Ərəbcə qoyulan ad
Bizi izləyin

Digər

Ərəbcə qoyulan ad

FAKT

“Bu ilin 9 ayı ərzində doğulmuş oğlan uşaqlarından 2702 nəfərə Yusif adı verilib. Daha çox qoyulan oğlan adları arasında Əli (1735), Hüseyn (1705), Ömər (1098), Məhəmməd (962), İbrahim (644), Kənan (616), Nihad (609) adları da var”.

ŞƏRH

Adlarla bağlı bir neçə dəfə yazmışdıq. Ədliyyə nazirliyinin verdiyi növbəti açıqlamada durumun yenə də dəyişmədiyinin şahidi olduq. Hələ də insanımız yeni doğulan uşaqlarına dindən gələn adlar qoyur. Təbii ki, heç kimin başqasının uşağına qoyduğu ada qarışmaq kimi bir hüququ ola bilməz. Amma illərdir, ölkədə İslamla, dolayısı ilə ərəb və yəhudilərlə bağlı adların qoyulması ciddi sosioloji problemdir.

Əvvəla, bu ilin 9 ayı ərzində 2702 nəfər uşağa qoyulmuş Yusif adı heç də professor Yusif Məmmədəliyevə görə deyil, İranın Yusif peyğəmbərlə bağlı çəkdiyi seriala görədir. Bir neçə il əvvəl yayımlanmasına baxmayaraq bu serialın təsiri hələ də ailələrimizdə özünü göstərir. Hətta bu tendensiya o qədər güclüdür ki, əhalisinin əksəriyyəti şiə məzhəbindən olan insanlar övladlarına Yusif adını Əli adından daha çox qoymağa başlayıblar. Hətta Yusif adı şiələr üçün önəmli olan Hüseyn adını da üstələyib. Eyni zamanda İslamın peyğəmbəri Məhəmmədin və xəlifəsi Ömərin adları da Yusiflə müqayisədə xeyli geridədir. Əlbəttə, biz İslama, onun müqəddəslərinin adlarına qarşı deyilik. İnsanlarımız onların həyatını örnək götürüb, övladlarını onlar kimi görmək istəyirlərsə, buna heç kim qarışa bilməz. Amma bu fakt onu göstərir ki, insanlarımız ad seçimində tanınmış yazıçıların, elm nümayəndələrinin, sənətçilərin adlarına ehtiyac duymurlar. Azərbaycanın tanınmış insanlarının adları onlar üçün elə də önəm daşımır.

Məsələn, siyahıda bir neçə gün öncə doğum gününü qeyd etdiyimiz Üzeyir bəyin adına rast gəlinmir. Doğrudur, Üzeyir də peyğəmbər ismidir, amma Azərbaycanda kifayət qədər bilinməyən peyğəmbərdir. Eləcə də, mifologiya və dastanlarımızda olan türk mənşəli adlara da rast gəlinmir. Bu isə onu göstərir ki, xalqımız ya klassiklərini tanımır, ya da ki övladlarını onlar kimi görmək istəmir.

Ad seçimi müxtəlif cür olur. Adət-ənənəyə görə, uşağa ya baba və nənələrin adları qoyulur, ya da ki ailənin ağsaqqalı və ağbirçəyi tərəfindən seçilir. Çətin durumda isə “Adlar kitabı”na müraciət edilir. Müasir ailələrdə isə daha çox qısa, üstəlik əsas latın qrafikasında işlənən hərflərdən yaranan adlara üstünlük verilir. Məsələn, Günel adı gələcəkdə sosial şəbəkələrdə Gunel kimi yazılacağına görə, çalışılır ki, Tansu kimi yeni adlar qoyulsun.

Ümumiyyətlə, dini adların bu qədər üstünlük təşkil etməsi bilavasitə təbliğatın nəticəsidir. Mən əminəm ki, statistika aparılsa, bu cür adları qoyan təbəqə əsasən maariflənmə sarıdan digərlərindən geridə qalanlar olacaq. Çünki onlar xalqın ziyalılarının, ata-babalarının və modern adlara deyil, məhz dindən gələn yarımifoloji qəhrəmanların adlarına üstünlük verirlərsə, bunun başqa izahı yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm