən adamlardır.

Konkret bir misal çəkim. Ötən prezident seçkiləri ərəfəsi bunlar İranın xüsusi xidmət orqanları ilə bağlılığı heç kəsdə şübhə doğurmayan İslam Partiyası üzvlərini də Milli Şuraya qatmaq istəyirdi. Çünki yaxşı bilirdilər ki, Azərbaycana qarşı olan müəyyən məsələlərdə Rusiya və İran ortaq fikir yürüdür. Ona görə də Milli Şura ötən il Azərbaycanda hakimiyyət dəyişikliyi edilməsi üçün İranın da dəstəyini almağa görə İslam partiyası üzvlərini Milli Şuraya cəlb etmişdi. Yəni, bunların əsl mahiyyəti budur. Milli Şuraya toplaşan adamların əksəriyyəti zor gücünə müxalifət olan şəxslərdir. Onların davası demokratiya və insan haqları deyil. Sadəcə olaraq, onların bu şüarlarla Azərbaycanda hakimiyyəti ələ keçirmək iddiaları var. Amma Azərbaycanda insanların da əksəriyyəti başa düşür ki, bu cür qüvvələrin əli ilə Azərbaycanda da Suriya, İraq, Liviya və Misirdəki kimi sabitlik pozula və ölkə qana bulana bilər. Ona görə də Milli Şuranın Azərbaycan xalqından heç bir dəstəyi yoxdur. Bunu hər kəs də görür.

– AXCP-nin qərargah üçün icarəyə götürdüyü mülkün sahibi Azər Əsgərov mətbuatda bu partiyanı və onun sədri Əli Kərimlini ittiham edən fikirlər səsləndirib. O, AXCP və Əli Kərimlini onu yetərincə müdafiə etməməkdə günahlandırıb. Bu məsələyə sizin münasibətiniz necədir?

– Əlbəttə ki, əgər bu adamın əmlakı qəzalı vəziyyətdə olduğu üçün uçurulubsa, o zaman dövlət tərəfindən ona kompensasiya verilməlidir. Hesab edirəm ki, bu istiqamətdə müvafiq qurumlar təxirəsalınmaz müvafiq qərar qəbul etməlidir.

Digər tərəfdən isə deyim ki, bu adam da mənəviyyat baxımından Əli Kərimliyə oxşar adamdır. Misal üçün, bu adam öz qardaşının səs yazısını qeydə alıb və mətbuatda da həmin səs yazısı açıqlanıb. Həmin səs yazısından da aydın görünür ki, onun qardaşı Azərbaycan xalqını küçə adamı səviyyəsində təhqir edir. Buna baxmayaraq, guya, Azərbaycan xalqının hüquqları uğrunda mübarizə aparan bu adam öz qardaşına irad bildirmir ki, xalq haqqında bu cür danışma...

Digər tərəfdən isə, o özü də qeyd edir ki, seçkilər zamanı Naxçıvan Muxtar Respublikasında seçki komissiyasının üzvü olan zaman seçilən şəxsin protokolu cırıb kənara ataraq, onun yerinə protokol yazaraq başqa bir adamı deputat elan edir. Bu adam seçkiləri bu cür saxtalaşdırdığını özü də etiraf edib. Bütün bunlardan sonra Əli Kərimli bu cür adamlarla sıx əməkdaşlıq edirdi. Hətta Əli Kərimli son yazısında da onu çox cəsarətli və mübariz adam kimi təqdim etməyə çalışıb. Yəni, bu cür mənəviyyatın sahibi olan və seçkini saxtalaşdıran adamlardan daha nə gözləyəsən? Amma hər kəs gördü ki, Əli Kərimli belə bir adamla çox gözəl əməkdaşlıq edirdi. Sözsüz ki, bu cür mənəviyyatın sahibi olan adam görəndə ki, Əli Kərimli və ətrafında olan adamların dəstəyi ilə ona vurulan bu ziyan ödənilmir, ona görə də bu adamlar başlayır bir-birini ifşa etməyə. Çünki hamısı şəxsi maraqları naminə çalışırlar. Artıq Əli Kərimlinin ətrafındakı bir sıra şəxslər də onu ittiham etməyə başlayıblar. Söylədiyim kimi, hazırda Əli Kərimlinin ətrafında olan adamlar əsasən bu dəyərlərə sahib olanlardır. Ola bilsin ki, bəzi gənclər hələ real vəziyyətin nə olduğunu bilmirlər. Amma tam əminəm ki, həmin gənclər də oradakı real vəziyyətin nə olduğunu biləndən sonra oradan uzaqlaşacaqlar. Proseslər onu göstərir ki, hələ qarşıda AXCP-də çox ciddi istefalar olacaq və ictimaiyyət də bunun şahidi olacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm