Tanrıya doğru uçan şairin şərəfinə...
Bizi izləyin

Yazarlar

Tanrıya doğru uçan şairin şərəfinə...

“Şeir - tənhalıqdan əzab çəkən sözlərin ən gözəl qurtuluşu, Sözün ən məğrur, ən eşqli şəkildə Tanrıya doğru uçuşu...”

Hal əhli göydə tutdu ki, söhbət Vaqif Bayatlı Odərdən gedir. Çünki sözləri gözəl-gözəl, ard-arda düzüb Tanrıya doğru qanadlandıran bir şair var, o da cismən Yer üzündə olsa da, ruhən göy üzünə - Tanrı dərgahına məxsus olan Vaqif Bayatlıdır.

Bu gün ad günüdür. Mən yüzdə-yüz əminəm ki, onun doğuluşla bağlı özünün mücərrəd düşüncələri var, bizlər kimi düşünüb, bizlər kimi doğum günü törənləri keçirmir. Onu təbrik eləmək üçün çox cəhd etdim, amma əldə etdiyim telefon nömrələrindən biri cavab vermədi, o birindən də dedilər ki, səhv düşmüşəm. Bunu qismətə bağladım, çünki belə baxanda Vaqif Bayatlı birbaşa kosmosla əlaqə yaradan, Yer üzündəki insan əlinin yaratdığı texnikanın fövqündə dayanan, birbaşa Tanrıyla ünsiyyətdə olan bir məxluqdur.

Sözümü qəribçiliyə salmayın, Bayatlıya insan deməyə dilim gəlmir, hətta hərdən mənə elə gəlir ki, o, büsbütün ruhdan ibarət olan, hətta əl uzatsan, qeybə çəkilə biləcək qədər bir məxluqdur. Bizlərdən fərqli olaraq, məkana və zamana sığışmayan bir məxluq.

Məkan və zamandan söz düşmüşkən, yadıma illər öncə çox sevdiyim, ilk iş yerim olan “525-ci qəzet”də işlədiyim vaxt şairdən götürdüyüm bir müsahibə düşdü. Ona zəng edib vaxt təyin edəndə, Vaqif müəllim özünəməxsus bir tərzdə “mənim üçün zaman və məkan anlayışı yoxdur” dedi. Amma təbii ki, vaxt da təyin etdi. Qəsdən olmadı, amma vədələşdiyimiz vaxta yetişə bilmədim. Hətta azı, yarım saat yubandım. Xətrimi çox istəsə də, üzü dönmüşdü. Nəticəni gözləmədən ona zarafatyana öz sözünü xatırladım. Dedim ki, Vaqif müəllim, bəs deyirdiniz ki, sizin üçün zaman və məkan anlayışı yoxdur, indi nə oldu, yarım saatın söhbətini edirsiniz? O saat eyni açıldı və hətta bu ifadəm onun necə xoşuna gəldisə, masasının üzərindən mənə bir şokolad da ikram etdi...

Son zamanlar səhhətində yaranan problemlərlə bağlı jurnalistlərdən uzaq düşməsinə baxmayın, əvvəllər onunla tez-tez söhbətləşərdik. Bu söhbətlər mənə həmişə ləzzət edib. Nədənsə, onunla danışandan sonra insanın içində qəribə bir rahatlıq duyğusu yaranır. Bir neçə saatlığa da olsa, ətrafı, problemləri, insanların ikiüzlülüyünü, riyakarlığını, dondan-dona girərək necə dəyişdiyini unudursan və ona qoşulub, onun əlindən tutub göy üzünə doğru qanadlanırsan. Vaqif Bayatlı ilə bərabər yüksəlmək, saflanmaq, Tanrının ətəyindən tutub oturmaq, nəfəsini dərmək elə bir xoş hissdir ki… Bəlkə, o nəfəsalmadan sonra Yer üzünün çirkabında çabalamaq bir az asan gəlir adama...

Hava demişkən, bu yaxınlarda redaksiyamızda qonaq idi. Kult.az-dan yerlim və həmkarım Kəramət Böyükçöl dəvət eləmişdi. Mənə də müsahibə verəcəyinə söz vermişdi. Amma Kəramətin sualı dilinin ucunda qaldı. Bir onda eşitdik ki, şairin halı dəyişib. Dedi, havam çatışmır. Qoluna girib həkimə güclə çatdırdılar. Belə də ki, göy üzünün sakini olan, “Eheyy! Göyüzünün o üzündəkilər! Kimsiniz?" - deyib haraylayan Vaqif Bayatlıya Yer üzünün havası haradan çatsın?..

Tanrım, əzabı qıymırsan heç bir fikrə, heç bir sözə

Tanrım, özün duydurdun bu sirri,

Hər alın yazısı bir Tanrı şeiri,

Hər alın yazısı bir Tanrı şeiri,

Həm də duydurdun,

bəndələrə yazdırdığın sevincə

bəndədən də çox sevinirsən özün,

bilirəm, İlahi sevinci belə ola bilər ancaq

sevindirdiyi bəndədən

daha çox sevinir Tanrı özü,

Duyuram, qazandığımız əzab da

yenə bizdən çox əzab verir Sənin özünə…

Vaqif Bayatlı, Sizi danışdıra bilmədimsə də, özüm danışdım. Kimlərsə bu sözləri ad gününüzün şərəfinə söylənmiş tost kimi də qəbul edə bilər.

Amma nə yaxşı ki, varsınız, nə yaxşı ki, dünya sizin kimi varlıqlardan xali deyil. Arabir əlimizdən yapışıb, bizi də özünüzün fəxri qonaq seçildiyiniz göy üzünə aparın ki, heç olmasa, biz də bir neçə dəqiqəliyə də olsa, arınaq, saflanaq. Buna çox ehtiyacımız var...

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm