Çin ordusu cənubda “səddi” aşır
Bizi izləyin

Dünya

Çin ordusu cənubda “səddi” aşır

Cənubi Çin dənizindəki mübahisəli sərhədlər bu dəfə Çin ilə Vyetnamı müharibənin eşiyinə gətirib. Hava və dəniz gücünü modernləşdirən Pekin bölgədəki təsirini daha da artırmaq niyyətindədir. İqtisadi üstünlüyünü hərbi baxımdan da gücləndirməyə çalışan Çinin texnoloji silah sərmayələri narahatlıq yaradır.

Cənubi Çin dənizində keçən il Yaponiya ilə müharibə vəziyyətinə gələn Çinin bu dəfə qarşısındakı Vyetnamdır. Çin gəmisinin may ayında mübahisəli sularda Vyetnam gəmisinə çarpması tərəfləri müharibə astanasına gətirdi. Vyetnam 6 əsgərinin yaralanmasına gətirib çıxaran böhran ABŞ-ın müdaxiləsi ilə donduruldu. Ancaq yaxın gələcəkdə gərginliyin yenidən yaranması heç də təəccüblü qarşılanmayacaq. Çünki Pekin yeraltı qaynaqlarla strateji əhəmiyyətini artıran Cənubi Çin dənizini kimsə ilə paylaşmaq niyyətində deyil.

Çin zaman-zaman Tayvan, Filipin, Malayziya, Bruney və İndoneziya kimi digər qonşularla da gərginlik yaşayır. Çinin dəniz və hava gücünü gücləndirməsi yaxın gələcəkdə gərginliyin müharibəyə çevrilmə ehtimalını yüksəldir.

Çinin bir neçə ildir ki, silahlanma yarışında sürətini artırması beynəlxalq hesabatlarda da əksini tapıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2013-cü ildə Çinin müdafiə xərclərini 7,8 faiz artıraraq 166 milyard dollara çıxardığını bildirib. SIPRI mütəxəssisləri Rusiya kimi Çinin də köhnə model silahları Qərb standartlarına yüksəltməyə çalışdığını vurğulayır. Xərci olduqca yüksək olan modernləşmənin 2020-ci ilə qədər davam edəcəyi bildirilir.

Türkiyəli strateq Aydın Çetiner “Aksiyon” jurnalına açıqlamasında Pekinin hərbi və silah strategiyasının 2003-cü ildə dərc edilən “İyirmi birinci əsrdə döyüş strategiyaları” adlı kitabında aydın göstərildiyini bildirir. A.Çetiner kosmosdakı köhnə meteorologiya peykini raketlə vuran Çinin yeni dövrdə dünya səhnəsində “Mən də varam” demək istədiyini söyləyir.

“Çin ərazinin böyüklüyü, milyardlıq əhalisi və Asiyadakı nüfuzu ilə dünyanın əhəmiyyətli ölkələrindən biridir. Tarixdə türk axınlarından qorunmaq üçün “Çin Səddi”ni tikən çinlilər “soyuq müharibə” dövründə də müdafiə mövqeyi sərgilədi. Bu müdafiə doktrinasında özündə “Çinə hücum edən daha çox zərər görər” mesajı var idi. Çin 2000-ci illərdə müdafiə anlayışından qlobal və strateji güc olma anlayışına keçməyə başladı. Rusiyanın qapısını döyən Pekin ordusunu modernləşdirməyə başladı”, - deyə türkiyəli strateq bildirir.

2012-ci ilin rəqəmlərinə görə, 1,3 milyard əhalisi olan ölkə 2 milyon 285 minlik orduya sahibdir. Quru qüvvələrində isə 1 milyon 600 min hərbçi qulluq edir. Xüsusi strateji raket gücü isə təxminən 100 min hərbçidən ibarətdir. Bu nəhəng gücün modernləşdirilməsi isə olduqca çətindir. Qərb mənbələri çox şişirtsələr də ölkənin real müdafiə büdcəsi 166 milyard dollardır. Bu rəqəm 2011-ci ildə ölkənin müdafiə büdcəsi 90 milyard dollar ətrafında idi. Müdafiə büdcəsinin artımı Çinin qlobal güc olmaq istəyi ilə düz mütənasibdir.

Çinin Strateji Raket Gücünün arsenalında uzun, orta və qısa mənzilli 500-dən çox raketin olduğu deyilir. Sahibi olduğu “DF 31” və “DF 41” raketlərinin uçuş məsafəsi 12 min kilometrə çatır. Çin ballistik-nüvə daşıya bilən iki “Jin” nüvə sualtı gəmisinə sahibdir. Raket daşıyıcıları və bombardmançı təyyarələri köhnə olsa da, qitələrarası zərbə gücünü xeyli artırıb.

Çin son illər milli istehsalı olan müdafiə texnologiyalarının ixracına başlayıb. Çin artıq silah bazarının qabaqcıl ölkələrindən biridir. Pekin xüsusilə ABŞ və Qərb dünyası ilə problemlər yaşayan ölkələrə silah sataraq onları tərəfinə çəkir. Boliviya, Venesuela, Kolumbiya və Argentina silahların böyük hissəsini Çindən alır. Nigeriya və Əlcəzair kimi bir çox Afrika ölkəsi isə neft əvəzində Çindən silah alır.

Çin Qərbin etirazına baxmayaraq, İran ilə Pakistana da silah və müdafiə texnologiyası satır. Çin İran ilə birlikdə nüvə və uzunmənzilli raket texnologiyaları üzərində işləyib. ABŞ Pakistanı Çinə verməmək üçün müxtəlif cəhdlər etsə də, İslamabad-Pekin hərbi əməkdaşlığı yüksək səviyyədədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm