Bakıda "Bal ayı" başladı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda "Bal ayı" başladı - FOTOLAR

Arı şanı, bal, propolis, arı yağı və daha nələr. Hər il olduğu kimi müxtəlif rayonlardan arıçılar əldə etdikləri müxtəlif növ məhsulları həm sərgiləyib, həm də satışa çıxardılar.

Hər il müxtəlif problemləri ilə yadda qalan arıçılıq məhsullarının yarmarkası əvvəlkilərdən fərqlənməli idi. Ən azından Kənd Təsərrüfatı Nazirliyi belə proqnoz vermişdi.

Nazirliyin açıqlamasına görə, ilk növbədə qiymətlər sərbəst olacaq, satış sıraları dəqiq müəyyən ediləcəkdi. Saxta məhsulların satışa çıxarılmaması üçün də nazirlik kodlaşdırma prinsipi tətbiq edib.

Yeniliklərlə yerindəcə tanış olmaq üçün metronun "28 May" stansiyasının yaxınlığında, keçmiş ayaqqabı fabrikinin binasında arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasında olduq.

Yarmarkaya 400-dən artıq arıçı, 2 yüz tondan artıq məhsul çıxarıb. Bu il yarmarkada satılan bal əvvəl rayon baytarlıq idarəsində yoxlanılıb, kodlaşdırılıb, ad bəlli olmadan paytaxta gətirilib. Burada baytarlar tərəfindən yenidən yoxlanılıb.

Bu il yeniliklərdən biri də kənd təsərrüfatı naziri Heydər Əsədovun şəxsən yarmarkaya gəlməsi oldu. Nazir, demək olar ki, hər bir arıçı ilə danışıb onların problemlərini dinlədi. “Həll edəcəyik” deməklə kifayətlənməyib, arıçıların problemlərinin həlli üçün onlarla fikir mübadiləsi aparırdı.

Məhsulların qablaşdırılmasına toxunan nazir xüsusi qablaşdırmanın vacib olduğunu vurğuladı. Sərgini gəzdikdən sonra jurnalistlər qarşısına keçən nazir bildirdi ki, yoxlamalar nəticəsində 3.5 ton məhsul saxta olduğu üçün yarmarkaya buraxılmayıb.

“Normal məhsul bazar iqtisadiyyatının tələblərinə uyğun satılmalıdır. Məhsul satışı alıcılarla satıcılar arasında razılaşma əsasında müəyyən edilir. Burada olmağıma səbəb arıçıların problemlərini yerindəcə öyrənməkdir. Burada həm alıcıları, həm də Arıçılar Assosiasiyasının üzvlərini dinlədim. Dərman preparatları ilə, balın tərkibinin yoxlanılması ilə bağlı laboratoriya təminatında görüləcək işlərimiz var.

Arıçılıq damazlıqların yetişdirilməsi, müalicə üsulları ilə bağlı strateji hədəflər müəyyən ediləcək. Gələcəkdə bu sahədə yeni konsepsiya qəbul ediləcək ki, arıçılıq məhsulları normal marketinq həyata keçirilərək satılsın. Yeni arı cinsləri gətirmək, damazlıq arı cinsləri yetişdirmək, yaxud mikro kreditlər verməklə bal istehsalına dəstəyi ciddi şəkildə artıracağıq”.

Nazirin təklifləri və digər yeniliklər barədə alıcı və satıcıların da fikirlərini öyrəndik.

Əslən Kəlbəcərdən olan Sabir Mustafayev Daşkəsəndən bal gətirib. O, bu il məhsuldarlığın az olmasından şikayətlənir.

“Keçən il hər pətəkdən 15 kq, bu il 4-5 kq bal götürmüşük. Amma bu il qiymətin sərbəst olması bizi bir az rahatladıb. Aran yerinin balı ucuz başa gəldiyindən onu 15 manata, dağ yerinin balını 25 manata veririk. Keçək il qiymət standart idi, bu da satıcıları narazı salırdı. Ona görə də dağ balını bura gətirmirdik, hamı 25-30 manata evində satırdı”.

S.Mustafayev nazirin balın qablaşdırılaraq satılmaması ilə bağlı iradına da münasibət bildirib. Onun sözlərinə görə, qablaşdırma kütləvi olmalıdır, çünki alıcı qablaşdırılmış balın saxta olduğunu düşünür:

“Beş il əvvəl öz istəyimlə balı qablaşdırdım. Amma hamı mağaza balı olduğunu deyib almadı. Ondan sonra bir də qablaşdırmadım. Ona görə də bu iş kütləvi olmalıdır ki, inam da olsun”.

Lerikdən olan Səxavət Xalıqlı bu il keçən ilə nisbətən 30-35% az məhsul əldə etdiyini deyir:

“430 arı ailəsindən 1.8 ton məhsul əldə etmişəm, onun 650 kilosunu yarmarkaya gətirmişəm. 5-6 günə satıb qurtaracam.

Alıcılar ən çox süzmə bal alır. Amma satışa ancaq bal yox, bal yağı, şanı, propolis gətirmişəm. 20 manata satacam, bundan aşağı verə bilmərəm. Çünki onda xərclərimiz başa-baş ödənilir, özümüzə əlavə qazanc olmur. Qazancımız olmayanda yarmarkaya həvəs də olmur”.

Daskəsənin Xoşbulaq yaylağından yarmarkaya bal gətirən Yeganə Muradova alıcıların az olmasından narazıdır. Onun sözlərinə görə, bu da yerin bir az gözdən kənar olması ilə bağlıdır.

“Yarmarka hər il müxtəlif yerlərdə təşkil olunur. Bu da alıcıların yeri tapmasına mane olur. Keçən il dəniz vağzalında idi, ora turistlər gəlmişdilər, birinci gündən axın çox idi. Bu il gördüyünüz kimi alıcı azdır”.

O, bu il qiymətin sərbəst olmasından razı qalsa da, daimi alıcıların buna uyğunlaşmadığını deyir:

“Daimi müştərilərim yenə də 15 manata almaq istəyir, məcbur qalıb güzəşt edirəm. Amma ilk dəfə gələnlərə 25-30 manata satıram. Çünki satdığımız qiymət çəkdiyimiz xərci ödəməlidir. Dərmanlar, yeşiyin hazırlanması üçün avadanlıqları özümüz alırıq”.

Şəkər Quliyeva Hacıkənddən bu il 300 kiloqram bal gətirib. 15 manata satacağını deyir. Balı geri qaytarmaq çətin olduğundan qiymət məsələsində alıcıları razı salmağa çalışır.

Daşkəsəndən bal gətirən Məzahir İmanov deyir ki, 15 manata satılan baldan keyfiyyət gözləməyin.

“Yaxşı bal 20 manatdan yüksək olmalıdır. Amma alıcıların büdcəsini də nəzərə alacağıq. Elə qiymətə satmalıyıq ki, çəkdiyimiz xərci götürə bilək. Dəstək olarsa, arı ailələrin sayını artırarıq, bu da əlavə işçilər deməkdir. İnsanlar üçün iş yeri olar. Həm də çox məhsul əldə edib, daha ucuz satarıq. Bu il quraqlıq olduğuna görə, məhsul az oldu. Keçən il hər arı ailəsindən 10 kq bal götürmüşdüksə, bu il 8 kq götürə bildik”.

Satıcıların da dediyi kimi, yarmarkada alıcı tapmaq xeyli çətin oldu. İş o yerə çatmışdı ki, satıçıların müştərilərə yalvarmalı olurdular. Təxminən 10-15 dəqiqəlik söhbətdən sonra çox az halda alıcı satıcıların üzünü güldürürdü.

Alıcıların qiymətin baha olmasından şikayətlənirdilər. Təranə adlı xanım qiymətin artmasının düzgün qərar olmadığını deyir:

“Qiymətlər qalxıb, bu, alıcılara sərf eləmir. Amma gəlmişik, heç olmazsa, 1 kq almalıyıq”.

Bəzi alıcılar isə qiymət yüksək olsa da, endirim də edildiyini dedi.

Satış yarmarkası oktyabrın 30-dək davam edəcək.

Gülxar

Fotolar Elçin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm