Yeni başqan: “Müsavatda “İsa bəyin kabineti” formaldır”- Müsahibə
Bizi izləyin

Nida.az

Yeni başqan: “Müsavatda “İsa bəyin kabineti” formaldır”- Müsahibə

Müsavat Partiyasının VIII qurultayında başqan seçilən Arif Hacılının Publika.az-a müsahibəsi


- Yeni başqan olaraq Müsavatda kadr islahatlarını necə aparacaqsınız?


- Müsavat Partiyasında hazırda həm seçkili, həm təyinatlı vəzifələr boşdur. Partiyanın Məclis sədri, Divan üzvləri seçiləcək. Mərkəzi İcra Aparatının tərkibi formalaşdırılacaq. Biz bu məsələləri tezis olaraq müzakirə edirik. Partiya strukturlarının formalaşdırılması prosesini oktyabrın 10-a qədər başa çatdırmaq niyyətindəyik.

- Digər namizədləri öz komandanızda görürsünümzü?


- Mən, adətən, Müsavatın daxilində gedən müzakirələrdə “mənim komandam” ifadəsini işlətmirəm. Çünki Müsavat vahid komanda olmalıdır. Müsavat konkret ideoloji siyasi xəttə uyğun fəaliyyət göstərən adamların təşkilatıdır. Şübhəsiz ki, seçkidə mənimlə opponentlik etmiş şəxslər, onların sırasında olan adamlar, seçki kampaniyası dövründə hətta mənə qarşı kəskin mövqe tutmuş adamlar da daxil olmaqla, Müsavat üzvlərinin partiyanın strukturlarında təmsil olunmasında onların seçki prosesində tutduqları mövqe hər-hansı şəkildə maneçilik törətməyəcək.


- Belə iddialar var ki, partiyada istefalar olacaq. Belə bir narahatçılıq varmı?


- Müsavatın hər bir üzvü bizim üçün əzizdir. Biz bir nəfərin də Müsavatı tərk etməsini istəmirik və bunun üçün çalışırıq.


- Maraqlıdır ki, qurultayda İsa Qəmbərin 2018-ci il prezident seçkilərinə namizədliyi irəli sürüldü. Nə üçün yeni başqan olaraq sizin deyil, İsa bəyin namizədliyi?

- Hesab edirik ki, həm siyasi təcrübəsinə, həm dövlət xadimi kimi bacarığına, həm də Azərbaycan cəmiyyətində müxtəlif yönümlü siyasi qüvvələri birləşdirmək, eyni zamanda, daha çox seçicinin səsini almaq imkanlarına görə İsa Qəmbər digər siyasi xadimlərdən üstündür. Onun namizədliyinin irəli sürülməsi səbəbləri də budur.

- İsa Qəmbəri qarşıdakı dönəmdə partiyada hansı vəzifədə görürsünüz?

- İsa bəy partiyanın nizamnaməsinə görə Məclisin üzvüdür. Eyni zamanda, Müsavat Partiyasından qurultay tərəfindən prezidentliyə namizəd irəli sürülmüş şəxs kimi ciddi statusa malikdir.

- İsa Qəmbər Mərkəzi İcra Aparatının rəhbəri kimi ciddi bir vəzifədə ola bilərmi?

- İsa bəyin partiya strukturlarında hansısa vəzifə tutmaq niyyəti yoxdur.


- Müsavatda yeni başqan olaraq İsa Qəmbərin kabinetində oturacaqsınız?

- Müsavatda “İsa bəyin kabineti”, “Arif bəyin kabineti” adlanan məkanlar əslində formal olaraq belədir. Müsavatda olan otaqlar Müsavata məxsusdur. Güman edirəm ki, bu məsələlərlə bağlı mətbuat səhifələrində müzakirələr aparmağa ehtiyac yoxdur. Mən buna texniki məsələ olaraq baxıram.


- Arif bəy, yeni başqan olaraq Müsavatın digər partiyalar, xüsusilə də AXCP ilə münasibətlərinə yenidən baxacaqsınızmı?


- Biz AXCP ilə müttəfiqlik münasibətlərinin tərəfdarıyıq. Müttəfiqlik münasibətlərinin qurulması ilə AXCP-yə verdiyimiz təklif qüvvədədir. Müsavat başqanı olaraq AXCP ilə müttəfiqlik və daha səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasına bir daha cəhd göstərəcəm.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm