Duqin Bakıya gəlir: Kreml üç əsas adamını niyə “sındırır”- Təhlil
Bizi izləyin

Nida.az

Duqin Bakıya gəlir: Kreml üç əsas adamını niyə “sındırır”- Təhlil

Kremlin ideoloqu Aleksandr Duqin Bakıya gəlir.

Publika.az-a bu barədə Moskvadakı Azərbaycan diasporundan məlumat verilib.

Məlumata görə, Duqinin səfəri oktyabrın 10-da Minskdə keçiriləcək Avrasiya İqtisadi İttifaqının növbəti toplantısı ərəfəsində baş tuta bilər.

Jirinovskidən fərqli olaraq, Duqinə Azərbaycan tərəfindən dəvət göndərilməyib. Duqinin səfəri daha çox siyasi ekspertlərlə görüş, həmçinin Azərbaycanda rus dilinin tədris olunduğu məktəblərdə Avrasiyaçılıq haqqında məruzə nəzərdə tutulur. A. Duqin eyni məruzəni universitetlərin birində də edəcək.


Bu xəbərin nə qədər doğru olduğunu iddia etmək çətindir. Lakin son günlər Şimaldan Bakıya həmişəkindən fərqli olan “isti küləklərin” əsdiyi müşahidə olunur.

Azərbaycanı həmişə ciddi şəkildə tənqid edən, bəzən təhqirdən qaçmayan Jirinovski “şeytanın qıçını” sındırdı. Rusiyanın “sevimli” siyasətçisi bunu öz ağlı iləmi etmişdi?

Vladimir Jrinovski - Kremlin “söyən dili”: Bu dil Azərbaycanla bağlı dəfələrlə təhqiredici ifadələr işlədib.

Onun Azərbaycana, ümumilikdə türklərə qarşı dərin nifrəti var. Bunu adətən Sovetlər zamanı 70-ci illərdə Türkiyədə casus kimi həbs olunarkən həbsxanada başına gətirilən oyunlarla əlaqələndirirlər. O, Bakıya 90-cı illərdə gəlmək istəyirdi, lakin burda onu qəbul etmək istəmədilər.



Belə çıxışları kifayət qədər olan rusiyalı liberal siyasətçi Rusiya Krıma girərkən “Qarabağ da Rusiyaya birləşməlidir” iddiasını irəli sürdü.


Onun iki ay öncə “Rossiya 24” telekanalında Azərbaycanı tərifləməsi, ardınca da səfər etməsi təsadüfi deyildi. Canlı yayındakı çıxışının səfərə hesablandığı məlumdur, lakin ümumiyyətlə “nifrət dolu” Jirinovskinin qəfil “sevgilə” Bakıya doğru qanad açmasının arxasında özünün anlayışı dayanmır. Bütün ehtimallara görə, bu, Kremlin tapşırığıdır.

Jirinovskinin səfəri ərəfəsində daha bir ilginc dəyişilmə baş verdi. Həmin ərəfədə Bakıya səfər etmiş Kremlin mediada sözçüsü kimi tanınan, “Rosiya seqodnya” (keçmiş RİA-Novosti-red) agentliyinin baş direktoru Dmitri Kiselyov ölkəsinə qayıdandan sonra Azərbaycanı bir xeyli tərifləyərək başqa ölkələrə nümunə göstərdi.


“Məsələn, Almaniya və Yaponiya kimi böyük dövlətlər üçün də Azərbaycan nümunə ola bilər. Bu gün Azərbaycanın müstəqilliyi daha çox özünə “mənəm-mənəm” deyən dövlətlərə də nümunədir. Buna görə də mən Merkel və Sindzo Abeninə Bakıya baş çəkməyi və bu inkişaf edən ölkənin prezidenti ilə görüşməyi məsləhət görərdim”, - deyə o bildirib.

D. Kiselyov: Daha çox post-sovet ölkələri, eləcə də Azərbaycanı qıcıqlandıran açıqlamaları ilə yadda qalır.

Misal üçün, bu ayın əvvəlində onun rəhbərlik etdiyi agentlikdə Azərbaycana qarşı informasiya təxribatı baş verdi. Agentlik özünün İrəvan müxbirinə istinadən qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyinin” 23 illiyi ilə bağlı məqalə yaydı. Məqalədə qondarma “DQR”-in “müstəqillik tarixi” də təhrif olunub. Yaxın onilliklərdə baş vermiş hadisələr və faktlar ermənilərin xeyrinə saxtalaşdırılıb, əhalinin əksəriyyətinin ermənilərdən ibarət olduğu qeyd edilib.

Bu, Kiselyovun rəhbərlik etdiyi agentliyin ilk təxribatı da deyil. 2013-cü ilin fevralında agentliyin müəllifi Vadim Dubnov tərəfindən yazılan “Dağlıq Qarabağ 25 il ərzində tanınmamağa öyrəşmişdir” adlı məqalə dərc olunub. Məqalənin yayımı rəsmi Bakının Moskvaya notasından sonra dayandırılıb.

Kiselyovun bu ayın əvvəlində etdiyi əməldən sonra ayın sonu Azərbaycanı mədh etməsi təsadüfi deyil. Onun bu mətləbə Kremlin tapşırığı ilə gəldiyi şübhəsizdir.


Nəhayət, Duqin: Kremlin təhdid dili: Sifət quruluşundan Rasputinə bənzəyən Duqin Rusiyanın imperialist siyasətinin öndə gedənlərindəndir. Avrasiyaçılıq, onun əsas ideologiyası budur və Kreml dalanlarında onun tezisləri daim istifadə olunur.


Duqinin Azərbaycanı təhdid edən çıxışlarına zaman-zaman rast gəlinir. Onun sonuncu belə açıqlaması Ukrayna hadisələri fonunda olmuşdu və Bakı milli azlıqlarla təhdid edilmişdi.


Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsindən qəzəblənən Duqin Bakının Rusiyaya qarşı çıxdığını qeyd edib: “Amma Saakaşvili və Kiyev hakimiyyətinin aqibəti bizə göstərir ki, belə siyasətin sonu nə ilə qurtarır. Əgər Rusiya Azərbaycana qarşı çıxacaqsa, əlində Dağlıq Qarabağ amilindən savayı istifadə edəcəyi başqa amillər də var. Azərbaycandan fərqli olaraq Ermənistan özünü sadiq dost kimi göstərdi. Biz bunu qiymətləndiririk. Azərbaycan isə bizi gözləmədən satdı, bunu da qiymətləndiririk. Biz susacağıqmı, xeyr. Onlar özünü məhv etmə yolu ilə gedirlər”.

Əgər Duqinin Bakıya gəlməsi reallaşarsa, bu, Kremlin üç “atəşi” birdən söndürməsidir. Rusiya Azərbaycana “xüsusi sevgi” göstərir. Hansı ki, Ukraynadan sonra sanksiyalar məngənəsindən çıxmağa Moskvaya məhz Bakı yardımçı olacaq. Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının Bakıda keçirilən iclasında sanksiyalara qarşı qarşılıqlı təpkilər, həmçinin, Azərbaycan məhsullarının Moskva bazarlarına çıxışı haqqında razılaşmalar kreml üçün hava-su kimi lazımlı idi. Bakı bu “gözəlliyi” Moskva üçün etdi. Təbii ki, Rusiya bunun qarşılığında onu təhqir edənləri Bakının ayağına qədər gətirməklə “sındırmış” oldu, həm də bununla öz jestini edir.


Bakıya xüsusi diqqətin əsas səbəbi Qərbə meyillənmək qorxusudur. Hansı ki, Qərb bunu sevə-sevə qəbul edərdi və hazırda bu istiqamətdə çalışır. Eyni ssenarilər üzərində Moskva da işləyir, lakin Bakını dirənişi fonunda Moskvaya hazırkı balans siyasəti də sərf edir. Bu, ən azından, Rusiyaya arxa çevirmək demək deyil. Belə bir məqamda Kremlin öz ruporlarını Bakının önündə diz çökdürərək sındırması heç də təəccüblü deyil.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm